“Bizim münasibətlər zamanın sınağından çıxıb”-FOTO
29 avqust 2012 02:41 (UTC +04:00)

“Bizim münasibətlər zamanın sınağından çıxıb”-FOTO



“Heç vaxt unutmayacağıq”



“Bu gün görə bildiyimiz işlər dostumuz İlham Heydər oğlunun çox böyük xidmətidir. Bunlar bəlağətli sözlər deyil, bütün Belarus xalqı bilir ki, bizim vəziyyətimiz çox çətin olanda bir sıra dövlətlərə müraciət etmişdik. Üzləşdiyimiz mürəkkəb və çətin məsələləri həll etmək üçün bizim xahişimizə birinci olaraq Prezidentin şəxsində Azərbaycan cavab verdi. Biz bunu yaxşı xatırlayırıq və heç vaxt unutmayacağıq”. APA-nın xəbərinə görə, bunu Azərbaycan və Belarus prezidentlərinin mətbuat üçün birgə brifinqində Belarusun dövlət başçısı Aleksandr Lukaşenko deyib.



Belarus prezidenti qeyd edib ki, ölkəsi beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyir və müştərək iqtisadi istehsallar, ticari-iqtisadi münasibətlər yaradılmasında maraqlıdır.



A.Lukaşenko Azərbaycan prezidentinin “Xalqlar dostluğu” ordeni ilə təltif olunması haqqında qərar qəbul etdiyini, bu ordenin Belarus dövlətinin inkişafına, qarşılıqlı əlaqələrin genişlənməsinə töhfə vermiş az sayda siyasətçiyə təqdim edildiyini vurğulayıb: “Bu tarixi təltif, İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına hörmət əlamətidir. Mən əminəm ki, biz strateji tərəfdaşlığımızı inkişaf etdirməklə münasibətlərimizi daha yüksək səviyyəyə çatdırmaq iqtidarındayıq”.



Keçirilən təkbətək və geniştərkibli görüşlərdə bir çox məsələlərlə bağlı razılığa gəlindiyini bildirən Belarus prezidenti iki ölkə arasında əməkdaşlığın həcmini iki-üç dəfə artırmağın mümkünlüyünü qeyd edib. O, Azərbaycanın Belarus iqtisadiyyatına investisiya yatırması, təhsil, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib.



“Belarusu özümüz üçün artıq çoxdan kəşf etmişik”



“Bizim münasibətlər zamanın sınağından çıxıb, real əməkdaşlıqda sınanıb. Bu gün mənə xüsusilə xoşdur ki, Siz məni Belarus Respublikasının yüksək dövlət ordeni – “Xalqlar dostluğu” ordeni ilə təltif etməyi mümkün saymısınız. İnanın ki, mən ölkələrimizi və xalqlarımızı bir-birinə daha çox yaxınlaşdırmaq üçün gələcəkdə də əlimdən gələni edəcəyəm”.



Bunu Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksand Lukaşenko ilə görüşündən sonra mətbuat üçün birgə bəyanatında bildirib.



Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan və Belarus qarşılıqlı münasibətləri inkişaf etdirir, beynəlxalq təşkilatlarda bir-birini fəal dəstəkləyir: “Keçən ilin payızında BMT-nin Təhlükəsizlik Şurasında səsvermə zamanı Azərbaycanın namizədliyini fəal dəstəklədiyinizə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Biz bu məsələdə Belarusun dəstəyini çox yüksək qiymətləndiririk. Başqa beynəlxalq təşkilatlarda da həmişə əməkdaşlıq edirik və həmişə bir-birimizi dəstəkləməyə çalışırıq. Ümumiyyətlə, əsl dostluq elə budur – biz həmişə bir-birimizi dəstəkləməyə, imkan olduqda, gücümüz çatan yerdə bir-birimizə səmimi, təmənnasız, dostcasına dəstək göstərməyə çalışırıq. Strateji tərəfdaşlığın mahiyyəti də elə bundan ibarətdir”.



Prezident qeyd edib ki, səfəri çərçivəsində Azərbaycanda istehsalatı inkişaf etdirməyə dəstək verəcək razılıqlar əldə olunub. Ölkə başçısı vurğulayıb ki, iki ölkə arasında münasibətlər səmimilik, qarşılıqlı hörmət və qarşılıqlı dəstəklə səciyyəvidir: “Bizim iqtisadiyyatlar bir-biri ilə rəqabət aparmır, əksinə, onlar bir-birini qarşılıqlı tamamlayır. Humanitar sahədə əməkdaşlıq xalqlarımızı daha da yaxınlaşdırır. Azərbaycanda Belarus xalqına böyük rəğbət, Sizin ənənələrinizə, mədəniyyətinizə böyük maraq vardır. Biz Belarusu özümüz üçün artıq çoxdan kəşf etmişik. Hesab edirik ki, Sizin ölkənizi tanıyırıq”.



Prezident bildirib ki, iki ölkə arasındakı layihələr bütün sahələri əhatə edir: “ Bizim əməkdaşlığımızın siyasi, iqtisadi, energetika, nəqliyyat, sənaye istiqamətləri bu gün tam həcmdə reallaşır”.



APA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2349

Oxşar yazılar