27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”
30 oktyabr 2025 10:27 (UTC +04:00)

27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”

0

30 oktyabr – 1 noyabr tarixlərində Bakı səhiyyə sektorunun əsas görüş nöqtəsinə çevriləcək. Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025” yenidən səhiyyə peşəkarlarını, tibb müəssisələrinin rəhbərlərini, sahibkarları, distribütorları və investorları bir araya gətirir.

Dövlətin səhiyyə sisteminin modernləşdirilməsinə yönəlmiş islahatları, bu sahənin son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyması və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi fonunda keçirilən “Medinex” sərgisi innovasiyaların, bilik mübadiləsinin və yeni əməkdaşlıqların təşviqinə xidmət edən vacib platformadır.

“Medinex” sərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən dəstəklənir. Eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB sərgidə öz stendləri ilə iştirak edirlər.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “Medinex” sərgisindən bəhs edərkən bu tədbirin yeni imkanların yaranmasına və qarşılıqlı əməkdaşlıqların qurulmasına şərait yaratdığını bildirmişdir: “Bu gün müasir texnologiyaların tətbiqi tibb sahəsində daha çevik, səmərəli və şəffaf idarəetməyə, həmçinin pasiyent məmnuniyyətinin yüksəlməsinə səbəb olur. “Medinex” sərgisi məhz bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Burada səhiyyə mütəxəssisləri, avadanlıq tibbi sərf və ləvazimat istehsalçıları, eləcə də investorlar bir araya gələrək bilik və təcrübə mübadiləsi aparır, yeni əməkdaşlıq imkanları formalaşdırırlar. Bu sərgi həm də ölkəmizdə tibbi texnologiyaların inkişafına, beynəlxalq tərəfdaşlıqların güclənməsinə və səhiyyə sahəsində ən son yeniliklərin tətbiqinə təkan verir. Əminəm ki, sərgidə nümayiş olunan hər bir yenilik və təcrübə, gələcəkdə Azərbaycan səhiyyəsinin dayanıqlı inkişafına, vətəndaşların isə sağlam həyat tərzinin təmin edilməsinə töhfə verəcək.”

Öz növbəsində  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd etmişdir ki, “Medinex” səhiyyə sahəsində ən son nailiyyətləri və innovativ həlləri təqdim etmək üçün əhəmiyyətli platformadır. “Agentlik olaraq, sərgidə icbari tibbi sığorta sisteminin üstünlükləri, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlər və yeni layihələrimiz haqqında məlumat veririk. Eyni zamanda, səhiyyə mütəxəssisləri və tərəfdaşlarla əməkdaşlıq imkanlarını genişləndiririk. “Medinex” sərgisi həm dövlət, həm də özəl səhiyyə müəssisələri ilə əməkdaşlığı gücləndirmək, yeni texnologiyaları və ən yaxşı təcrübələri öyrənmək baxımından böyük fürsətlər yaradır. Bu tədbirdə iştirakımızla vətəndaşlarımızın sağlamlığını qorumaq və tibbi xidmətləri əlçatan etmək üçün daha bir addım atmış oluruq. Əminəm ki, “Medinex” sərgisi qarşılıqlı faydalı əməkdaşlıqların qurulmasına və səhiyyə sektorunun inkişafına mühüm töhfə verəcəkdir.” 

Azərbaycanın əczaçılıq sektorunda lider mövqeyə sahib “Zeytun Pharmaceuticals” şirkəti isə artıq ikinci ildir ki, “Medinex” sərgisinin qızıl sponsoru qismində çıxış edir.

Hazırda Azərbaycan ilə yanaşı, Belarus, Cənubi Koreya, Çin, Misir, Oman, Özbəkistan, Polşa, Qazaxıstan, İtaliya, Rusiya Federasiyası, Türkiyə və Ukraynadan 80-ə yaxın şirkət sərgidə iştirakını təsdiq etmişdir. Bu il “Medinex” sərgisinə xarici iştirakçıların marağı daha da artmışdır. İtaliya, Misir, Oman və Ukrayna “Medinex” sərgisində milli pavilyonlarla təmsil olunurlar. Bu, Azərbaycanda səhiyyə sahəsinə artan beynəlxalq marağın göstəricisidir və müxtəlif ölkələrin bu sahədə əməkdaşlıqda maraqlı olduqlarını nümayiş etdirir.

