“Qadın təkdirsə, günah kişidədir” – QIZ-QIZA
16 avqust 2013 14:40 (UTC +04:00)

“Qadın təkdirsə, günah kişidədir” – QIZ-QIZA

Onunla görüş yerinə gedəndə yolda bir ana gördüm. Keçiddən keçib pillələrlə yuxarı qalxır, sağa-sola baxır və deyəsən ancaq bu vaxt bir əlinin boş olduğunu anlayır. Əli ilə yanındakı körpə qızının biləyindən yapışıb. uşağının itdiyini görəndə bərkdən qışqırmağa başladı: “Əli”, “Əli”, “Əli”... Maraqlısı o idi ki, ətrafdakı insanlar ondan çox təlaşlı görünürdülər. Bu vaxt cavan bir oğlanın pillələri çıxa bilməyib keçidin aşağısında, adamların arasında dolaşıb qalan 3-4 yaşlı, gözləri dolmuş bir oğlanı göstərib “Bəlkə odur?” dediyini gördük. Qadın səs tonunu dəyişmədən, unikal bir keçidlə “Əli, Əli” nidalarının davamını elə gətirdi ki, biz hamımız onun oğlunu tapmasını anladıq: “Allah səni yoxa çıxarsın! Allah niyə səni verdiyinə peşman olmur? Səni parça-tikə olasan, qanına bələnəsən, zəlil qalasan! Gözün çıxsın!”

 

Düşündüm ki, nə yaxşı bu məqamda Allahın başı uşağı qorumağa qarışıb, bu ana adlı məxluqun “dua”larını eşitmədi. Mən bilmədim o uşaq o anadan qaçıb ömrünün qalanını yetim, sahibsiz kimi yaşasa yaxşı olardı, yoxsa o ananın qarğışlarıyla...

 

Hər halda ana olmaq üçün bəlli bir yaşa, məqama çatmaq lazımdır. Azmı olub ki, avtobusda, küçədə evdə qayınanaya, ərə gücü çatmayan, hüququnu qoruya bilməyən qadınların bütün acığını uşağından çıxıb onu insanların arasında döyüb alçaltdığını görəndə evə qayıdıb anamızı qucaqlayıb öpməyimiz...

 

Əslində ana körpəsini qucaqlayanda qolları arasında nə boyda bir səadət tutduğunun fərqində olmalıdı. Əslində bu səadətin, sərvətin nə boyda olduğunu övlad sahibi ola bilməyən qadınlar daha çox bilir...

 

Görüşünə getdiyim müsahibim də belə qadınlardandır. Analığın nə olduğunu ana olana qədər anlayan analardandır – telejurnalist İlhamiyyə Rza.

 

***

 

 

... “S+” Qadın Klubundakı müxtəlif rəngli parçaların bir-birinə calanmasından yaranan döşəkcələrə baxıb deyir:

 

- Nənəm tikişlə məşğul olurdu deyə onda çoxlu parça qırıqları olurdu. Heç birini də atmırdı, balaca, qurama kimi döşəkcələr tikirdi. Əməlli-başlı sənət əsəri idi. Ev dolu idi deyə qiymət vermirdik, amma indi bu döşəkcələrə baxanda fikirləşirəm ki, kaş o vaxt o döşəkçələrdən bir-ikisini özümə yadigar götürərdim.

 

- Hə, nənələr heç nəyi atmır, hər şeyi dəyərləndirirdi...

 

- Həə, indi yamaq dövrü keçib. O vaxtlar kapron corablar belə cırılanda tullamazdıq, qaçmış ilməni tutub tikər, “şalvarın altından” geyinərdik.(Bu bir sitatdır. Məşhur Zadornovun reprizası vardı. Sovet qadınını fərqləndirən xüsusiyyətlər - cırılmış corabları tikib şalvar altından geyinmək) Demirəm, ehtiyac içində böyümüşəm, amma coraba yamaq vurmaq çox normal bir şey idi o zaman. Corabı bir ilməsi qaçdığına görə atanda sənə bir təhər baxırdılar. Onda geyim indiki qədər asan tapılmırdı... Elə o vaxtdan düymə qopanda bərkidirəm, söküləni tikirəm, amma cırılanda o dəqiqə canımı qurtarıram.

