Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual övladın valideyndən hansı halda imtina etməsi ilə bağlıdır?
Lent.az xəbər verir ki, valideyn və övladın arasındakı qohumluq faktına əsaslanan hüquqi münasibətlərin kəsilməsi yalnız valideynlik hüququndan məhrum edilmə nəticəsində mümkün olur. Bu isə övladın valideyndən imtina edilməsi deyil, fərqli bir prosedurdur.
Valideynin valideynlik hüququndan məhrum edilməsi üçün Ailə məcəlləsində bu əsaslar nəzərdə tutulub:
1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
2. alimenti qəsdən ödəmədikdə;
3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
4. valideynlik hüquqlarından sui-istifadə etdikdə;
5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.
Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, övlad ürəyi istədiyi halda və zamanda valideyndən imtina etmək (hüquqi cəhətdən, sənəd üzərində) hüququna malik deyil. Faktiki olaraq övlad öz valideynini atıb getsə də, onların arasındakı hüquqi əlaqə kəsilmir və onlar övlad-valideyn olaraq qalırlar. Bu hüquqi bağlılıq övladın istəyi ilə pozula bilməz.