Avqustun 5-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Hücum nəticəsində azı 14 nəfər həlak olub, 27 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Lent.az Ukrayna mediasına istinadla bildirir ki, Kiyev vilayətində gecə boyu bir neçə dəfə hava həyəcanı elan edilib. Sonuncu xəbərdarlıq saat 05:32-də başa çatıb. Hərbçilər pilotsuz uçuş aparatları və raket hücumu təhlükəsi barədə əhaliyə xəbərdarlıq ediblər.
Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, bu gecə bölgə son dövrlərin ən faciəli hücumlarından birini yaşayıb.
Saat 07:30-a olan məlumata əsasən, hücum zamanı 14 nəfər həyatını itirib, 27 nəfər isə yaralanıb.
Ən çox itki Brovarı rayonunda qeydə alınıb. Burada 9 nəfər ölüb. Buça rayonunda 4 nəfər, Fastiv rayonunda isə 1 nəfər həlak olub.
Ukrayna Fövqəladə Hallar Xidmətinin məlumatına görə, zərbələr nəticəsində Brovarı, Buça və Fastiv rayonlarında logistika mərkəzləri, anbar kompleksləri, istehsal müəssisələri, ticarət obyektləri və digər tikililərdə genişmiqyaslı yanğınlar baş verib.
Brovarı rayonunda Brovarı şəhərində, Velyka Dımerka qəsəbəsində, Kvitneve və Peremoha kəndlərində yerləşən anbarlarda güclü yanğınlar qeydə alınıb.
Fastiv rayonunda müəssisələrdən birinin ərazisində yanan nəqliyyat vasitələrində baş vermiş yanğın söndürülüb.
Buça rayonunun Çayki kəndində anbar binasında baş vermiş yanğının söndürülməsi işləri davam edir. Sofiyivska Borşaqivka qəsəbəsində isə logistika müəssisəsinin ərazisindəki yanğın artıq tam söndürülüb.
Qeyd olunur ki, Rusiya tərəfinin atdığın raketlərin heç birini zərərsizləşdirmək mümkün olmayıb.

