Vaxt deyilmi, cənablar? - ŞƏRH
29 avqust 2012 18:50 (UTC +04:00)

Vaxt deyilmi, cənablar? - ŞƏRH

Avqustun əvvəlində amerikalı konqresmen Deyn Rorabaher Vaşinqtonu Güney azərbaycanlıların müstəqillik uğrunda mübarizəsini dəstəkləməyə çağırışı haqda yayılmış xəbər müəyyən mənada sensasiyalı sayıldı.



O, dövlət katibi Hillari Klintona məktubunda Güney Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin dəstəklənməsinin vacibliyini bildirmişdi.



“İki yüz il əvvəl Azərbaycan xalqı coğrafi baxımdan iki yerə bölünüb və azərbaycanlıların çoxu Vətənin birləşməsinə çağırır. İranda etnik azərbaycanlıların sayı Azərbaycan Cümhuriyyətində olduğundan iki dəfə çoxdur. Bu ölkə 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik qazanıb. İndi də İran azərbaycanlılarının öz azadlıqlarına nail olmasının vaxtı çatıb.



Müstəqillik uğrunda mübarizədə Azərbaycan xalqının qanuni haqlarının dəstəklənməsi özlüyündə nəcib əməldir. Eyni zamanda bu, Tehran üçün daha böyük təhlükədir, nəinki onun yeraltı nüvə bunkerlərinin bombalanması”, - deyə məktubda vurğulanmışdı.



Həftənin əvvəlində isə ABŞ Dövlət Departamentinin ənənəvi brifinqində bu məsələ yenidən gündəliyə gəlib. Mətbuat konfransındakı jurnalistlərdən biri departamentin mətbuat katibi Viktoriya Nuladdan Rorabaherin ideyasını şərh etməsini istəyib. KİV təmsilçisi dövlət katibi Hillari Klintonun məsələyə cavabını soruşub.



Nulad suala ümumi ifadələrlə cavab verməyə çalışıb: «Bu məktuba baxılıb və cavab verilb. Məktubun məzmunundan xəbərsizəm».



Ancaq jurnalistlər israrla soruşub: «Vaşinqton bu dövlətin dağılmasını dəstəkləyirmi?»

Nulad vurğulayıb ki, ABŞ ərazi bütövlüyünün saxlanılması mövqeyindən çıxış edir.



«Siz bu haqda Rorabaherə deyibsiniz» - mətubat işçilərinin sualına mətbuat katibi «Demişik, demişik, demişiki» - deyə cavab verib.



Həmişə olduğu kimi, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması ilə bağlı bir nəfərin çağırışı panirançı, panfrasçı qüvvələri qəzəbləndirib.



« ABŞ-ın İranın ərazi bütövlüyünü tanımasını və konqresmen Rorabaherin təklifinə dövlət katibi Klintondan dəqiq və birmənalı cavab tələb edirik» - deyə, panirançılar bildirib.



Özünü «azərbaycanlı, Azərbaycan türkü» sayan, adlandıran, əslində ömrünü panirançılara xidmətdə keçirənlər bu məsələdə xüsusi fəallıq göstəriblər. Belələri İslam Respublikasının ali rəhbəri ayətulla Xamneyinin azərbaycanlı olması kimi boş, cəfəng və vaxtı ötmüş ibarələrdən müraciətlərində yararlanıblar.



Heç kimə sirr deyil ki, Güney Azərbaycan türkləri Rza və Məhəmmədrza şahların hakimiyyətindən razı olmadıqları kimi, mövcud İslam Respublikası rejiminə etiraz edirlər.



1979-cu il inqilabında Azərbaycan türklərinin aparıcı rolu, eləcə də Tehran hakimiyyətinin ən böyük siyasi kampaniyalarına azərbaycanlıların etinasız yanaşması, bir çox hallarda bu tədbirləri boykot etməsi, İran hakimiyyətindən çıxan müxalifəti, «yaşıllar»ı (məlum müraciətdə onun lideri Mirüseyn Musəvinin də türk olduğu qeyd olunub) belə Azərbaycan Milli Hərəkatının tanımaması və s. bu sayaq olaylar Güney Azərbaycan türklərinin öz milli haqlarının təmini istiqamətində atdıqları addımlardandır.



Yeri gəlmişkən, sentyabrda Azərbaycan Demokratik Firqəsinin «12 Şəhrivər (İrandakı təqvimlə sentyabra təsadüf edir) bəyannaməsinin» 67 yaşı olacaq.



Həmin bəyanatda Azərbaycan türklərinin milli, mədəni haqlarının təmin olunması və istəkləri vurğulanıb. 1945-46-cı illərdə mövcud olmuş, ABŞ hərbi qüvvələri və təlimatçılarının yardımı ilə Məhəmmədrza şahın ordusu tərəfindən qanla boğulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvəri demişdi: «Azərbaycan Milli Hökuməti bir gerçəklikdir».



1946-cı ilin yanvarında isə S.C.Pişəvəri BMT-yə müraciət edərək, Güney Azərbaycan türklərinin milli müqəddəratının təyinindən, panfarsçıların Azərbaycan türklərinə etdiyi zülmdən və s. problemlərdən bəhs edib.



Elə buradaca qeyd edək ki, ABŞ, Britaniya başda olmaqla bir sıra aparıcı dövlətlərin bu gün Güney Azərbaycan türklərinə tarixi borcu var.



Necə bilirsiniz, cənablar, bu gün onu, həm də «faizi ilə», qaytarmağın vaxtı deyilmi?



Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2285

Oxşar yazılar