Sərdar Cəlaloğlu: “Müxalifət özünü itirib...” - MÜSAHİBƏ
03 sentyabr 2012 19:04 (UTC +04:00)

Sərdar Cəlaloğlu: “Müxalifət özünü itirib...” - MÜSAHİBƏ

Müxalif düşərgədə 2013-cü ildə keçiriləcək prezident seçkilərinə hazırlıq yönündə səylər müşahidə olunur. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, müxalifət yenə eyforiyadadır, məğlubiyyətini hazırlayır...

- Müxalifət düşərgəsi daxilində vəziyyəti necə qiymətləndirirsiniz?

- Azərbaycan müxalifəti ekstremal vəziyyətlərdə özünü itirir. İndi də prezident seçkiləri gəlir, yenə də müxalifət özünü itirib. Bir sözlə, müxalifətin məğlubiyyəti hazırlanır.

- İctimai Palatanın siyasi proseslərə təsiri hansı səviyyədədir?

- İctimai Palatanın siyasi hadisələrə təsiri olmayıb. İctimai Palata bir qurum kimi özünü təsdiq mərhələsindədir. Yəni hadisələrə təsir etmək mərhələsinə qalxa bilməyib. Lakin İctimai Palata düzgün qərar qəbul etməsə, seçki dövründə dağılacaq.

- Yəqin ki, vahid namizəd məsələsini nəzərdə tutursunuz. Ümumiyyətlə, müxalifətin prezident seçkilərinə vahid namizədlə qatılması mümkündürmü?

- Vahid komanda, proqram olmasa, vahid namizəd ola bilməz. Vahid komanda və vahid proqram olmadan vahid namizəd ideyası absurddur. Belə vahid komanda və vahid proqram isə yoxdur.

- Pessimist danışdınız. Maraqlıdır, müxalifətin gələcəyini necə görürsünüz?

- Ümid edirəm ki, seçki yaxınlaşdıqca hamının ağlı başına gələcək. Çox adam indi düşünür ki, prezidentliyə namizəd olacaq... Eyforiyadadırlar, işin nə qədər olduğunu anlayandan sonra başa düşəcəklər.

- Bəs Qarabağ bloku necə, özünü doğruldurmu?

- Qarabağ blokunun fəaliyyətini zəif hesab edirəm. Biz bu blokda iki partiyayıq, bu blokdan ortaq mövqeyi müəyyənləşdirmək üçün istifadə edirik.

- Bəs niyə digər partiyaları bu bloka dəvət etmirsiniz?

- Kriteriyamıza uyğun olan partiyalar yoxdur.

- Ayrılıqda ADP-nin siyasi səhnədə rolu hansı səviyyədədir?

- Partiyamız yaranandan gündən demokratik dəyərləri ardıcıl müdafiə edib. Amma 1996-2005-cı illərdə, Rəsul Quliyevin partiyanın sədri olduğu dönəmdə hakimiyyət uğrunda mübarizə aparmışıq. İndi isə ADP hakimiyyətin effektli idarə edilməsi, ölkədə mütərəqqi islahatların həyata keçirilməsi istiqamətində çalışır.


Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1783

Oxşar yazılar