Qan testi nə qədər yaşayacağınızı  göstərəcək
30 iyun 2026 10:29 (UTC +04:00)

Qan testi nə qədər yaşayacağınızı göstərəcək

0

Prediabet artıq yalnız şəkərli diabetin ilk xəbərdarlıq əlaməti hesab edilmir. Beynəlxalq araşdırma göstərib ki, bu mərhələdə qan şəkərinin normaya qaytarılması ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər və bu müsbət təsir onilliklər boyu davam edə bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, prediabet çox vaxt heç bir əlamət vermədiyi üçün insanlar onu ciddi problem kimi qəbul etmirlər.

Halbuki məhz bu mərhələdə görülən tədbirlər gələcəkdə həm diabetin, həm də ürək-damar xəstəliklərinin qarşısını almaqda mühüm rol oynaya bilər.

London Kral Kollecinin alimləri müəyyən ediblər ki, prediabet təkcə 2-ci tip diabetin xəbərçisi deyil. Qanda şəkərin normadan yüksək olması hələ diabet inkişaf etməmişdən əvvəl ürək və damar sistemini zədələməyə başlayır və təhlükəli ağırlaşmaların riskini artırır.

Araşdırma zamanı alimlər ABŞ-da 20 il, Çində isə 30 il davam edən iki böyük elmi layihənin nəticələrini təhlil ediblər. Nəticələr göstərib ki, həyat tərzini dəyişərək qan şəkərini normaya sala bilən insanlarda ürək-damar xəstəliklərindən ölüm və ya ürək çatışmazlığı səbəbindən xəstəxanaya düşmə riski 58 faiz, infarkt və insult kimi ciddi ürək-damar hadisələrinin riski isə 42 faiz azalır.

Tədqiqat müəllifləri bildirirlər ki, burada əsas məqsəd yalnız arıqlamaq və ya daha çox idman etmək deyil. Ən vacib məsələ qan şəkərinin normal səviyyəyə qaytarılmasıdır. Çünki ürək və damarları uzunmüddətli qoruyan əsas amil məhz budur.

Araşdırmada prediabetin geriləməsi üçün qan şəkərinin acqarına 5,6 mmol/l-dən aşağı, HbA1c göstəricisinin 5,7 faizdən az, qlükoza tolerantlıq testinin isə 7,8 mmol/l-dən aşağı olması əsas götürülüb.

Alimlər əlavə edirlər ki, gündəlik tibbi praktikada acqarına qan şəkərinin davamlı olaraq 5,3 mmol/l və ya daha aşağı olması ürək-damar sağlamlığının uzunmüddətli qorunmasının etibarlı göstəricisi hesab olunur.

Mütəxəssislərin sözlərinə görə, prediabet geri dönə bilən vəziyyətdir. Bunun üçün bədən çəkisini azaltmaq, müntəzəm fiziki aktiv olmaq, sağlam qidalanmaq, kifayət qədər yatmaq və stressi azaltmaq kifayətdir. Hətta bədən çəkisinin 5-10 faiz azalması belə qan şəkərinin normallaşmasına müsbət təsir göstərə bilər.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, əsas məqsəd sadəcə çəki itirmək deyil. Daha vacib olan qarın boşluğunda, daxili orqanların ətrafında toplanan visseral piyin azalmasıdır. Çünki maddələr mübadiləsinin pozulmasına və insulin müqavimətinin artmasına ən çox məhz bu piy növü səbəb olur.

Həkimlər həmçinin həftədə ən azı 150 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətlə məşğul olmağı, liflə zəngin qidalar qəbul etməyi və kifayət qədər yatmağı tövsiyə edirlər. Çünki xroniki yuxusuzluq və uzunmüddətli stress də qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.

Tədqiqat müəllifləri hesab edirlər ki, prediabetin müalicəsində əsas məqsəd yalnız 2-ci tip diabetin inkişafını gecikdirmək deyil, qan şəkərini tamamilə normal səviyyəyə qaytarmaq olmalıdır. Bu isə ürək və damarları uzun müddət qorumağa, ciddi xəstəliklərin riskini azaltmağa və ömür uzunluğunu artırmağa kömək edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar