Həkimlər xəbərdarlıq edirlər ki, yüksək qan təzyiqi zamanı bəzi qida əlavələri əks göstərişdir. Təəssüf ki, bunu çox az insan bilir. Yüksək arterial təzyiq ciddi sağlamlıq problemidir və qidalanma, həyat tərzi bu vəziyyətdə xüsusi diqqət tələb edir. Bir çox insan sağlamlığını möhkəmləndirmək məqsədilə müxtəlif əlavələr qəbul edir, lakin bəzi hallarda bu, vəziyyəti daha da pisləşdirə bilər.
Bu barədə Lent.az məlumat verir:
1. Acı portağal ekstraktı
Bu ekstrakt arıqlama və fiziki performansı artırmaq üçün əlavələrdə istifadə olunur. Lakin hipertoniya xəstələri üçün bu komponent təhlükəlidir. Onun tərkibindəki sinefrin maddəsi qan təzyiqini yüksəldə və ürək ritmində pozuntulara səbəb ola bilər. Kardioloq Colum Batista-nın sözlərinə görə, bu ekstraktın müntəzəm istifadəsi sistolik təzyiqi (yuxarı göstərici) 6 mm civə sütununa, diastolik təzyiqi isə 4 mm civə sütununa qədər artıra bilər. Nəticədə infarkt və insult riski də yüksəlir.
2. Şirin biyan (qara biyan) kökü
Biyan kökü sakitləşdirici və antivirus təsiri ilə tanınır, lakin tərkibindəki qlitsirrizik turşusu bədəndə natriumun yığılmasına səbəb olur. Bu da öz növbəsində qan təzyiqini artırır. Tədqiqatlar göstərir ki, hətta az miqdarda biyan kökü belə təzyiqin artmasına səbəb ola bilər.
3. Kofein tərkibli əlavələr
Kofein yalnız qəhvə və çayda deyil, enerji verən bir çox əlavələrdə də mövcuddur. O, qısa müddətdə təzyiqi artıra bilər ki, bu da hipertoniya xəstələri üçün risklidir. Təzyiqin cəmi 2 mm civə sütunu qədər artması belə ürək sağlamlığına mənfi təsir edə bilər.
4. Yoximbin
Bu maddə yoximb ağacının qabığında olur və çox zaman arıqlama və cinsi sağlamlıq üçün əlavələrdə istifadə edilir. Lakin bu maddə də təzyiqi və ürək döyüntülərini artıraraq təhlükəli vəziyyətlərə səbəb ola bilər.
5. Efedra
Efedra bitkisi tərkibində efedrin alkaloidləri saxlayır. Bu maddə soyuqdəymə və öskürək əleyhinə vasitələrdə istifadə olunur, lakin ciddi ürək-damar problemlərinə, o cümlədən infarkt və insultlara səbəb ola bilər. Eyni zamanda efedra bəzi ürək dərmanlarının təsirini zəiflədə bilər. Qan təzyiqinə nəzarət yalnız əlavələrdən imtina ilə bitmir. Siqaretdən imtina və spirtli içki qəbulunun məhdudlaşdırılması da hipertoniya riskini azaltmağın sübut olunmuş yollarıdır.
Təzyiqi sabit saxlamaq üçün DASH pəhrizi tövsiyə olunur.
Bu pəhriz bol miqdarda meyvə, tərəvəz, tam taxıllı məhsullar, qoz-fındıq, toxumlar, balıq və az yağlı süd məhsullarını əhatə edir. Fiziki aktivlik də vacibdir: həftədə azı 150 dəqiqə orta intensivlikdə və ya 75 dəqiqə yüksək intensivlikdə aerobik hərəkətlər məsləhətdir.
Yuxu rejimi də mühümdür:
Gecə 7-9 saatlıq yuxu tövsiyə olunur. Xoruldama və nəfəsin dayanması yuxu apnesi əlamətləri ola bilər ki, bu da yüksək təzyiqin əsas səbəblərindən biridir.