Avqustun 3-də Qvatemalanın qərb hissəsində yerləşən, dünyanın ən aktiv və təhlükəli vulkanlarından biri olan Fueqo qəfil aktivləşib. Dünən isə püskürmə ən kritik və aqressiv mərhələyə keçərək təxminən bir sutka davam edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, vulkan demək olar heç vaxt tam sakitləşmir. "Sakit" vəziyyətdə o, hər 15–20 dəqiqədən bir kiçik qaz və kül tullantıları istehsal edir.
Son məlumatlara görə, Qvatemala hakimiyyəti ən yüksək ("qırmızı") həyəcan səviyyəsi elan edib. Yaxınlıqdakı kənd və qəsəbələrdən yüzlərlə sakinin kütləvi təxliyəsi həyata keçirilir: 1,7 minə yaxın insan sığınacaqlara təxliyə edilib. Bundan əlavə, kül yağmasından təxminən 29 min nəfər zərər çəkib.
Məlumata görə, vulkandan uzunluğu 7 km-ə çatan palçıq axınları enir. Gözlənilən yağışlar səbəbindən əlavə vulkanik palçıq axınlarının yaranması riski artır.
Sabit aktivlik dövrlərində Fueqonu minlərlə ekstrimal turisti ziyarət edir. Ən məşhur marşrut qonşu Akatenanqo vulkanına piyada yürüşdür. Turistlər Akatenanqonun yamacında çadır düşərgəsində gecələməklə zirvəyə qalxır, oradan Fueqonun gecə partlayışlarına və parıldayan lava axınlarına mənzərə açılır.
Hazırda başlayan fəlakət səbəbindən bu ərazidə hər növ turist marşrutları, zirvəyə yürüşlər və kraterlərə giriş Qvatemala hakimiyyəti tərəfindən qəti şəkildə qadağan edilib.
Sosial şəbəkələrdə hadisə şahidləri fəal şəkildə hadisə yerindən kadrlar paylaşıblar.
Qeyd olunur ki, vulkanın müasir tarixində ən dağıdıcı fəlakət 2018-ci ildə baş verib. Qızmar kül və daş axınları yaşayış məntəqələrinə enərək bütün San-Migel-Los-Lotes kəndini məhv edib. Nəticədə 200-dən çox insan həlak olub.