Sərgiyə bir sıra ölkələrdən yüksək səviyyəli qonaqların da qatılması gözlənilir. Ukraynanın səhiyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “Medinex” sərgisini ziyarət edəcək. Eyni zamanda, sərginin ikinci günü – 31 oktyabr tarixində Ukraynanın səhiyyə naziri Viktor Lyaşko, səhiyyə nazirinin müavini Edem Adamanov, Ukrayna Parlamentinin üzvü və Ukraynanın əczacılıq sahəsində fəaliyyət göstərən şirkətlərinin nümayəndələrinin iştirakı ilə “İkitərəfli Əczaçılıq Müzakirəsi: Dialoqdan Əməkdaşlığa – Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları” adlı sessiya keçiriləcək. Sessiya çərçivəsində iki ölkə arasında əczaçılıq sahəsində əməkdaşlıq imkanları, investisiya perspektivləri və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

“Medinex” səhiyyə və tibb sahəsinin əsas sektorlarını əhatə edir. Sərginin əhatə etdiyi bölmələr tibbi avadanlıq və cihazlar, tibbi xidmətlərdə informasiya texnologiyaları, tibbi ləvazimatlar və istehlak materialları, əczaçılıq, vitaminlər və bioloji aktiv əlavələr, ortopedik cihazlar və avadanlıqlar, protez texnologiyaları və dəstəkçi cihazlar, stomatoloji avadanlıqlar, alətlər və xidmətlər, optik və oftalmoloji avadanlıqlar, uşaq tibbi avadanlıqları və ixtisaslaşmış xidmətlər, innovativ laboratoriya avadanlıqları və texnologiyaları, farmasevtik istehsal avadanlıqları və hazır həllər, tibb müəssisələri və apteklər üçün mebel, tibbi təhsil və hazırlıq, sağlam həyat tərzi üçün həllər, tibbi nəqliyyat və təcili yardım xidmətləri və s. ibarətdir.

Sərgi çərçivəsində gözəllik sahəsini əhatə edən "Beauty Azerbaijan" sektoru üzrə məhsul və xidmətlər nümayiş olunur. 

Sərginin ilk günü, açılış mərasimindən öncə, Bakı Ekspo Mərkəzinin foyesində “Medinex 2025” iştirakçıları – həkimlər, səhiyyə mütəxəssisləri və digər dəvət olunmuş qonaqlar üçün “Səhər Kokteyli” təşkil edilmişdir.
İlk dəfə keçirilən bu tədbir səhiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislər arasında ünsiyyət, netvörkinq və əməkdaşlığın möhkəmləndirilməsi məqsədi daşıyır. “Səhər Kokteyli” maraqlı tərəflər arasında faydalı dialoq üçün imkanlar yaratmışdır. “Səhər Kokteyli”nin sponsoru “Zeytun Pharmaceuticals” şirkətidir.

Bununla yanaşı, “Medinex 2025” çərçivəsində sosial korporativ məsuliyyət layihəsi kimi qanvermə aksiyası keçirilir. Bu xeyriyyə təşəbbüsü Bakı Ekspo Mərkəzinin foyesində fəaliyyət göstərən qanvermə məntəqəsində 30 oktyabr - sərginin ilk günü təşkil olunmuşdur. Aksiya “Medinex” sərgisinin təşkilatçılarının təşəbbüsü ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Hemofiliyalı Xəstələrin Assosiasiyası və Respublika Klinik Xəstəxanasının Qan Bankı tərəfindən birgə həyata keçirilir. Tədbirin məqsədi cəmiyyət arasında donor mədəniyyətinin təşviqi, eyni zamanda ehtiyacı olan pasiyentlərə real yardım göstərməkdir. Sərginin bütün iştirakçıları və ziyarətçiləri bu nəcib xeyriyyə təşəbbüsünə qoşularaq sosial həmrəyliyə öz töhfəsini verə və ehtiyacı olan uşaqlara dəstək göstərə bilərlər.

“Medinex 2025” çərçivəsində zəngin işgüzar proqram təqdim olunmuşdur. Ənənəvi olaraq, sərginin təqdimat zonasında tibb sahəsinin önəmli mövzularını əhatə edən panel müzakirələri, təqdimatlar, eləcə də seminarlar ziyarətçi və iştirakçıların diqqətini cəlb edəcəkdir.  

