Azay Quliyev: “Prezident Ramili bir an belə unutmadı...”
31 avqust 2012 15:37 (UTC +04:00)

Azay Quliyev: “Prezident Ramili bir an belə unutmadı...”

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ramil Səfərovun əfv edilməsi barədə sərəncam verib və Ramil Səfərov artıq Bakıda, ailəsinin yanındadır.

Ramil Səfərovun Hüquqlarını Müdafiə Komitəsinin üzvü Azay Quliyev Lent.az-a açıqlamasında bildirib ki, zabitimizin azadlığa buraxılmasında ölkə başçısı İlham Əliyevin müstəsna xidmətləri olub: “Əvvəla, mən bütün Azərbaycan xalqını, ictimaiyyəti, Ramilsevərləri təbrik etmək istəyirəm. Nəhayət ki, haqq-ədalət öz yerini tapdı, böyük bir ədalətsizlik aradan qaldırıldı və Ramil Səfərov Azərbaycana ekstradisiya edildi. Bu çox böyük hadisədir, insanlarda böyük ruh yüksəkliyi yaradır. Mən həm də cənab prezident, Ali Baş Komandana da minnətdarlığımı, təşəkkürümü çatdırmaq istəyirəm. Cənab prezident məlum hadisə baş verəndən sonra bir an belə Ramili unutmadı. Ölkə başçısı ictimaiyyətin bilmədiyi çoxlu addımlar atdı, müxtəlif orqanlara, təşkilatlara müvafiq göstərişlərini verdi. Bu bir daha göstərir ki, İlham Əliyev Ramil Səfərovun məsələsinə nə qədər həssas, diqqətlə yanaşıb”.

A.Quliyev Ramil Səfərovun Azərbaycana gətirilməsinin heç də asan başa gəlmədiyini bildirdi: “Uzun müddət idi ki, Ədliyyə Nazirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən iş aparılırdı. Biz bir neçə dəfə cəhd göstərmişdik. Amma ermənilər hər dəfə mane olmağa çalışırdılar. Hətta ermənilərin cəhdi nəticəsində Macarıstanın ədliyyə naziri bir neçə il əvvəl istefaya da getməli oldu. Amma bizim dövlət bu yoldan əl çəkmədi. Nəticədə qarşılıqlı razılıq əldə olundu. Bu həm də Azərbaycan dövlətinin gücünü, Azərbaycan dövlətinə beynəlxalq səviyyədə edilən hörməti göstərir. Demək istəyirəm ki, bütün addımlar, prosedurlar beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib və uğurla başa çatdırılıb”.

Qeyd edək ki, Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında ARMN-in sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4268

Oxşar yazılar