 

- Nənənizdən tikib-toxumaq öyrənmişdiz?

 

- Yay tətilində nənəmin yanında olanda bir-iki dəfə özümə sarafan da tikmişdim. Çox sadə sarafanlar tikirdim və xeyli vaxt da onları geyinirdim. Bunun xüsusi ləzzəti var. İki il əvvəl də bağda parçaları bir-birinə calayıb, çox qəşəng bir sarafan tikdim. Hələ də geyinirəm, amma evdə. Toxumaq da öyrənmişdim. Özü də həm mil, həm də milçə ilə. Hətta özümə çox dəbli, “stilni” bir jilet də toxumuşdum. Efirə də bir neçə dəfə  geyinmişdim onu. Köynəyin üstündən jilet geyinilən bir dövr var idi ee, onda.

 

- İbrahim üçün nə isə toxuduz?

 

- Ehtiyac olmadı. İbrahim doğulanda artıq hövsələli vaxtım deyildi, həm də axı onu çox gözləmişdik. Yalan olmasın, ona gələn hədiyyələri indiyə kimi geyindirib bitirə bilmirəm. Alıb gətirən də oldu, toxuyub gətirən də. İnsanlar neçə ildir ki, bizimlə bərabər onun gəlişini gözləyirdilər...

 

- Neçə il gözlədiz?

 

- Düz on iki il.

 

- Eşitmişdim ki, dost-tanış sizə övladlığa uşaq götürməyi məsləhət görür, siz isə etiraz edib “əgər mənim uşağım olacaqsa, gərək atası Həmid olsun” demisiz. Hətta eşitmişdim ki, deyirlər “bu İlhamiyyə çox qəribə qızdır...”

 

- Əslidə çox normal yanaşmadır. Ayıb da olmasın, axı insan həyat yoldaşını seçəndə həm də övladının atasını seçir.

 

- Bu on iki ilə bir sınaq da demək olar?

 

- Mən o müddəti sınaq saymıram. Həyatımızı yaşayırdıq, oturub gözləmirdik ki, nə vaxt uşaq olacaq? Uşaq olmayan müddətdə başqa bir şey haqda düşünmədik. Azərbaycanda adətən belədir, çoxları ailə quranda deyir “pis olar boşanaram, təki bir uşağım olsun”. Çünki bilirlər ki, nikahdan kənar ana ola bilməyəcəklər. Ona görə pis də olsa, bir oğlana ərə gedirlər, məhz uşağın xatirinə. Bu şərait də özü qeyri-səmimi münasibətə rəvac verir. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Mən toyumun bir illiyində qucağıma övlad almaq məqsədi ilə yox, seçdiyim adamla həyatımı paylaşmaq, bərabər yaşamaq üçün ailə qurmuşdum.

 

- Seçmək demişkən, kim kimi seçdi?

 

-  Həmid məni seçdi.

 

- Bildiyim qədər o vaxt sizi seçənlər çox idi...

 

- Amma cəsarət edib özümə etiraf edənlər çox az idi. Çoxunu nişanlanandan sonra bildim. (Gülür) Marketinq qanunudur də, bir malı alan kimi o biriləri heyfslənir. Kişilərdə də o xüsusiyyət var...

 

Söhbətə başımız elə qarışır ki, bir də görürük fotoqrafımız Ramil bizə danışmağı rəsmən qadağan edir. “Danışanda çəkdiyim şəkilləri bəyənmirsiz, sakit dayanın, şəkil çəkirəm” deyir. İki qadının bir yerə düşüb sakit dayandığını kim görüb? Heç iki qadın günü olduqları halda da bir yerdə sakit dayana bilməz. Ona görə də söhbətimizə davam edirik. Diktofona və fotoqrafımızın qulaqlarına çatan fikirlər belədir:

 

“Qadın təkdirsə, günah kişidədir”;

“Eybəcər bir qız ərə gedən kimi bütün oğlanların gözündə gözələ dönür”;

“Toylarda həmişə qız davası olurdu, xüsusi ilə də kənddə”...