Ziyarətçilərə yalnız tibbi texnologiyaların nümayişi deyil, həm də praktiki biliklərin paylaşılacağı maraqlı və faydalı təlim təqdim olunacaqdır. Sərginin ilk və son günü həyati əhəmiyyət daşıyan “İlkin Tibbi Yardım Təlimi: BLS (Təməl Həyata Dəstək) – Hər Kəs Üçün” adlı təlim keçiriləcəkdir.

Təlimdə ilkin tibbi yardımın düzgün göstərilməsinin insan həyatında oynadığı rol və bu biliklərin hər bir fərd üçün vacibliyi barədə praktik və maarifləndirici məlumatlar paylaşılacaq. Təlim zamanı iştirakçılar təhlükəsiz və effektiv ilkin yardımın əsas prinsipləri ilə tanış olacaqlar. Bu təlimin məqsədi – təcili vəziyyətlərdə düzgün reaksiya vermə bacarığını artırmaq, tibbi savadlılığı gücləndirmək və cəmiyyətin sağlamlıq təhlükəsizliyinə töhfə verməkdir.

Üç gün ərzində təqdimat zonasında təşkil ediləcək "Hüceyrə və gen terapiyası", "Beyin törəmələrinin müalicəsində yeni üfüqlər", "Endokrinologiya. Şəkərli və şəkərsiz diabet" adlı ekspert sessiyaları, “Hemofiliyanın Multidisiplinar Müalicəsi”nə dair seminar, "Revmatologiya bu gün", "Müasir onkomammologiyada onkoplastik cərrahiyyə anlayışı", "Koqnitiv pozuntu və depressiya" adlı keys sessiyaları, "Onurğa əyrilikləri, skolioz, kifoz və lordozun 3D ölçülü SCHROTH üsulu ilə müalicəsi", "Uşaq kardiologiyasında genetika - elmdən praktikaya" adlı təqdimatlar, "İnvaziv radiologiya - TAVI", "Tibbi xidmətlərin inkişafında keyfiyyətin idarəolunması və infeksion nəzarət", "İrsi onkoloji sindromlar" adlı panel müzakirələri tibbin mühüm mövzularını diqqət mərkəzində saxlayacaqdır.

Eyni zamanda sərgi çərçivəsində “Kalgari–Kembric modeli: İlkin konsultasiyanın beynəlxalq standartları” mövzusunda maraqlı seminar da keçiriləcək. Seminar zamanı ilkin pasiyent konsultasiyası prosesində beynəlxalq təcrübələr və müasir yanaşmalar təqdim olunacaq. Eləcə də, "Pasiyentin səyahət xəritəsi: Müasir Özəl Klinikaların İdarəedilməsinin Əsasları" adlı mövzusunda seminar baş tutacaq. Bu seminarlar xaricdən dəvət olunmuş ekspertlər tərəfindən keçiriləcəkdir.

“Medinex 2025” sərgisi səhiyyə mütəxəssislərini bir araya gətirən səmərəli müstəvidir. Sərgi səhiyyə sahəsində fəaliyyət göstərən şirkətlər və peşəkarlar üçün unikal imkanlar təqdim edir. Burada iştirakçılar həkimlər, klinikalar, distributorlar və investorlarla birbaşa ünsiyyət quraraq yeni tərəfdaşlıqlar formalaşdırmaq fürsəti əldə edirlər. Bundan əlavə, sərgi çərçivəsində B2B və B2G görüşləri vasitəsilə yerli və beynəlxalq əməkdaşlıqlar üçün konkret perspektivlər açılır.

Sərginin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) da layihəyə dəstək göstərir.

“Medinex” sərgisinin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” çıxış edir.

2025-ci ilin payız sərgilərinin rəsmi otel tərəfdaşları “Absheron Hotel Group”, “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City", florist tərəfdaşları "Gloria Flowers" və “Buketeria”, səyahət tərəfdaşı "Greenwich Travel Club" şirkəti, rəsmi “outdoor” reklam tərəfdaşı “Bilbord.al” şirkəti, eləcə də digər rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services” şirkətləri çıxış edir.

Sərgi ilə bağlı daim yenilənən məlumatı sərginin internet səhifəsindən (www.medinex.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.


1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar