“Açıq şəkildə deyə bilərəm ki, hökumətdə təkcə Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətimizi dondurmağı deyil, ümumilikdə Avropa Şurasını tərk etməyi də ciddi şəkildə müzakirə etmişik”.
Lent.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bildirib.
“Lakin Avropa Şurasının Baş katibi Alen Berse mənə müraciət edərək bunu etməməyimizi və vəziyyəti yaxşılaşdırmaq üçün imkan yaratmağımızı xahiş etdi. Mən də bu qərarı hələlik təxirə saldım. Təəssüf ki, o vaxtdan bəri heç bir irəliləyiş yoxdur.
Əksinə, Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycana qarşı tamamilə qəbuledilməz və ultimativ tələblər irəli sürülür. Münasibətləri pozan biz olmamışıq, onlar olublar”, - deyə dövlət başçısı qeyd edib.