 

Fotolar çəkilib, deyəsən...

 

-  Əbəbiyyatımıza, mahnılarımıza baxın. Hamısında segah üstdə “Toy günü oğlan gəlir”, “O artıq sənin deyil”, “Sən artıq mənim deyilsən” oxuyurlar. Belə motivlər milləti kodlaşdırır. Mənim bir rəfiqəm var idi, məktəbi rus bölməsində oxuyub, sonra Türkiyəyə köçmüşdü. Rus mədəniyyətindən birbaşa Türk mədəniyyətinə adladı deyə Azərbaycan mədəniyyətinə həmişə üstdən baxdı. (Yuxarıdan aşağı yox, üstdən!) O sevgilisindən ayrılanda dedi ki, mən Azərbaycan poeziyası üstündə tərbiyə almamışam. Mənim üçün sevgi nakam olmamalıdır. Bu oğlan isə istəyir ki, sevgi nakam olsun. Ayrılıblar, amma o əl çəkmir, gedir, gəlir. Artıq əsəblərimlə, hisslərimlə oynayır. Başa düşürəm ki, bu xoşbəxt durum onu qane eləmir. Mütləq burda bir həsrət, ayrılıq, göz yaşı, dram olmalıdır.

 

- Azərbaycan bölməsini bitirmisiz?

 

- Bəli.

 

- Siz də Azərbaycan poeziyası ilə tərbiyə olunmusuz...

 

- Mənim oxuduğum poeziya nümunəsi erotik çalarlı aşıq poeziyası olub. Məni daha çox el ədəbiyyatı formalaşdırıb. (Gülür) Ədəbiyyatdan isə mənə fəlsəfi qatı olan Nizami, Füzuli, Cavid təsir edib. Fəlsəfi qatı olan əsərləri çox sevirəm. El ədəbiyyatına isə belə baxmışam da... Bu gəldiyim torpaqlardan irəli gəlir, saz səsi eşidən kimi mənə təsir edir. Demirəm ki, telefonuma aşıq musiqisi yükləyirəm, amma o səsi hardasa eşidən kimi, ürəyim sızıldayır.

 

- İbrahim də saz dinləyir?

 

- Hələ sazla balalaykanın fərqini bilmir. (Gülür)  Hamısına qulaq asır. Amma zövqü çox yaxşıdır. Yaxşını pisdən qəşəng seçə bilir.

 

- Daha çox kiminlə yaxındı?

 

- Mənə elə gəlir ki, mənə dostu, Həmidə isə valideyni kimi baxır. Ona qarşı çox tələbkardır. Hətta bir az sümürücülüyü, istismarçılığı da var. O gələndə əlinə baxır ki, “Mənə nə aldın? Heç nə almamısansa gəlmə”. Bax, belə bəyanatları da var. Amma mənə elə deyə bilməz, çünki mənim əliboş gəlişim belə onun üçün bayramdır. Baxmayaraq ki, mən daha sərtəm, onu cəzalandırıram, Həmid isə heç vaxt.

 

Çaylarımızı içib alış-veriş mərkəzlərindən birindəki tədbirə qatılmaq üçün qalxırıq. Söhbətimizə yolda davam edirik. İyirmi il əvvələ qayıdırıq, gənclik, dostların müharibədən gələn ölüm xəbərləri və bu qədər ümidsizliyin içində gələn sevgidən danışırıq. 1993-cü ildə Həmid Herisçi ilə ailə qururlar. Necə deyərlər, kişilərin əsgərlik, qadınların isə toy xatirələri bitməz:

 

- Deməli toy günümüzdü. Hazırlaşıb gözləyirik ki, indi oğlan evi gəlib gəlini aparacaq. Mən də tam hazıram. Bəyin gəlinə gətirəcəyi gül isə hələ hazır deyil. Həmid gülün arxasınca gedib, görüb hələ hazırlayıb bitirməyiblər, o vaxta qədər qalxıb gül mağazasının yanında yaşayan ailə dostumuzun evində oturub gözləyib. Orda zarafatla Həmidə “Təzə bəy, bəs burda neynirsən? Toyundur ... filan” deyiblər. Gör Həmid nə deyib! “Bilirsiniz, ... İlhamiyyə çətin adamdı eee.. vallah heç bilmirəm...” Yəni son ana kimi fikirləşirdi ki, bəlkə heç evlənməyim?

