Partiya sədri: “Uşaq hazırlaşdırıram, inək, at, toyuq-cücə saxlayıram...” - MÜSAHİBƏ
03 oktyabr 2012 16:04 (UTC +04:00)

Partiya sədri: “Uşaq hazırlaşdırıram, inək, at, toyuq-cücə saxlayıram...” - MÜSAHİBƏ

Onlar anadan müğənni, hüquqşünas, siyasətçi, jurnalist, yazıçı doğulmayıblar. Hamı kimi məktəbə gedib, çoxları kimi ali təhsil alıb müxtəlif peşələrə yiyələniblər. Amma həyat bəzən onları öz sevimli peşələrindən də ayrı salıb. Bir müddət sonra tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər.

Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağını təqdim edir. Çoxdandır səsi gəlməyən, bəziləri üçün kiçik görünən, amma iddiası yerə-göyə sığmayan Azadlıq Partiyasının sədri Əhməd Orucdur budəfəki qonağımız.

Çoxları onu bir siyasətçi, partiya sədri kimi tanıyır. Lakin o, həm də deyilənə görə, gözəl riyaziyyatçıdır. Qazaxın Kəsəmənli kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olur. Dediyinə görə, həm orta məktəbdə, həm də ali məktəbdə dərslərini yaxşı oxuyub. Riyaziyyata olan marağı isə atasından keçib.

“Dekart ola bilmədim”

- Mən orta məktəbi 1976-cı ildə bitirmişəm. Rayon olimpiadalarında riyaziyyat, kimya və fizika üzrə həmişə ilk yerləri tutmuşam. Təhsil aldığım müddətdə əla oxumuşam, “dörd”üm olmayıb. O ki qaldı mənim riyaziyyata marağıma, qeyd edim ki, mənim atam da riyaziyyatçı olub. O, əksər ciddi riyaziyyatçılar tərəfindən tanınırdı. Hətta mən imtahan verəndə məndən atamın kim olduğun soruşdular və atamın adını söylədikdə, həmin müəllim mənim atamı tanıdı. Atam Qazaxdan öncə Tovuz rayonunun məktəblərində də dərs deyib. Məndə də bu sahəyə maraq ondan yaranıb. Ali təhsilə gəldikdə, mən Azərbaycan Dövlət Universitetinin riyaziyyat fakültəsində təhsil almışam. İlk vaxtda universitetdə müəllim qalıb işləmək istəyirdim.

- Bəs Dekart ola bildinizmi?

- Yox, ola bilmədim.

- Özünüz istəmədiniz, yoxsa gücünüz çatmadı?

- Mən riyaziyyatla çox az məşğul oldum. Universiteti qurtardıqdan sonra elmi iş götürmüşdüm. Elmi rəhbərim işimi götürüb, başqasına verdi. Bütün bunlara görə universitetdən aralandım. O zaman fakültəmizin tanınmış müəllimlərindən olan Hacı Hacıyevin təklifi ilə başladım işləməyə. Bütün bunlar 1983-cü ilə qədər davam etdi. Sonra məlum oldu ki, nə qədər savad baxımından güclü olsan da, aspiranturaya daxil olmaqdan ötrü ödəniş etməlisən. Həmin məsələyə qədər mən universiteti, müəllimləri başqa obrazda təsəvvür edirdim. Açığı, aspiranturaya daxil olmaqdan ötrü məndən 3 min manat (o dövrkü pulla) rüşvət istədilər. Mən də razılaşmadım. Hacı müəllim dedi ki, tapşıraram, 2 min manata həll edərlər. Bu dəfə də razılaşmadım, onda Hacı müəllim təklif etdi ki, həmin pulu özü ödəsin. Yenə razılaşmadım. Sonra nə qədər məni dəvət etsə də, getmədim.

- Belə çıxır ki, rüşvət məsələsinə görə, aspiranturada daxil olmaq fikrindən vaz keçdiniz?

- Müəllimlərin həmin dövrdə həyat tərzini görürdüm. Müəllim həyatı mənim üçün çox darıxdırıcı görünürdü. Bundan sonra qeyd etdiyim rüşvət məsələsi də ortaya çıxdı və mənim bu sahəyə marağım öldü.

“Hazırlaşdırdığım uşaqların hamısı tələbə oldu”

- Eşitdiyimizə görə, repetitorluqla məşğulsunuz.


