Əgər nahardan sonra yuxu və yorğunluq hiss olunursa, bu, qidalanma və həyat tərzi ilə bağlı ola bilər. Tibb mütəxəssisləri bu problemin əsas səbəblərini və onunla necə mübarizə aparmağın yollarını açıqlayıblar.
Lent.az xarici mediaya istinadən bu barədə xəbər verir ki, nahardan sonra yuxu ilk növbədə təbii enerjinin azalması ilə bağlıdır:
Orqanizmimiz yuxu və oyaqlıq ritmlərini tənzimləyən daxili bioloji saatla işləyir. Əksər insanlar üçün saat 13:00–15:00 arası yuxu dövrüdür. Bu, enerji səviyyəsinin azalması ilə bağlıdır.
Nə etmək olar?
Qısa günorta yuxusu köməyinizə çatacaq. 20 dəqiqəlik yuxu gücünüzü bərpa etmək üçün kifayətdir.
Çətin həzm olunan qida
Böyük porsiyada nahar və ya yüksək karbohidratlı yeməklər qan şəkərinin sürətlə yüksəlməsinə və eyni sürətlə enməsinə səbəb olur. Üstəlik, ağır yeməklər yavaş həzm olunur, bu da orqanizmin daha çox enerji sərf etməsinə gətirib çıxarır. Naharda toyuq əti, balıq, qoz, avokado, tam taxıllı yarmalar yemək tövsiyə olunur.
Yuxu çatışmazlığı
Əgər insan 8 saatdan az yatırsa və ya yuxu pozğunluğu varsa, səhər yorğun oyanacaq. Günortaya qədər isə tamamilə taqətdən düşəcək. Ona görə də, hər gün eyni vaxtda yatmağa və oyanmağa çalışın.
Bədənin susuz qalması
Kifayət qədər su içmədikdə, diqqət toplama azalır və daimi yorğunluq hissi yaranır. Hətta yüngül susuzluq da pis əhval-ruhiyyəyə səbəb ola bilər. Gün ərzində kifayət qədər su içmək lazımdır. Qəhvəni isə az qəbul etmək məsləhətdir, çünki qəhvə bədəni əlavə susuzlaşdırır.
Az hərəkətli həyat tərzi
Hərəkətsizlik qan dövranını zəiflədir, nəticədə günortaya qədər halsızlıq və yuxululuq yaranır. Əksinə, yüngül fiziki aktivlik enerji verir.
İşə piyada getmək, parkda gəzmək və ya sadə fiziki hərəkətlər etmək faydalıdır.