Son günlər Azərbaycanda yayılan viruslar hansı xəstəliyə səbəb olur? - Baş insfeksionist açıqladı
15 yanvar 2022 17:17 (UTC +04:00)

Son günlər Azərbaycanda yayılan viruslar hansı xəstəliyə səbəb olur? - Baş insfeksionist açıqladı

“Omicrona yoluxmanı dəqiqləşdirilmək üçün mütləq molekulyar testlər aparılmalıdır”.

Lent.az xəbər verir ki, bu sözləri Kliniki Tibbi Mərkəzin baş insfeksionisti Fərrux Sədirov mətbuata müsahibəsi zamanı bildirib.

O, son zamanlar ölkədə yayılan virusla omicronu qarışdırmamağı tövsiyə edib:

“Yuxarı tənəffüs yolları viruslarını ilk baxışdan bir-birindən ayırd etmək o qədər də asan deyil. Çünki əlamətlər qeyri-spesifikdir, istənilən virus xəstəliklərində həmin əlamətlərə rast gəlmək mümkündür. Bunlar öskürək, başağrısı, əzələ ağrısı, temperatur, burun axıntısı, gözdə konyunktivit əlamətləri və başqalarıdir. Lakin bunların spesifikliyi yoxdur və bütün virus infeksiyalarında müşahidə edilə bilər. “Omikron” üçün xüsusi vurğulanmış əlamətlər hələ də öz təsdiqini tapmayıb. İlkin mülahizələrə görə daha çox başağrısı, əzələ ağrısı, qızdırma fonunda yuxarı tənəffüs yollarında öskürmə və asqırmanın daha az olması ilə xarakterizə edilir. Lakin bunların heç birinin dəqiq spesifikliyi yoxdur, fərddən fərdə dəyişə bilər. Xəstələrin bəzilərində sadəcə boğaz ağrısı və qızdırma, bəzilərində isə başağrısı və əzələ ağrısı ilə müşayiət olunur. Diaqnozun dəqiqləşdirilməsi üçün mütləq molekulyar testlər aparılmalıdır”.

F. Sədirov müsahibə zamanı COVID-19-un mutasiyaya uğramasından da danışıb. O bildirib ki, virus hər mutasiyaya uğrayanda bir xüsusiyəti itirir, yenisi ortaya çıxır:

“Proses təkcə bizim ölkəmizdə deyil, dünyada baş verdiyi üçün pandemiyanın sonunu proqnozlaşdırmaq nəzəri olaraq mümkün deyil. Azərbaycandakı gedişatı təxmin etmək olar, amma dünyadakı epidemioloji vəziyyətə biz nəzarət etmədiyimizə görə proqnozlaşdırmaq mümkünsüzdür. Lakin virusun təbii inkişafı - mutasiyaya uğrama prosesi var. Mutasiya virusun yaşama formasıdır. Yəni, virus yaşamaq üçün mutasiyaya uğramaq məcburiyyətindədir. Hər dəfə virus mutasiyaya uğramaqla bir xüsusiyyətini itirir, digər yeni birisi əmələ gəlir. Ümumiyyətlə, dünyada pandemiyaların bitməsi üç şəkildə - qlobal vaksinasiya, mutasiyalar və kollektiv immunitetin formalaşması nəticəsində olur. Qeyd etməliyik ki, istər peyvənd vurduranlarda, istər xəstəliyi keçirənlərdə qoruyuculuq müddəti uzun çəkmədiyinə görə eyni vaxtda hamının xəstələnib və peyvənd edilməsi qeyri-mümkün olduğuna görə kollektiv immunitet məsələsi ikinci plana keçir. Pandemiyanın başa çatması üçün biz ancaq virusun mutasiyaya uğraması nəticəsində xəstəliyin zəifləməsi və peyvənd aparılmasının gücləndirilməsinə bel bağlamalıyıq. COVID-19-un konkret olaraq nə vaxt başa çatacağı ilə əlaqədar fikir söyləmək hələ tezdir. Gedişat onu göstərir ki, virus gücünü itirir. Həqiqətən də orqan tutulması azalıb, əvəzində yoluxdurma gücü artıb. Bu da özünü xəstələrin sayının çoxluğunda, xəstəxanaya yatışların və ölümlərin sayının azalmasında göstərir. Get-gedə vücudumuz virusa, virus da vücudumuza alışır. Ümid etməyə dəyər ki, gələcəkdə bu virus artıq digər respirator viruslar kimi ciddi problem yaratmayacaq. Əslində xəstəliyin yüngül keçirilməsi aktiv immunitet qazanmaqdır. Bu gün aparılan vaksinasiya prosesi isə passiv immunitet qazanma hesab edilir”.

