<b> “Anamın qızıllarını taxıb məktəbə getdiyimə görə kötək yedim” – <span style="color:red;">SÖHBƏT </b>
15 mart 2014 11:30 (UTC +04:00)

“Anamın qızıllarını taxıb məktəbə getdiyimə görə kötək yedim” – SÖHBƏT

“Ağ önlük geyinmişdim. Başımda da ağ lent. Çox həyəcanlıydım. Müəlliməm yanımda göy gözlü qız oturtmuşdu. Gözəl gözləri vardı. Hələ də gözümün önündən getmir”.

 

Bunu məktəb illərini xatırlayan müğənni Elnarə Xəlilova deyir. Lent.az oxucuları yəqin söhbətin nədən getdiyini bildilər. Lent.az-ın “Məktəb illəri”nin qonağı müğənni Elnarədir. Müğənninin məktəb illərində kimi döydüyünü, niyə diqqət mərkəzində olduğunu, anasının qızıllarını taxıb hara getdiyini bilmək istəyirsizsə, buyurun. Beləliklə, Elnarə və “Məktəb illəri”.

 

 

- 1987-ci ildə 278 saylı orta məktəbə getmişəm. Orda cəmisi bir il oxudum. Evimizi dəyişdik deyə 144 saylı məktəbə keçdim. Məktəbimiz Milli Qəhrəman Namiq Babayevin adını daşıyır. İkinci sinifdən ta sona qədər orda oxudum. Üç müəlliməmi nisbətən daha çox sevmişəm. Abidə, Solmaz və Gülnaz müəllimələri. İlk müəlliməm Abidə müəllimə olub. Ailə qurmadığı üçün bizimlə öz balası kimi davranırdı. Təzə məktəbdə Abidə müəllimədən sonra Solmaz müəlliməyə alışdım. Solmaz müəllimənin ciddi, ağır xarakteri vardı. Beşinci sinifdən sonra sinif rəhbərimiz Gülnaz müəlliməydi. Müəllimlərim məni çox istəyərdilər. Mən də öz növbəmdə onları heç vaxt incitməzdim.

 

 

- Məktəbi əla qiymətlərlə oxumuşam. Humanitar fənlərə marağım daha çox olub. Ümumiyyətlə, sənət adamlarının çoxu belədi. Dil-ədəbiyyat, ingilis dili, coğrafiya və tarixi sevirdim. Dəqiq elmlərlə mənimki heç düz gətirməyib. Kimya, fizika, cəbr, həndəsə işgəncəydi mənə. Buna baxmayaraq, qiymət xətrinə oxuyardım. İndi bunların sayəsində bilik bazam var.

 

 

- Məktəbdə üç qız rəfiqəydik. Kəmalə, Nisə və mən. Axşamlar məktəbin həyətinə toplaşıb hansı ali məktəbə qəbul olacağımızı müzakirə edərdik. Məktəb illərində biz üçümüz hamıdan seçilərdik. Necə deyərlər, hamının gözü bizdə olardı. Çox gözəl qızlar idik. Sadəliyimiz bizim gözəlliyimiz idi. Hər kəslə dil tapar, mehriban dolanardıq. Müəllimlərimiz də bizi sevərdi. Dostluğumuz hələ də davam edir. İndi üçümüz də ailəliyik. Nisəylə mənim üç, Kəmalənin bir uşağı var. Hələ də görüşüb, söhbətləşirik. Elə bu yaxınlarda birlikdə suşi yedik.

 

 

 

- Çox aktiv məktəb illəri keçirmişəm. Məktəb olimpiadasında, şən və hazırcavablar komandasında iştirak edirdim. Özümüzün  “Arzu” adında komandamız vardı. Mahnılar bəstələyir, şeirlər qoşardıq. Məktəb illərinə çox qayıtmaq istəyərdim. Həm də çox. Gözəl, qayğısız illər idi. Dərsdən o qədər qaçmışıq ki. Yüngülvari cəzayla qurtulurduq. Elə də olurdu ki, valideynlərimizi məktəbə çağırırdılar. Dalaşqan idim. Uzun hörüklərim vardı. Oğlanlar hörüklərimdən dartardılar. Mən də onları ayağımın altına alardım. Yaxşıca çırpardım (gülür).