 

Sonra yenə İbrahimdən danışırıq:

 

- İstəyərdim İbrahim ikimizdən də üstün olsun. Həmiddə gördüyüm nöqsanları korrektə edə bilmirəm, heç fikrim də yoxdur...

 

- Nədir o nöqsanlar?

 

... (Gülür) İndi deyirsiz iyirmi illik həyat yoldaşımı müzakirə edim? Təbii ki, məişətimi paylaşdığım insanın bütün yaxşı və pis tərəflərini bilirəm. O da mənimkiləri bilir. İstəyirəm bizim nöqsanlar İbrahimin tərbiyəsində yer almasın. Məsələn, Həmid hədiyyə verməyi xoşlayır, amma maddi durumu bunu tez-tez eləməyə imkan vermir. Mən isə İbrahimə öyrədirəm ki, oğlum, hər şeydən hədiyyə etmək olar.

 

- Həmid bəy ancaq bahalı hədiyyələr seçir ki?

 

Əslində, hə, amma hədiyyəsiz də qoymur məni. Sadəcə, ürəyi istədiyini ala bilməyəndə əzab çəkir. Açığı, Həmidin çox sevdiyim bir cəhəti də var. Bir də görürsən adi günlərdən biridir, amma o qəşəng bir açıqca seçib, içinə çox yaxşı bir şey yazıb gətirir... Bu o deməkdir ki, ürəyi nəsə başqa bir şey almaq istəyib, amma imkanı çatmayıb.

 

- Daha nə istəyirsiz?

 

(Gülür) O açıqcalar mənim üçün çox əzizidir. Hamısını saxlayıram. İbrahimə öyrədirəm ki, fərqi yoxdur, adi qadındır, ya sevdiyin qadın, səni əhatə edən qadınlara həmişə diqqət göstərməlisən. İstəyirəm centlmenlik məktəbi onda çox yüksək olsun. Məsələn, səkkiz yaşı var, artıq mən qalxanda o mənim stolumu düzəldir. Həmid səfərdə olanda toylara onunla gedirik, öyrətmişəm ki, sən bura mənim oğlum kimi yox, kavalerim kimi gəlmisən. Sən məni rəqsə dəvət etməsən, bunu  başqası edəcək. O da axı çox qısqancdır... Elə deyirəm ki, yanımdan çəkilməsin. Uşaqdır, toyda, məclisdə başqa uşaqlara qarışıb ora bura qaçır. Amma görəndə ki, başqası ilə rəqs edirəm, harda olsa peyda olur, dava salır...

 

- Həmid bəy də qısqancdır?

 

- Mən ona heç vaxt qısqanclıq üçün səbəb vermirəm. Amma məncə Həmidə az diqqət edəndə, hesab edir ki, mənim diqqətimi kimsə cəlb edə bilər. Ailə belədir də, yoldaş da, uşaq da daima özlərinə diqqət tələb edirlər.

 

Qarşımızdan çox gənc bir ana keçir. Gündə gördüyümüz mənzərə. Əlindəki telefona baxa-baxa, o biri əli ilə təxminən üç yaşlı bir qızın əlindən tutub özü üçün normal sayılan addımlarla gəzişir. Körpə isə demək olar ki, qaça-qaça anasına ayaq çatdırmağa çalışır. ANA OLMAQ HƏM DƏ BİR KÖRPƏNİN AYAĞI İLƏ YERİYƏ BİLMƏKDİR.

 

- Analıq sizdə nəyi dəyişdi?