İnfeksionist son zamanlar sürətlə yayılan qrip virusundan da söz açıb. Onun sözlərinə görə, əksəriyyət həmin virusu COVID-19-un bir növü adlandırsa da, bunları qarışdırmaq olmaz:

KTM-in baş infeksionisti Fərrux Sədirov

O, ötən ilin axırlarından əhali arasında yayılan virus haqqında danışmağı da unutmayıb: “Ötən il dekabrın əvvəllərindən təkcə Azərbaycanda deyil, bütün dünyada klassik ”influenza” virusu yayılıb. Ötən ilin qış mövsümündə karantin rejimi və məhdudiyyətlərlə əlaqədar olaraq yuxarı tənəffüs yolları maska ilə örtüldüyünə və əl gigiyenasına əməl olunduğuna görə həmin virusla o dərəcədə üzləşmədik. Lakin bu, o demək deyil ki, virus yoxa çıxıb. Alınan test nəticələrinin əksəriyyətində də “influenza” A virusu, yəni qripin törədicisi təsbit edilir. “İnfluenza” klassik gedişata sahib olan virusdur: yüksək qızdırma, üşümə, titrəmə, əzələ və baş ağrıları ilə gedir və sonra bir neçə gün, bəzi xəstələrdə iki həftəyə qədər öskürək davam edə bilər. Həmin xəstəliyin əlamətləri oxşar olsa da, COVID-lə qarışdırmamaq lazımdır. Qrip virusunun gedişi təbii ki, mülayimdir və COVID-lə müqayisə olunacaq gedişat deyil. “İnfluenza” ilə əlaqədar pnevmoniyalar mində bir hallarda baş verir və bu daha çox immun sistemi zəif, digər ağır yanaşı xəstəlikləri olanlarda bəzən ağciyərdə pnevmoniyalara səbəb ola bilər. Əlbəttə ki, onu COVID-un səbəb olduğu pnevmoniya ilə müqayisə etmək olmaz və adətən 5 yaşdan kiçik uşaqlar həmin virusa daha çox yoluxurlar. Lakin 65 yaşdan yuxarı olanlar, yanaşı ağciyər, ürək-damar və şəkərli diabeti xəstəlikləri olanlar da nisbətən ağır keçirmək riski altındadır. Ölkəmizdə qrip əleyhinə vaksin var və hər il oktyabr-noyabr aylarında onun peyvəndlənməsi aparılır”.

Fərrux Sədirov həmçinin omicrondan qorunmağın yollarını da qeyd edib:

“Omikron” ştamından qorunmaq yolları barədə məlumat verən həkim-infeksionist deyib: “Nə qədər klassik səslənsə də, respirator viruslardan qorunmağın yolları dəyişmir. Sıxlıq yerlərdən və xəstə ilə təmasdan uzaq olmaq, əl gigiyenasına riayət etmək, maska taxmaq, xəstəlik əlamətləri hiss edən kimi ətrafdan təcrid olunmaq məsləhətdir. Pandemiya dönəmində istənilən əlamətləri hiss edən kimi mütəxəssis həkimə müraciət etmək lazımdır, çünki bəzən adi qəbul edilən hansısa bir narahatlıq çox ciddi bir xəstəliyin başlanğıcı ola bilər. Xüsusilə risk qrupundan olanlar üçün belə hal həyati təhlükə törədir. Nəzərə almaq lazımdır ki, infeksiyanı keçirmiş və hətta peyvənd olunanlar arasında immunitet çatışmazlığı olanlar da var, ona görə də mütləq şəkildə peyvəndlənmə aparılmalıdır. Bir rəqəmi qeyd etmək istəyirəm ki, “omikron” ştamına qarşı aparılan ilkin tədqiqatlarda müəyyən edilib ki, iki doza vaksin 25 faiz qoruduğu halda “buster” dozadan sonra həmin qoruyuculuq 70 faizi aşır. Ona görə də mütləq şəkildə yubanmadan “buster” dozanı vurdurmaq vacibdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4101
avatar

Oxşar yazılar