Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanov ötən gün ona aid olduğu iddia edilən səs yazısı ilə bağlı açıqlama verib.
Lent.az xəbər verir ki, həkim bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Kardioloq qeyd edib ki, günümüzdə texnologiyanın imkanları ilə istənilən insanın səsini təqlid etmək, səs yazısını montaj etmək, cümlələri birləşdirmək və tamamilə saxta material hazırlamaq mümkündür: “30 ildən artıqdır ki, uşaq kardioloqu kimi çalışıram. Bu müddət ərzində minlərlə uşağın müalicəsində iştirak etmişəm, minlərlə ailənin etimadını qazanmışam. Mənim peşə fəaliyyətimi, insanlara və uşaqlara münasibətimi tanıyan hər kəs yayılan iddianın nə qədər absurd olduğunu çox yaxşı anlayır. Üstəlik, yayılan səs mənim səsimə belə tam uyğun gəlmir. Buna baxmayaraq, heç bir texniki ekspertiza aparılmadan, heç bir sübut təqdim olunmadan və mənim mövqeyim tam öyrənilmədən bu materialın ictimaiyyətə çıxarılması qəbuledilməzdir. Burada media qurumlarına açıq suallarım var: Bu səs yazısını sizə kim təqdim edib?
Özünü şikayətçi adlandıran həmin şəxsin həqiqətən mövcud olduğunu necə təsdiqləmisiniz? Onun iddialarını hansı sənəd, video, ödəniş qəbzi, bank əməliyyatı və ya başqa faktla yoxlamısınız? Səs yazısının montaj olunmadığını və ya süni intellekt vasitəsilə hazırlanmadığını hansı ekspertiza ilə müəyyən etmisiniz? Mənimlə əlaqə saxlamadan, tam və aydın mövqeyimi almadan belə bir materialı dərc etməyə hansı peşəkar və etik əsasla qərar vermisiniz? Təranə xanımın adı da bu məsələyə daxil edilir və “görəsən, onun xəbəri varmı?” kimi müəmmalı ifadələr işlədilir. Təranə xanım hazırda məzuniyyətdədir. Onun mövqeyi öyrənilibmi? Yoxsa adı sadəcə xəbəri daha qalmaqallı göstərmək üçün mətnə əlavə olunub?
Mənbənin anonim saxlanılması jurnalistikada mümkündür. Amma anonim mənbə hər cür əsassız iddianın arxasında gizlənmək üçün vasitəyə çevrilməməlidir. Media öz mənbəsinin kimliyini ictimaiyyətə açıqlamasa belə, onun real şəxs olduğunu, məlumatın həqiqiliyini və iddianın yoxlanıldığını özü dəqiqləşdirməlidir. Əks halda hər bir media orqanı istənilən səsi özü hazırlayıb “bizə şikayət daxil olub” adı ilə istənilən şəxsin nüfuzuna zərbə vura bilər”.
“Səs yazısının ekspertizaya təqdim olunması, materialı ilk hazırlayan və yayan şəxslərin müəyyən edilməsi, həmçinin bu məlumatı yoxlamadan tirajlayan media qurumlarının məsuliyyətinə hüquqi qiymət verilməsi üçün bütün zəruri addımları atacağam.
Mənim susmağım zəifliyim kimi qəbul edilməsin. Mən sadəcə həkim adına, insan ləyaqətinə və qanuna hörmət edərək danışmaq üçün faktları gözləmişəm. Həqiqət ekspertiza, sübut və hüquqla müəyyən olunur - anonim səs yazısı, sensasiyalı başlıq və sosial şəbəkə hökmü ilə yox”, - həkim qeyd edib.
***
saat 21:00
Sumqayıt Tibb Mərkəzində çalışan tanınmış uşaq kardioloqu Elnur İmanovun səsinin yer aldığı iddia olunan audioyazı yayılıb.
Lent.az Bakupost-a istinadla xəbər verir ki, audioyazıda icbari tibbi sığorta ilə müraciət edən xəstələrdən exokardioqrafiya müayinəsinə görə ödəniş tələb edildiyi bildirilir.
Həmçinin o da aydın olur ki, iki uşağın müayinəsi üçün ümumilikdə 10 manat istənilir. Pasiyent isə həmin şəxsdən kart nömrəsini alır ki, ödəniş etsin.
Qeyd edək ki, İcbari Tibbi Sığorta çərçivəsində göstərilən xidmətlərə görə qanunvericiliyə əsasən vətəndaşlardan əlavə ödəniş alınması qanunsuzdur.
İddia olunur ki, məsələdən hazırda Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsini icra edən direktor müavini Təranə Rəcəbli də məlumatlıdır.
Məsələ ilə bağlı açıqlama verən Elnur İmanov iddiaları qəti şəkildə təkzib edib.