Nisə Qasımova: “Çırpdım başına, qan apardı onu...” - SÖHBƏT
27 oktyabr 2012 17:08 (UTC +04:00)

Nisə Qasımova: “Çırpdım başına, qan apardı onu...” - SÖHBƏT

Nisə Fətullah Qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakıda anadan olub. Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurmuş. Özünün dediyinə görə, atası Fətullah kişinin tam fərqli sahədə, yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədə musiqi ilə tərbiyələnməsinə şərait yaradıb. İndi həddindən artıq kövrək olan Nisə Qasımova uşaqlıqda cəsarətli və bir qədər də eqoist olmağı ilə seçilirmiş.

Uşaqlığı Bakının dağlı məhəlləsində keçən xalq artisti başına gələn maraqlı əhvalatları danışıb.

Sənət fəaliyyətinin 40-cı illiyi ərəfəsində olan Nisə Qasımova Lent.az-a “Məktəb illəri”ni danışır.

Nə az, nə çox 3 məktəb dəyişmişəm

Bakıda Sovetski məhəlləsində doğulub, boya-başa çatmışam. Birinci və ikinci sinfi 20 nömrəli məktəbdə oxumuşam. Sonra bütün sinfi birlikdə Cəfər Cabbarlı adına məktəbə köçürdülər. 8-ci sinifdə isə Ukraynaya getdim. Qardaşımgil orada yaşadığı üçün mən də Ukraynada məktəbə getməli oldum. 9 və 10-cu sinifləri birtəhər orada oxumalı oldum. Uşaqlıqdan müğənni olmaq həvəsi məni yenidən Azərbaycana gətirdi. 1971-ci ildə geri döndüm. Ukraynaya getməmişdən əvvəl, lap uşaq vaxtı indiki “Bənövşə” uşaq xoruna yazıldım. Əfşar Cavanşirovun rəhbərliyi ilə xorda oxuyurduq. Həmin vaxt mənimlə birgə Firuzə İbadova da gəlirdi. Eləcə də indiki sənət dostlarımız bir neçəsi ilə birlikdə idik.

Xoşlamadığım müəllimin dərsini oxumurdum

Dərslərimi yaxşı oxuyurdum. 5, 4 qiyməti aldığım vaxtlar olurdu. Hərdən 2 də alırdım. Coğrafiyanı daha yaxşı oxuyurdum. Qəribə şagirdlik dövrüm olub. Tarix kitabında ibtidai, feodalizm quruşuna aid bölmələri yaxşı oxuyurdum. Sonra indiki tarixə yaxınlaşdıqca başladım farmazonluq etməyə. Daha çox bədii xüsusiyyətləri ilə seçilən yazıları oxuyurdum. Tarix dərsində maraqlı süjet xətti olan dərsləri yaxşı oxuyurdum. Çətin yazılar, rəqəmlər, xronologiya olan dərsləri oxumurdum. Həndəsə, cəbr, riyaziyyatdan başımı tutub qaçırdım. Mənim üçün ən maraqlı fənn isə ədəbiyyat idi. Necə ki, indi hər mahnıda sözü, kəlmənin çəkisinə diqqət edirəm, o zaman da elə idi. Ən zəhləm gedən hal incə saitlər idi. Xüsusən əə, ii əə, təkrarlanandan əsəbiləşirdim. Hansı müəlliməni sevirdim, dərslərini öyrənirdim. Sevmədiyim müəllimənin dərsini oxumurdum. Parta yoldaşımın arxasında gizlənirdim ki, məni görüb dərsə çağırmasın.

Oğlanı necə vurdumsa, qan apardı

Əslində çox sakit uşaq olmuşam. Taleyimə baxın mənim. O vaxtdan heç kimlə işim olmayıb. Ancaq bir halda özümdən çıxardım ki, kimsə mənə toxunsun. Bir dəfə coğrafiya dərsi idi. Bir neçə gün dərsə getməmişdim. Qızdırmam var idi. 4 gün dərs buraxdıqdan sonra sinif yoldaşlarımdan dərsin yerini öyrəndim. Amma yaxşı öyrənməmişdim. Qalxdım ki, cavab verim. Həmin ərəfədə də mənim partamın taxtası qırılmışdı. Yəni, asanlıqla çıxartmaq olurdu. Müəllimə mənə dedi ki, dərsi niyə yaxşı öyrənməminsən? Mən də hazırlaşırdım deyim ki, xəstələnmişdim. Arxadakı oğlan dərhal dedi ki, sağalmaz xəstəliyə tutulub ona görə. Çox pis əsəbiləşdim. Partanı götürün ilişdirdim oğlanın başına. Bir də baxdıq ki, oğlanı qan aparıb. İndi o hadisəni xatırlayanda utanıram. Amma məni sancanın cavabını mütləq verməliyəm.

İlk sevgi...

Qəribə xüsusiyyətlərimdən biri də o idi ki, sinifdə bir-birini sevən oğlan və qızlara baxırdım. Onlar bir-birilərinə baxırdılar, mən də onlara... Düzünü deyim ki, yadıma gəlmir kimsə mənə sevgi etirafı etsin. Həqiqətən. Heç yadımda deyil. Gör neçə illər keçib. İndi hər şey tamam başqa cürdür. Yəqin ki, kimlərsə sevib. Bəzən olurdu ki, sinif yoldaşlarım gəlib deyirdi ki, filankəsin səndən xoşu gəlir. Bir kəlmə deyirdim ki, qələt edir, vəssalam. Ola bilərdi ki, ürəyimdə başqa şey fikirləşmişəm. Bəlkə də kimdənsə xoşum gəlib. Nə bilim...

Məktubu atama oxudum...

Amma Ukraynadan gələndən sonra mənə teleqramlar gəlməyə başladı. 8 mart, Yeni il və digər bayramlarda təbrik teleqramı alırdım. Sonra teleqramlar sevgi məktublarına çevrildi. Mən elə ilk məktubu 1971-ci ilin iyul-avqust aylarında almışam. Həmin məktubu da atama oxudum: “Salam. Bunu Azik yazıb. Sən, bilirsən ki, mən səni sevirəm. Yadına gəlir, biz uşaqlarla şənliyə qatılmışdıq. Sən, onda gedib gitaraçalanların yanında oturdun, onlarla mahnı oxudun, çıxıb getdin. Mən istəyirdim ki, sənə ürəyimi açım. Amma alınmadı...” və sair. Atam əvvəl-əvvəl acıqlandı. Məyus oldu. Dedi ki, sən dağlı qızısan. Bizdə həya-abır məsələsi var. O başqa yerdəndir. Bu məsələ burada bitsin.

Çox xoşbəxt idim

Məktəb illərindən xoş xatirə? Düzünü deyim, heç nə (kədərlənir). Təsəvvür edirsiniz, heç nə! Burada deyirlər, sağlıq olsun, ardı var. Bu gün o illərə baxanda deyirsən ki, nə xoşbəxt illərimiz var idi. Amma həmin günləri yaşayan zaman deyirsən ki, mən nə əzab çəkirəm? Mənə bu dərslər, bu imtahanlar lazımdırmı? Bir növ narazlıqla yaşayırıq. Neçə illərdən sonra deyirsən ki, kaş yenə yaşayardıq. Hamı kimi mən də indi söyləyirəm ki, o illər bambaşqa idi. Bütün sevinc və kədəri ilə müsbət xatırlayıram. Çox xoşbəxt idim.
Ailəmiz maddi cəhətdən normal yaşayıb. Əslində rəhmətlik valideynlərim çalışırdılar ki, hər şey qaydasında olsun. Məsələn, bizim seçilən xüsusiyyətlərimizdən biri də o idi ki, məktəbli formamız hər il Moskvadan gəlirdi. SSRİ ölkələrinin məktəbləri hamısı eyni formada geyinirdi. Qəhvəyi rəng don, qırmızı qalstuk olmalı idi.

Deyirdilər ki, gərək qız qaş-qabaqlı olsun...

Ata-anamın arzusu idi ki, mən müğənni olum. Ona görə də 6 yaşımdan, bağça dövrümün son aylarından oxuyurdum, rəqs edirdim. Atamın çox yaxşı səsi var idi. Ümumiyyətlə, dağlıların çox yaxşı səsi olurdu. Qohumlarım arasında da elə etiraz olmurdu. Düzdür, sovet vaxtı deyirdilər ki, aman-aman dağlıların əlindən. Ona görə də mənim müğənni olmaq istəyim paradoksal bir düşüncə idi. Deyirdilər ki, qız gərək qaş-qabaqlı olsun, qısa geyinməsin. Bəxtim onda gətirdi ki, hüquq-mühafizə orqanlarında işləyən atam çox sivil düşüncəli idi. Bunlar hamısı mənim həyatıma təsir etdi və mən bu arzumu gerçəkləşdirə bildim.

Müəllim mənə elə söz dedi ki...

Dediyim kimi, uşaq vaxtından xorda oxuduğum üçün dərslərimə çox diqqət yetirmirdim. Daha çox musiqiyə meylli idim. Bəlli olurdu ki, mən mahnı oxumaq arzusunda yaşamışam. Şagird kimi yaxşı idim. Böyük sözünə qulaq asırdım, ehtiram edirdim. Baxmayaraq ki, bəzi müəllimlər kobud davranırdı. Bunlardan da biri heç yadımdan çıxmaz. Bir dəfə Abbas Səhhətin “Vətən” şeirini danışmaq üçün lövhə qarşısına çıxdım. Başladım bunu emosional təqdim etməyə. Birinci bənddən ilk sətri dedim və başladım xəyallara dalmağa. Bu şeir mənə mahnı kimi gəldi. Elə bildim yenə mahnı oxuyuram. Yenə bir sətir dedim fikrə daldım. Gözləmədiyim halda müəllimə dedi ki, uşaq xorunda oxuyanda ağzını uzunqulaq kimi açırsan. Aman, bu söz mənə elə təsir etdi ki. Çox məyus oldum. Sakitcə gedib yerimdə oturdum. Çox incidim bundan.

Sinif yoldaşlarımı əksəriyyəti ilə küsülü qaldım...

8-ci sinifdə sinif yoldaşlarımın çoxu ilə əlaqəni kəsdim. Adətən, belə bir qayda var idi. Şagirdlərdən kimsə xəstələnirdisə, sinif yoldaşları onun yanına gedirdi. Bir dəfə mən xəstələnmişdim, yanıma 3-4 nəfər uşaq gəlmişdi. Ondan incidim və əlaqəni birdəfəlik kəsdim. Bu gün də peşman deyiləm. Mən kinli olmasam da, tərs insanam. Sinif uşaqlarından birdəfəlik üzülüşdüm. Sonra tanınmış müğənni olduqdan sonra onlar çalışdılar ki, mənimlə görüşsünlər. Mən isə istəmədim. Amma İncəsənət İnstitutunu bitirmişəm və mən tələbə yoldaşlarımla görüşürdüm. Vaxtımın olmayan vaxtında mən onlarla görüşməyə çalışmışam. Sinif yoldaşlarımla isə, yox...

Ukraynada bəxtim gətirdi...

Ukraynada oxumaq mənə o qədər çətinlik yaratmadı. Şansım onda gətirdi ki, Dağlı məhəlləsində qonşularımız hamısı rus dilli idi. Ona görə də mən uşaqlıqdan alışmışdım. Rus dilində sərbəst danışıb, yaza bilirdim. Amma tədris tamam başqa idi. Mən orada güzəştli idim. Müəyyən suallar ətrafında, öz qavradığım kimi danışırdım.

Musiqi səsi eşidəndə özümü saxlaya bilmirdim

Ukraynadan bir adət yaranmışdı. Hər həftə kluba yığışıb, uşaqlarla mahnı oxuyurdum. Oxumaq harada varsa, orada gedirdim. Azərbaycanda eyvandan aşağı baxırdım. Gördüm ki, qonşu oğlanlarımız müxtəlif musiqi alətləri götürüb oxuyublar. Canlı musiqini eşidib, ürəyim partlayırdı. Atama dedim ki, mən də gedirəm küçədə oxumağa. O da dedi ki, sən deyəsən hələ də Ukraynada olduğunu sanırsan? Bəs sabah deməzlər Fətullah, sənin qızın bu qədər oğlanın içində nə gəzir? Otur oturduğun yerdə. Amma oğlanlarla birgə futbol oynadığım vaxtlar olub. Həmişə də iddia edirdim ki, qapıçı mən olum. Kimdən xoşum gəlirdisə, topunu qapıdan buraxırdım. Zəhləm gedən adamın isə qolum-qıçım cırılsa da topunu tuturdum.

Anam bizi çox döyürdü

Bilirsən anam məni nə qədər döyüb. Əslində yaxşı edib. Anam çox sərt xarakterli idi. Bəzi analar kimi hər dəqiqə övladının alnından üzündən öpmürdü. Deyirdi, mən onu öpürəmsə, o buna layiq olmalıdır. Mən hər dəqiqə mənə yaxın olanları qucaqlayıram, öpürəm. O isə sərt idi. Həyətdə söyüş söyən oğlanlarla görəndə, onlarla oynayanda çırpırdı bizi. Çox pis kötəkləyirdi. Amma atam işdən gələndə anamın bizi döydüyünü bilirdi. O da anamın ən bahalı büllur qablarını götürüb sındırmaqla ona dərs verirdi. Bizdə ailə dəyərləri möhkəm olub. Biz 3 qardaş, iki bacı olmuşuq. Qardaşımın biri 26, digəri isə 41 yaşında dünyasını dəyişdi. Atam 59 yaşında vəfat etdi, anamı isə 2 il öncə itirdim...

***

Müsahibdən sonra Nisə xanımdan uşaqlıq illərinin yadigarı olan fotoları istəyəndə o, belə cavab verdi: “Açığı, lap körpəlikdən bir fotom var idi. Onu da itirmişəm. Çox sevirdim o fotomu. Məktəb illərini və gənclik illərində olan şəkillərimin hamısını cırıb yandırmışam. Ona görə də heç nə qalmayıb”...

Jalə Məmmədli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9531
avatar

Jalə Məmmədli

Oxşar yazılar