Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vətənə xəyanət və dövlət çevrilişi ittihamı ilə həbs edilməsi Azərbaycanda və ölkə hüdudlarından kənarda böyük əks-səda doğurdu. Uzun müddət hakimiyyətdə təmsil olunan, lakin işdən çıxarılan kimi hakimiyyətə və dövlətə qarşı gizli planlar quran bu adamın əməlləri Azərbaycan xalqına bir o qədər də təəccüblü gəlmədi.
Çünki Ramiz Mehdiyev vəzifədə olduğu dövrlərdə intriqalarla dolu bir karyera həyatı yaşamışdı. Karyera yüksəlişini isə köləsi olduğu Rusiya imperiyasının maraqlarına xidmət etməkdə görürdü.
Ramiz Mehdiyevin xəyanəti
Ramiz Mehdiyev Rusiyanın köləsi olduğunu sonuncu həmləsi ilə bir daha isbatlamış oldu.
Belə ki, o, Azərbaycanla Rusiya arasında yaranmış gərginlikdən öz maraqları üçün istifadə etmək qərarına gəldi və dərhal köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu mesajını çatdırdı.
Ramiz Mehdiyevin şəbəkəsində kimlərin olması barədə rəsmi məlumat hələlik açıqlanmasa da, bu dəstənin kifayət qədər geniş olduğunu deyə bilərik.
Belə ki, Ramiz Mehdiyevin həbsindən bir müddət əvvəl SOCAR-ın investisiya departamentinin sabiq rəis müavini Adnan Əhmədzadə də vətənə xəyanət və iqtisadi cinayətlər ittihamı ilə həbs edilmişdi.
Adnan Əhmədzadənin xəyanəti
Məlumatlara görə, Adnan Əhmədzadə Bakı-Ceyhan kəməri ilə İtaliya və Rumıniyaya daşınan “Azeri Light” neftinə rus neftini qataraq satırmış.
Adnan Əhmədzadə uzun müddət SOCAR daxilində rus neftinin saxta sertifikatlarla Avropaya daşınmasına kömək edən şirkətlər şəbəkəsi yaradıb. Bununla da o, vətəninə xəyanət edərək Rusiyanın maraqlarına xidmət edib.
Ramiz Mehdiyevlə Adnan Əhmədzadə bir məqsədə xidmət ediblər
Analiz etdikdə Ramiz Mehdiyevin həbsi ilə Adnan Əhmədzadə işi arasında ortaq nöqtə görünür.
Birincisi, hər iki şəxs dövlətə xəyanətdə ittiham olunur;
İkincisi, hər iki şəxs Azərbaycanın dövlət maraqlarını eyni yerə - yəni, Rusiyaya satıblar;
Üçüncüsü, biri dövlətə siyasi xəyanət edib, digəri iqtisadi xəyanət;
Dördüncüsü, hər iki şəxsin əməllərində dövlət çevrilişi cəhdləri var - iqtisadi diversiya və siyasi diversiya.
Bu iki qrup bir-birindən kənar fəaliyyət göstərsə də, yekunda bir məqsədə xidmət ediblər.
Milli Məclisin deputatı Hikmət Babaoğlu da bizimlə eyni fikirdədir
Bu barədə Lent.az-a danışan deputat qeyd edib ki, Adnan Əhmədzadə və Ramiz Mehdiyevin əməlləri ortaq məqsədə xidmət edib:
“Elə cinayətlər var ki, onlar hüquqi kontekstdə, məntiq üzrə eyni maddələrlə səciyyələnir və oxşar cinayətlər hesab olunur. Vətənə xəyanət də, bunlardan biridir. Hüquqi kontekstdə Adnan Əhmədzadə və Ramiz Mehdiyevin cəhdlərini ortaq və sinxron fəaliyyət kimi qiymətləndirmək olar. Məhz Əhmədzadə və Mehdiyev əməlləri arasında bənzərlik buradadır.
Məsələ odur ki, dövlət çevrilişinə cəhdlər və vətənə xəyanət mütləq xarici faktorlarla əlaqəli olur. Həmin xarici güclər adamlarına bu addımları atmağa təşviq edirlər. Amma eyni məqsədə xidmət edən və eyni güc mərkəzi tərəfindən fəaliyyətə cəlb edilən həmin şəxslərin bir-birindən xəbəri ola da bilər, olmaya da bilər. Əsas məqsəd təbii ki, onların ortaq məqsədə xidmət etməsidir. Fikrimcə, hər iki cinayətin istintaqı aparılarkən, müəyyən mərhələdən sonra hüquq-mühafizə orqanları Ramiz Mehdiyev və Adnan Əhmədzadə arasında əlaqələrin olub-olmaması barədə qənaətə gələcəklər, hətta bəlkə də, artıq onlar bilirlər. Lakin ictimai rəy də, məsələni bu kontekstdə qiymətləndirməlidir”.