“Gülər Əhmədova göstərmək istəyir ki, müxalifətin hədəfindədir...” - CAVAB
09 oktyabr 2012 15:51 (UTC +04:00)

“Gülər Əhmədova göstərmək istəyir ki, müxalifətin hədəfindədir...” - CAVAB

“Sabiq deputat Gülər Əhmədova artıq neçənci dəfədir ki, qəzetimizi hədəfə alan ittihamlarla çıxış edir. Bu, məni təəccübləndirir. Lakin məqsədini anlayıram. Gülər Əhmədova belə bir görüntü yaratmaq istəyir ki, o, müxalifət düşərgəsinin hədəfindədir, hər şeyi bu düşərgəyə aid bir qəzet mürəkkəbləşdirir. Əslində isə onun vəziyyətini özü, düşünülməmiş hərəkətləri və açıqlamaları ilə, pisləşdirir”. Lent.az-ın musavat.com saytına istinadən verdiyi xəbərə görə, bunu sabiq millət vəkili Gülər Əhmədovanın qəzetinə yönəlik ittihamlarına cavab verən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.

R. Arifoğlu bildirib ki, “Yeni Müsavat”, eləcə də digər KİV-lər ölkənin gündəmini dəyişən, konkret bir cinayət əməli barədə yazılar yazır, bu əməldə əsas şübhəli bilinən Gülər Əhmədova və Elşad Abdullayevin hərəkətlərini izləyərək, onları əks etdirməyə çalışır: “Bu məsələdə bizim xüsusi qərəzimiz yoxdur, ola da bilməz. Üstəlik, hörmətli Gülər xanım haqqında onun partiya yoldaşlarından, iqtidar mənsublarından kəskin ifadələr işlətməmişik. Dövlətin və hakim partiyanın rəhbərləri Gülər Əhmədobanın məlum videodakı hərəkətlərini konkret olaraq dələduzluq kimi qiymətləndirmiş, onun bu cunayəti törətdiyini etiraf etmişlər. Hazırda onun mandatı əlindən alınmış, barəsində cinayət işi açılmış, ölkədən çıxmasına yasaq qoyulmuşdur. Belə bir vəziyyətdə, əsas məsələləri, taleyi ilə bağlı hökm verənlərin münasibət və qərarlarını kənarda buraxaraq, bir qəzeti hədəfə alması yersiz və gülünc görünür. Gülər xanımın problemi “Yeni Müsavat” qəzeti deyil. Onun problemi başqadır və yaxşı olar ki, onlarla məşğul olsun”.

R. Arifoğlunun sözlərinə görə, əslində “Yeni Müsavat”la problemi olan instansiya məhz Elşad Abdullayev olmalıdır: “Çünki onun bu ilin əvvəllərində “Azadlıq” qəzeti vasitəsi ilə yaydığı müvafiq açıqlamaları məhz bizim qəzet əks -arqumetlərlə vurmuşdu. O səbəbdən də bizimlə E. Abdullayev arasında ciddi konfliktlər yaşanmış, məsələ məhkəmə təhdidlərinə qədər gedib çıxmışdı. Lakin artıq onun ortaya çıxartdığı faktlar o dərəcədə təkzib oliunmaz, o dərəcədə aydındır ki, hətta Gülər xanımın partiyadaşları, yaxın dostları da ona heç bir dəstək verə bilmirlər. Biz də, bir qəzet olaraq, olanları yazır, oxucu tələbatından çıxış edərək, bir sıra gizlinlərə işıq tuturuq. Eləcə də, onun “facebook” səhifəsində yazdığı “Xoruz baba” statusunun şifrəsini də biz çözmüşük. Təbii ki, bu cür fəaliyyətimiz Gülər xanıma xoş gəlmir, bu səbəbdən də üzərimizə hücum edir. Lakin bu dəfə də yanlış yapır. Onun üçün ən yaxşı olan budur ki, indiki anda heç olmasa sussun, istintaqın nəticələrini gözləsin, sağa-sola hücum etməsin. Bundan belə hansı hərəkəti etsə, yenə də öz vəziyyətini pisləşdirəcək”.
# 2887

Oxşar yazılar