Xərçəngə qarşı tarixi addım: Yeni peyvəndin sınaqları uğurlu oldu
27 avqust 2026 11:03 (UTC +04:00)

Xərçəngə qarşı tarixi addım: Yeni peyvəndin sınaqları uğurlu oldu

0

“Merck” və “Moderna” şirkətlərinin melanomaya qarşı hazırladığı fərdiləşdirilmiş mRNT peyvəndinin sınaqlarında müsbət nəticələr əldə edilib. Bu yenilik xərçəng xəstəliklərinin müalicəsində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Lent.az CNN-ə istinadən xəbər verir ki, yeni preparat ənənəvi müalicə üsullarından fərqli olaraq hər bir xəstə üçün fərdi şəkildə hazırlanır.

Kimyaterapiya bütün orqanizmə təsir göstərdiyi, standart immunoterapiya isə immun sistemini ümumi şəkildə aktivləşdirdiyi halda, mRNT peyvəndi immun sisteminə məhz xərçəng hüceyrələrini tanımağı və onları hədəfə alaraq məhv etməyi öyrədir. Bununla da sağlam toxumaların zədələnməsi riskinin azaldılması nəzərdə tutulur.

Melanoma ilə bağlı uğurlu nəticələrin ardından bu texnologiyanın digər xərçəng növlərinə qarşı tətbiqi də sınaqdan keçirilir. “Merck” və “Moderna” əməliyyatdan sonra kiçik hüceyrəli olmayan ağciyər xərçəngi xəstələri üçün genişmiqyaslı klinik araşdırmalar aparır. Böyrək və sidik kisəsi xərçənginə qarşı preparatların sınaqları aralıq mərhələdədir. Mədə və mədəaltı vəzi xərçəngi ilə bağlı tədqiqatlar isə hələ ilkin mərhələdə davam etdirilir.

“Roche” və “BioNTech” şirkətləri də COVID-19 peyvəndlərində istifadə olunan mRNT texnologiyası əsasında yoğun bağırsaq və mədəaltı vəzi xərçənginə qarşı fərdiləşdirilmiş preparatlar hazırlayır. Yoğun bağırsaq xərçəngi üzrə ilkin nəticələrin 2027-ci ildə, mədəaltı vəzi xərçəngi üzrə nəticələrin isə 2031-ci ildə açıqlanacağı gözlənilir.

“Merck” və “Moderna”nın məlumatına görə, yeni mRNT peyvəndinin tətbiqi yüksək riskli melanoma xəstələrində xəstəliyin yenidən yaranması və yayılması ehtimalını azaltmağa kömək edib. Preparat hələ geniş istifadəyə verilməyib və bunun üçün rəsmi təsdiq almalıdır.

“Moderna”nın proqnozuna əsasən, peyvənd təsdiqləndikdən sonra ilk illərdə minlərlə xəstə bu müalicədən yararlana bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar