Rusiyanın Surqut şəhər məhkəməsi Azərbaycan vətəndaşını Rusiyanın sərhədini təkrarən qanunsuz keçdiyinə görə cəzasını iki il müddətinə ciddi rejimli həbsxanada çəkməklə azadlıqdan məhrum edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, azərbaycanlı bundan əvvəl ölkədən deportasiya olunmuş və 6 il müddətinə girişinə qadağa qoyulmuşdu.
Məlum olub ki, 2022-ci ildə qəsdən törədilmiş cinayətə görə cəzasını çəkdikdən sonra azərbaycanlı Rusiya ərazisindən deportasiya edilib. Lakin qadağaya baxmayaraq yenidən Qazaxıstan tərəfdən Rusiya sərhədini qanunsuz keçib.
Məhkəmə təkrar cinayət faktını və əvvəlki oğurluq məhkumluğunu nəzərə alıb.
Məhkum özünü təqsirli bildiyini və işinə xüsusi qaydada baxılmasını xahiş etdiyini bildirib, lakin hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Onun 2023-cü ilin avqustundan 2024-cü ilin may ayınadək Rusiyada olduğu müəyyən edilib, bundan sonra onu məcburi qaydada ölkədən çıxarmağa cəhd edilən zaman saxlayıblar.