Dövlət Komitəsi iki nəfərin istefasına aydınlıq gətirdi
25 avqust 2012 14:35 (UTC +04:00)

Dövlət Komitəsi iki nəfərin istefasına aydınlıq gətirdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Komitənin iki əməkdaşının işdən çıxması barədə yayılan məlumatlara aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən APA-ya bildirilib ki, bir sıra mətbuat orqanlarının verdiyi yazılarda bəzi yanlışlıqlara yol verilib: “Belə ki, dərc olunan məlumatda Dövlət Komitəsinin aparat rəhbəri kimi təqdim edilən Səfalı Nəzərli əslində Komitənin Ümumi şöbəsinin müdiri olub və Aparat rəhbəri vəzifəsini son bir neçə ildə icra etdiyinə baxmayaraq, Komitənin keçmiş rəhbərliyi tərəfindən bu vəzifəyə təsdiqlənməyib. O ki qaldı iki vəzifəli şəxsin istefa verməsinə, burada aksentlər düzgün qoyulmayıb, söhbət sadəcə olaraq əmək fəaliyyətinin tərkib hissəsindən gedir.





Belə ki, Komitənin ümumi şöbəsinin keçmiş müdiri S. Nəzərli hələ Dövlət Komitəsinin sabiq sədrinə səhhətində olan problemlərlə əlaqədar təqaüdə çıxmaq məqsədilə dəfələrlə müraciət edib. Dövlət Komitəsinə yeni sədr təyin edildikdən sonra eyni məzmunlu ərizə ilə yenidən müraciət edib və onun təqaüdə çıxmaq istəyi təmin edilib.



Komitənin adıçəkilən digər işçisi - Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri olmuş Elçin Cabbarov Dövlət Komitəsindəki fəaliyyətindən əvvəl Rusiyada özəl sektorda fəaliyyət göstərib və yenidən başqa işə keçməsi ilə əlaqədar onun dövlət qulluğundan ayrılması haqqında ərizəsi təmin edilib”.



Dövlət Komitəsindən o da bildirilib ki, hər iki şəxsin öz ərizəsi əsasında işdən azad olunması sadəcə olaraq DQİDK-nin kadr prosesinin tərkib hissəsidir: “Burada bəzi KİV-lərin təqdim etmək istədiyi kimi, keçmiş Komitə işçiləri tərəfindən hər hansı bir “mövqe nümayişi” axtarmaq üçün heç bir əsas yoxdur. Ümidvarıq ki, belə yazılarda heç bir qərəz yoxdur və insanlar üçün həssas olan bu mövzulara yanaşmada həmkarlarınız daha çox dəqiqlik göstərəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2263

Oxşar yazılar