 

- (Gənc ananın yeriş tempinə baxa-baxa) Övladımız bizim ikimizin də həyat ritmimizi dəyişdi. Həmidin də, mənim də bir dəqiqə də olsun boş vaxtımız qalmadı. O vaxta qədər bütün zamanımız öz ixtiyarımızda idi, verilişlərdən sonra dostlarla gec saatlara qədər oturub danışırdıq, dəvət aldığımız bütün tədbirlərə gedirdik. İbrahim doğulandan sonra isə belə lüksümüz olmadı. Dostlardan xeyli uzaq düşdük.

 

- Demək olar ki, bütün dostların yerini İbrahim doldurur?

 

- İbrahimin öz yeri var. Heç kimin əvəz edə bilməyəcəyi yeri. İbrahim həyatımdakı ən böyük boşluğu doldurdu. Hərdən hesab edirəm ki, vaxtında olsaydı, daha yaxşı olardı. Təkcə ona görə təəssüflənirəm ki, bəlkə mən gənclik enerjimlə ona daha çox şey verə bilərdim. Ümumiyyətlə, ANALARDA HƏMİŞƏ VİCDAN ƏZABI OLUR! Hesab edirsən ki, daha keyfiyyətli ana ola bilərdin. Elə şeylər var ki, bizim əlimizdə deyil, amma sevgi bizim əlimizdədir, onu hec cür cilovlamamalı, çərçivəyə salmamalıyıq. Mən quru adamam. Amma oğlumla bağlı heç vaxt emosiyalarımı cilovlamamışam. Onu sevmək və bunu hər an göstərmək mənə inanılmaz zövq verir.

 

Artıq alış-veriş mərkəzinə daxil olmuşuq. Bir mağazanın qarşısından keçərkən:

 

- Bəlkə bu mağazaya baxaq. Deyəsən maraqlı şeylər var...

 

Mağazaya daxil oluruq, paltarlara baxa-baxa davam edirik:

 

- Mənə elə gəlir ki, əslində mənim statusumda olan bir qadının böyük bir qarderobu olmalıdır. Başqaları ilə müqayisə edəndə görürəm ki, məndə geyim azdır. Amma mən bunun fərqinə başqaları ilə müqayisədə varıram. Çünki mənə bəs edir. Ömrümdə ağlıma gəlməz ki, bu paltarımı görüblər, geyinməyim. Əksinə, bir paltarımı görüb bəyəniblərsə, onu daha çox geyinəcəm. Məsələn, bu koftam yenidir, bu saat xoşuma gəlir. Hər yerə geyinəcəm.

 

- Tək seçirsiz?

 

- Hə.

 

- Həmid bəy qarışır?

 

- Heç vaxt nə geyindiyimə qarışmaz. Mən özüm bəyəndiyimi alıram, o da bəyənir. Ümumiyyətlə, bizim zövqlərimiz üst-üstə düşür.

 

- Məsələn, bəyənəndə komplimenti hansı formada deyir?

 

- “Aaa, bu nə qəşəngdi? Hardan almısan? Yaxşı seçmisən!...” Komplimenti təəccüb şəklində edir.

 

- İbrahim necə? Ata oğul çox bənzəyir?

 

- Aralarındakı nəsil fərqini hiss eləmirəm. Çünki Həmid içindəki gəncliyini saxlayır. İbrahim isə daima böyük görünməyə çalışır. Ona görə də nəsil fərqi gözə çarpmır. Çox sözləri tutur.

 

- İbrahim necə kompliment deyir?

 

- Ooyyy, oyy, oy! O qadınların sözün əsl mənasında ideal saydığı kişinin edə biləcəyi bütün şeyləri edir. Kompliment, diqqət, hədiyyə. Özü də bunu çox səmimi edir. Yaşlı kişilər bunu riyakarcasına edə bilirlərsə, İbrahimi kimsə məcbur eləmir. Hər şeyi səmimi edir.

 

- Bunu atasından götürüb?

 

- Yox, bu öz təbiətindən irəli gəlir. Əminliklə deyə bilərəm ki, mənim evimdə bütün qadınları arzuladığı kişi böyüyür. Birdən deyə bilər ki, “Ana, sən çox gözəlsən”. Hələ olmayıb ki, o mənim zahiri görkəmimdə bir dəyişikliyi, cüzi bir yeniliyi hiss etməmiş olsun. Dırnaq boyamdan tutmuş, dodaq boyamın rənginə qədər, kiçicik bir dəyişiklik etsəm, həmən fərqinə varacaq.

