Sabirabad RİH-dən Rəsulzadənin büstü ilə bağlı açıqlama
03 sentyabr 2012 18:19 (UTC +04:00)

Sabirabad RİH-dən Rəsulzadənin büstü ilə bağlı açıqlama

RİH-in mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, son günlər bir sıra KİV-də ADR-ın qurucularından olan Rəsulzadənin Sabirabad rayonundakı büstünün götürülməsi barədə ziddiyyətli fikirlər səslənir, müxalifət mətbuatı, həmçinin Müsavat və AXCP bunu görkəmli şəxsiyyətə hörmətsizlik hesab edir: “Bununla əlaqədar aşağıdakıları bildirməyi vacib hesab edirik. Əslində, götürülən büst sovetlər dövründə Leninin büstü olub. 1992-ci ildə AXC-Müsavat hakimiyyəti dövründə onlar M. Ə. Rəsulzadəyə çox böyük hörmətsizlik ediblər. Belə ki, Sabirabad rayon Partiya Komitəsinin inzibati binasının (indiki RİH-nın binası) giriş hissəsinin sol tərəfindəki küncdə o vaxtkı Kommunist Partiyası Siyasi Bürosunun üzvlərinin portretləri asılmış lövhənin qarşısındakı Leninin büstünün baş hissəsinə əl gəzdirərək Rəsulzadəyə oxşadıb, bununla da, görkəmli şəxsiyyətə qarşı böyük sayğısızlığa yol veriblər.


Adicə baxışla da görmək mümkün idi ki, “büst” Leninindir. Çünki onun heykəllərində, büstlərində həmişə gördüyümüz bütün əlamətlər bu büstdə də əksini tapıb: sol əli cibində, sağ əli oraq-çəkicin üzərində (sonradan oraq-çəkic ay-ulduzla əvəz edilib), üstəlik kostyumu və məşhur saatı da yerində. Rayonun yaşlı sakinləri, həmçinin rayon partiya komitəsində uzun illər məsul vəzifədə çalışan şəxslər də 1992-ci ildə həmin mərmər lövhənin qarşısında “Lenindən Rəsulzadə düzəldildiyini” dəfələrlə kütləvi tədbirlərdə və mətbuat səhifələrində vurğulayıblar.


Uzun illər Sabirabad rayon Partiya Komitəsinin II katibi işləmiş, hazırda rayon Ağsaqqallar Şurasının sədri vəzifəsini daşıyan Hacı Şərif Məmmədbəyov, 20 ildən çox rayon Partiya Komitəsində müxtəlif vəzifələrdə, o cümlədən katib vəzifəsində çalışan və ideoloji işə rəhbərlik edən, Ziyalılar Cəmiyyəti rayon təşkilatının sədri Böyükağa Həmidov, şəhər mədəniyyət evinin rejissoru Seyidməmməd Əliyev, şəhər sakinləri Hacı Əşrəf İmanov, Əliqardaş Ağayev və yüzlərlə başqaları deyilənləri konkret faktlarla ifadə ediblər.

Rayon ictimaiyyətinin çoxsaylı müraciətlərini nəzərə alaraq, həmçinin vaxtilə M. Ə. Rəsulzadəyə qarşı onun “ideya tərəfdaşları” tərəfindən edilən hörmətsizliyi aradan qaldırmaq üçün Sabirabad RİH-nin qarşısından uzun illər söz-söhbətə səbəb olmuş bu büst götürülüb. Onu da qeyd etmək lazımdır ki, büstün yerləşdiyi meydanda əsaslı yenidənqurma işləri aparıldığından əraziyə giriş tikinti qaydalarına uyğun olaraq podratçı təşkilat tərəfindən bağlanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256

Oxşar yazılar