- Mən repetitorluqla elə də çox məşğul olmamışam. Yaxın adamlarımın uşaqlarını ali məktəblərə hazırlaşdırmışam. Bir dəfə yaxın dostlarımdan biri mənə dedi ki, uşağı repetitor yanına göndərməyə imkanım yoxdur. Dedim, narahat olma, mən o uşağı hazırlaşdıraram. Qəbul imtahanında həmin uşaq riyaziyyat fənnindən 25 sualdan 22-ni yazmışdı. Beləliklə, həmin şəxs ali məktəbə qəbul oldu. Bundan başqa öz oğlumu, qohumlarımın övladlarını hazırlamışam.

- İndi necə, ali məktəbə abituriyent hazırlayırsınızmı?

- İndi də öz oğlumu, bir də qardaşımın oğlunu hazırlayıram. Yəni kənar insanları hazırlamıram. Açığı, buna vaxtım yoxdur. Öz yaxınlarımın övladlarını da məcburiyyət qarşısında qalıb hazırlaşdırıram. Yəni siyasi məsələlərlə məşğul olduğumdan repetitorluğa vaxt ayıra bilmirəm. Deməyim odur, məqsədli şəkildə repetitorluqla məşğul olmamışam.

- Ali məktəbə hazırlaşdırdığınız şəxslərin neçəsi tələbə adını qazana bilib?

- Demək olar ki, hamısı...

- Orta məktəbdən və yaxud universitetdən sizə dərs demək təklif etsələr, razılaşarsınızmı?

- Yox, razılaşmaram. Çünki mən siyasətlə məşğul olduğum üçün vaxtım yoxdur. Düzdür, müəllim sənətini yüksək qiymətləndirirəm. Amma mən siyasəti daha önəmli, daha zəruri hesab edirəm. Azərbaycanda əxlaqlı siyasətlə məşğul olanlar çox azdır. Ona görə, mən görsəm ki, mənim siyasi fəaliyyətim hər hansı müəllimin işindən faydasızdır, onda bəlkə müəllimliklə məşğul ola bilərəm.

- İqtidardakı şəxslərdən kimsə övladına repetitorluq etməyi sizdən xahiş etsə, razı olarsınızmı?

- Yox razı olmaram. Çünki onların siyasi mövqeyi ilə mənim siyasi mövqeyim üst-üstə düşmür.

- Bəs müxalifətçilərdən belə bir təklif gəlsə necə?

- Hamısının təklifini qəbul etmərəm. Bilsəm ki, hansının imkanı yoxdur və hansı öz əqidəsində düzgündür, əxlaqına inandığım adam olsa, onların övladlarını ali məktəblərə hazırlayaram.

“Atım, toyuq-cücəm və lal ördəklərim var”


- Sizə ali məktəbdə hansı məşhur riyaziyyatçılar dərs deyib?


- Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universitetində) təhsil aldığım dövrdə mənə çox məşhur adamlar dərs deyib. İlk dekanım Rüstəm Soltanov olub. Çox ləyaqətli adam idi. Bizim qrupda maddi durumu zəif olan tələblər də vardı. Rüstəm müəllim onlara rayonlarına-evlərinə getmək üçün pul verirdi. Ondan sonra bizim dekanımız akademik Arif Babayev olub. Bundan başqa Sadiq Abdullayev mənə dərs deyib. O da çox ləyaqətli və savadlı müəllim idi. Mən oxuyan dövrdə Misir Mərdanov fakültəmizin dekan müavini idi. Amma mənə dərs deməyib.

- Onu da eşitmişik ki, repetitorluqla yanaşı, kənd təsərrüfatı ilə də məşğul olursunuz.

- Mən kənddə doğulmuşam, böyümüşəm. Ev işlərini əsasən mən görmüşəm. Yəni ot biçmişəm, meşədən odun gətirmişəm, mal-qara, qoyun-quzu otarmışam. Bundan əlavə, əkinçiliklə də məşğul olmuşuq. İndinin özündə də mən boş oturan adam deyiləm. Hazırda mənim şəhərin kənarında təsərrüfatım, bağım var. Həmin təsərrüfatda inək, at, toyuq-cücə və lal ördəklər saxlayıram. Yəni mən dolğun bir həyat yaşayıram. Hərdən fikirləşirəm ki, mən bir deyil, bir neçə insanın həyatını yaşayıram.

- Partiyada tək darıxmırsınız ki?

- Mən partiyada dinc oturmuram. Ya internet vasitəsi ilə informasiyaları oxuyuram, ya tədbirlərdə oluram, ya da jurnalistlərə müsahibə verirəm.

Sonda Əhməd bəyi bir balaca sınağa çəkdik. Yox, dediyi kimi varmış. Pifaqor teoremini bir göz qırpımında isbat elədi. Lap bəyanat verirmiş kimi…

Anar Məcidzadə
# 4118

Oxşar yazılar