Macarıstan Azərbaycana nota verib
02 sentyabr 2012 23:50 (UTC +04:00)

Macarıstan Azərbaycana nota verib

APA-nın Macarıstan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, J. Nemet avqustun 31-də Azərbaycana qaytarılmış Ramil Səfərovun əfv edilməsi ilə bağlı Macarıstanın mövqeyini çatdırıb.

J. Nemet Macarıstanın diplomatik notasını səfirə təqdim edib.

Notada Macarıstan XİN-in R. Səfərovun cəzasının qalan hissəsini çəkməməsindən narahatlığı ifadə olunub.

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dünən mətbuata yaydığı açıqlamasında qeyd edib ki, məhkum olunmuş şəxslərin cəzalarının qalan hissəsini çəkmək üçün təhvil verilməsi Avropa Şurası çərçivəsində 1983-cü ildə qəbul edilmiş "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası ilə tənzimlənir:” Həmin Konvensiyaya görə, sənədə qoşulmuş ölkənin ərazisində mühakimə olunmuş şəxs cəzasının qalan hissəsini çəkmək üçün sənədə qoşulmuş digər ölkəyə verilə bilər. Konvensiya hətta mühakimə olunmuş şəxsin onun barəsində son məhkəmə hökmü çıxarılandan sonra təhvil verilməsini də əngəlləmir.

Ramil Səfərovun təhvil verilməsində həm Macarıstan, həm də Azərbaycan Konvensiyanın tələblərinə tam əməl edib. Azərbaycan tərəfi hökmün icrasının davam etməsi proseduruna dair bütün lazımi hüquqi informasiyaları çatdırıb. Təqdim olunmuş informasiyalar əsasında Macarıstan tərəfi Ramil Səfərovu təhvil verməyə razılaşıb".

Fuad Ələsgərovun sözlərinə görə, Ramil Səfərovun əfv olunması ilə bağlı bir məsələni xüsusi vurğulamaq lazımdır ki, Macarıstan məhkəməsinin çıxardığı hökm yalnız məhkumun hökm çıxarılandan 30 il müddətində vaxtından əvvəl şərti azadlığa buraxılması imkanlarını məhdudlaşdırır. Bu məhdudiyyət məhkumun əfv olunması və ya amnistiyaya salınması imkanlarına aid edilmir.

"Ramil Səfərov, təhvil verilmə haqqında Konvensiya nəzərə alınaraq, Azərbaycan Konstitusiyası və qanunvericiliyi əsasında əfv edilib. Konvensiyaya əsasən, hər bir tərəf əfv, amnistiya elan edə və ya ölkə Konstitusiyası, yaxud digər hüquqi aktlar əsasında məhkumun cəzasını azalda bilər".

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasına əsasən, əfv prezidentin müstəsna hüququdur. Azərbaycanın cinayət qanunvericiliyinə əsasən, ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin cəzası 25 ildən yuxarı olduqda onlar əfv edilə bilməz.

"Ramil Səfərov 2004-cü ilin 19 fevralından həbsdədir və cəzasının 8 il yarımını çəkib. Bunlar əsas götürülərək, Ramil Səfərov əfv sərəncamı ilə azadlığa buraxılıb. Odur ki, Macarıstanın Ramil Səfərovu cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycana təhsil verməsi proseduru və onun əfv edilməsi "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğundur".
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1986

Oxşar yazılar