 

- Deyirlər, əgər kişi səninlə kraliça kimi davranırsa, deməli onun özünü də kraliça böyüdüb. Həmid bəy necə, o da bu qədər diqqətlidir, yoxsa hiss etmədiyi vaxtlar olub?

 

- Eh, o qədər... Gərək nə qədər çox bəzənəsən ki, Həmid o fərqi görüb bir kəlmə “Yaxşıdır” deyə. İbrahim isə deyir ki, dünyada səndən gözəl qadın yoxdur!

 

- Bəlkə bu fikri atasından eşidib?

 

- Hmm... Bəlkə də... Həmid mənim haqqımda çox yüksək fikirdədir. Qadın kimi heç vaxt heç nə demir, amma fikir sahibi kimi məni çox dəyərli adam hesab edir. Elə bilir ki, mənim yazdığımı heç kim yaza, hazırladığım verilişimi heç kim hazırlaya bilməz. Bu, onun subyektiv fikridir. Öz aramızdır, məncə Həmid mənə qarşı obyektiv deyil.

 

- Deyirsiz “aşkın gözü kor olur”?

 

- Bilmirəm... Məncə o məni həddindən çox qiymətləndirir. Bax, müsahibədə bu cümləni oxusa deyəcək “Səndə natamamlıq kompleksi var, özünü bəyənmirsən. Başa düşmürsən sən kimsən. Heç yerini, statusunu anlayırsan?” Elə hey deyir ki, guya mən çox böyük adamam, fərqində deyiləm. Bəlkə də Həmid ümumi duruma, göylə gedən mənasız insanlara baxıb, mənə “öz qiymətini bilmirsən” deyir. Amma mən heç kimə baxmadan öz qiymətimi qəşəng bilirəm. Bilirəm ki, heç bir qeyri-adi hadisə deyiləm, amma adi də deyiləm.

 

Qadını razı salmağın mümkünsüzlüyünü Allah da bilir. Ona görə də birinci kişini yaradıb. Bilib ki, birinci qadını yaratsa, ikinci insanın yaranması üçün qadın onun qarşısına elə bir “tələb və təkliflər paketi” qoyardı ki, yaradan hələ də kişi deyilən varlığın üzərində ən yaxşı halda son tamamlama işlərini görmüş olardı. Kişi isə keçib yaradanının qarşısına bir kəlmə ilə deyib ki, mənə bir həmdəm yarat! Həmid Herisçi məmləkətdə elə kişilərdəndir ki, öz xanımını dəyərləndirir. Xanımı isə deyir ki,  “O, mənə qarşı obyektiv deyil”.

 

- Bu nə qəşəng sarafandı... Oyy... Yox, bu pulu ona vermək üçün gərək bu sarafan sənə çox vacib lazım ola. Mən bu koftanı geyinib yoxlayacam...

 

Beləcə yol üstü alış-verişimizi də edib tədbirə gedirik. Tədbirdə ondan ayrılıb daha çox kənardan müşahidə etməyə çalışıram. Hamı ilə deyib-gülür, yeyib-içir, tam əylənir. Amma arada ətrafındakı insanları unudub telefonuna baxır. Gözləri elə sevinclə, qürurla parlayır ki, iyirmi illik evlilikdən sonra Həmid bəydən gələn mesajın bu həyəcanı yaratdığına şübhə edirəm. Axırda bu həyəcanlı anların birində guya təsadüfən ordan keçəndə, tam təsadüfən gözlərim telefona sataşır: telefondakı mesaj deyilmiş...

ANA OLMAQ HƏR DƏFƏ ONUN ŞƏKLİNƏ BAXANDA YENİCƏ DOĞULUB QUCAĞINA VERİLDİYİ ANDAKI KİMİ HƏYƏCANLANMAQDIR!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9375
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar