Göz altı torbalarının səbəbi nədir?
22 may 2026 10:56 (UTC +04:00)

Göz altı torbalarının səbəbi nədir?

0

Səhərlər göz altında yaranan şişkinlik və ödem bir çox insanda müşahidə olunur. Xüsusilə gec yatan, duzlu qidalar qəbul edən, gərgin həyat tərzi keçirən və xroniki yuxusuzluq yaşayan şəxslər bu problemlə daha tez-tez qarşılaşır. Əksər hallarda bu, ciddi xəstəlik deyil, kosmetik problem hesab olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, göz altı torbalarının əsas bir neçə əlaməti var.

Aşağı göz qapaqları nahiyəsində yüngül şişkinlik, dərinin elastikliyinin azalması və boşalma, göz altında tünd halqaların yaranması.

Mütəxəssislər bildirirlər ki, müxtəlif amillər istənilən yaşda göz altı şişkinliyini gücləndirə bilər. Bunlara orqanizmdə maye toplanması, xüsusilə səhərlər və ya duzlu yeməklərdən sonra yaranan ödem, yuxu çatışmazlığı, allergik reaksiyalar, siqaret, xroniki yorğunluq və günəş şüalarının təsiri daxildir.

Bundan əlavə, irsi meyl, həmçinin bəzi xəstəliklər də problemə səbəb ola bilər. Bunların sırasında Dermatit, Dermatomiozit, böyrək və qalxanabənzər vəzi problemləri qeyd olunur.

Həkimlər vurğulayırlar ki, genetik faktorlarla bağlı hallarda göz altı “torbalarını” tamamilə aradan qaldırmaq mümkün olmaya bilər. Lakin düzgün qulluq və həyat tərzi ilə onların görünüşünü xeyli azaltmaq mümkündür.

Şişkinliyi azaltmağa kömək edən əsas vasitələr bunlardır:

Göz nahiyəsinə soyuq kompres tətbiq etmək, kifayət qədər su qəbul etmək, günəşdən qoruyucu vasitələrdən istifadə, C vitamini və dəmirlə zəngin qidalanma, keyfiyyətli və nizamlı yuxu.

Mütəxəssislər düzgün yuxu rejiminin xüsusilə vacib olduğunu bildirirlər. Bunun üçün hər gün eyni saatda yatıb oyanmaq, yataq otağında qaranlıq və rahat temperatur yaratmaq, yatmazdan əvvəl ağır yeməklərdən, kofein və alkoqoldan uzaq durmaq tövsiyə olunur.

Həmçinin smartfon və digər ekranlardan yatmazdan ən azı 30 dəqiqə əvvəl uzaqlaşmaq məsləhət görülür. Bu vərdişlərin maye yığılmasını azaltdığı, yuxu keyfiyyətini yaxşılaşdırdığı və göz altındakı şişkinliyi zəiflətdiyi qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar