Bunlar əslində Milad mövzusu olmayan (və ya Miladın cəmi bir neçə səhnədə ötəri şəkildə xatırlandığı), lakin milyonlarla insanın məhz Milad filmləri hesab etdiyi kult ekran işləridir.
Bayram mövsümündə çoxlarımızın sevdiyi şeylərdən biri də əyləncəli filmlər və seriallardır. Bəziləri hər il “Elf” və ya “Qrinç — Miladı oğurlayan” kimi şirin hekayələrə yenidən baxır. Amma qış bayramlarında tez-tez izlənilən və Milad filmi kimi qəbul edilən elə məşhur filmlər də var ki, əslində onlar bu janra aid deyil.
Lent.az Milada aid olmayan, amma çoxunun Milad filmi kimi tanıdığı filmləri təqdim edir.
Qremllər, 1984-cü il
Filmin hadisələri Milad ərəfəsində ABŞ-ın kiçik Kingston-Folls şəhərində cərəyan edir. Ata oğlu Billi üçün Gizmo adlı sirli bir varlıq hədiyyə edir, lakin ona qulluqla bağlı təhlükəli qaydalardan xəbərsiz olur. Qaydalar pozulduqda şəhəri aqressiv kiçik gremllər bürüyür və bayram ab-havası əsl kabusa çevrilir.
Sən yatarkən, 1995-ci il
Baş qəhrəman Lusi Moderats Çikaqo metrosunda çalışan tənha bir qadındır. Bir gün o, stansiyada baş verən bədbəxt hadisədən sonra tanımadığı Piter Kallaxanı xilas edir. Anlaşılmazlıq nəticəsində kişinin ailəsi Lusini onun nişanlısı hesab edir. Piter komada olduğu müddətdə Lusi onun ailəsi ilə yaxınlaşır.
Betmen qayıdır, 1992-ci il
Betmen Qotemi Osvald Kobbлpotun, yəni Pinqvinin yaratdığı təhlükədən qorumağa çalışır. Cinayətkar intiqam və siyasi hakimiyyət arzusundadır və əlbəttə ki, Betmeni məhv etmək istəyir. Tim Börtonun rejissoru olduğu bu film qotik üslubu və psixoloji dərinliyi ilə seçilən kult ekran əsəridir.
Sizə məktub var, 1998-ci il
Əsas qəhrəman Ketlin Kelli Nyu-Yorkda kiçik kitab mağazasının sahibidir. O, anonim şəkildə internet üzərindən bir kişi ilə yazışır, onun kimliyini bilmədən tədricən ona aşiq olur. Sonradan məlum olur ki, yazışdığı şəxs Ketlinin biznesini təhlükə altına alan iri kitab şəbəkəsinin sahibi Co Foksdur.
Edvard Qayçıəlli, 1990-cı il
Edvard əlləri yerinə qayçılara sahib olan süni yaradılmış bir insandır və köhnə bir qəsrdə tənha yaşayır. Kosmetoloq Peq Boqqs onu evinə aparır, burada Edvard şəhərətrafı həyatla tanış olur və Peqin qızına aşiq olur. Şəhər sakinləri əvvəlcə onun istedadına heyran qalırlar, lakin sonradan qorxu və anlaşılmazlıq üstünlük qazanır və cəmiyyətin əhval-ruhiyyəsi kəskin şəkildə dəyişir.
Çətin qoz, 1988-ci il
Nyu-York polisi Con Makleyn həyat yoldaşı ilə münasibətləri düzəltmək üçün Los-Ancelesə uçur. Milad şənliyi zamanı Nakatomi Plaza göydələnini terrorçular ələ keçirir. Makleyn təkbaşına mübarizəyə atılır və çevikliyi ilə dözümlülüyünü işə salır.
Harri Potter və Sehrbazın Daşı, 2001-ci il
Bu, on bir yaşlı Harri Potterin sehrbaz olduğunu öyrənməsi və Hoqvarts sehr məktəbinə qəbul olunması ilə başlayan məşhur hekayənin ilk hissəsidir. Orada Harri Ron Uizli və Germiona Qreyncerlə dostlaşır, keçmişinin sirləri və qaranlıq sehrlə ilk dəfə üzləşir.
Bricit Consun gündəliyi, 2001-ci il
32 yaşlı Bricit Cons həyatını dəyişmək qərarına gəlir və gündəlik yazmağa başlayır. O, iki kişi arasında qalır: cazibədar, lakin etibarsız bossu Daniel Kliver və təmkinli vəkil Mark Darsi. Film həmçinin Bricitin karyera, sevgi və özünü qəbul etmə arasında tarazlıq tapmaq cəhdlərindən bəhs edir.
Balaca qadınlar, 2019-cu il
Març bacıları — Co, Meq, Emi və Bet — ABŞ-da Vətəndaş müharibəsi dövründə böyüyürlər. Hər biri qadınlardan itaət və evlilik gözlənilən bir dünyada öz yolunu axtarır. Co yazıçı, Emi isə rəssam olmaq arzusundadır. Lakin bütün çətinliklərə baxmayaraq, ailə bağları onlar üçün ən əsas dəyər olaraq qalır.
Harri Salli ilə tanış olanda, 1989-cu il
Filmin əsas qəhrəmanları Harri Berns və Salli Olbrayt universiteti bitirdikdən sonra tanış olur və illər ərzində təsadüfən dəfələrlə qarşılaşırlar. Onlar həyat, sevgi və münasibətlər haqqında uzun söhbətlər edir və aralarında yalnız dostluğun mümkün olduğunu iddia edirlər. Zaman keçdikcə isə anlayırlar ki, əslində bir-birlərini sevirlər.