 

 

- “Bir aprel” deyəndə yadıma məktəb illəri düşür. Bir dəfə qızları yaman aldatdım. O vaxtlar foto aparatlar rəqəmli deyildi, lentlə işləyirdi. Fotoaparata lent qoymadım. Qızların xeyli şəklini çəkdim, çəkdim...  Axırda da qızlara aparatda lent olmadığını dedim. Qızlar dəli olmuşdular. Az qalırdılar məni öldürələr.

 

 

- Məktəb illərində sevgi, məhəbbət? Bir deyildi, iki deyildi. Konkret bir nəfər haqqında söz deyə bilmərəm. Eyniylə indiki kimi məktəb illərində də mən diqqət mərkəzindəydim. Təkəbbür kimi qəbul etməyin, amma pərəstişkarlarım o vaxtlardan vardı. Ətrafımdakıların sevgisi mənim üçün adi hal idi (gülür).

 

- İki sinif yoldaşımızı itirmişik. Pərviz və Anar. O vaxt Pərviz cəbhə zonasında xidmət edirdi. Minaya düşüb həlak oldu. Cəmisi on doqquz yaşı vardı. Sakit, mülayim oğlan idi. Heç qarışqanı belə incitməzdi. İndi də tez-tez uşaqlar yığışıb onun məzarını ziyarət edirik. Nakam getdi. Anar isə bu yaxınlarda otuz üç yaşında infarktdan öldü. Anar əksinə, şuluq, deyib-gülən, zarafatcılıydı. Uşaqlarla ən son onun yas mərasimində görüşmüşəm.

 

- Sinif yoldaşlarımın əksəriyyəti yaxşı yerlərdə işləyirlər. Hər biri öz çalışdığı sahədə “as”dı. Onlarla daim fəxr edirəm. Baxmayaraq ki, məktəbi bitirmişik, münasibətimiz hələ də yaxşıdı. Hər hansı bir çətinliyim olanda, sinif yoldaşlarıma müraciət edirəm. Onlar da sağ olsunlar, çalışdıqları sahə üzrə köməklərini əsirgəmirlər.

 

 

- Şuluq olsam da, dilimə görə dilçəyim olub. Söz vaxtına çəkər. Bayram ərəfəsi idi.  Beşinci sinifdə oxuyurduq. Anamın bütün qızıllarını ondan gizli taxıb getmişdim. Anamın da elə bil ürəyinə danmışdı. İşdən icazə alıb şənliyimə gəlmişdi. Məktəbin pilləkənində anamla rastlaşdıq. Sırğaları saçlarımın altında gizlətmişdim. Amma barmaqlarıma taxdığım böyük üzükləri tamam unutmuşdum. Bu da anamın diqqətindən qaçmayıb. Elə yenicə “Ana, gəlmisən?” deməyimlə, anamın kötəyinin dəyməyi bir oldu (gülür).

 

 

- Son zəngi əla keçirdik. Sinif yoldaşımız Eşqingilin bağına toplaşdıq. Səhəri gözlərimizlə açdıq. Çaldıq, oynadıq. Video kaseti olmalıdı. İnanmayacaqsız, amma hələ də o kasetə baxmamışam. Son zəngdə də öz bəstələdiyim mahnılardan oxudum. İlk alqışlarımı üçüncü sinifdə almışam. Ana haqqında mahnı bəstələmişdim. Sözləri də özümün idi. Akt zalında özüm pianoda ifa edib, oxudum. Anşlaq, böyük ovasiya və alqışlar oldu.

 

-Bizim təhsil illərimiz Sovetin dağılması və Qarabağ müharibəsi illərinə düşsə də, o vaxtlar təhsilə diqqət başqa idi. İndi o təhsildən əsər, əlamət qalmayıb. Sinfimizin demək olar ki, hamısı ali məktəbə qəbul olmuşdu. Həm də əlavə müəllimdən dərs almadan. Gəlin görək, indi vəziyyət necədi?! Bir şagird təsəvvür edin ki, əlavə müəllim yanına getmədən universitetə daxil olsun. Mümkün deyil. Mütləq uşaq məktəbdən kənar kurslara, müəllim yanına getməlidir.

# 7097
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar