Stiven Siqal Bakıda konsert verəcək
02 dekabr 2015 10:59 (UTC +04:00)

Stiven Siqal Bakıda konsert verəcək

 

Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

 

Mərkəzdən APA-ya verilən məlumata görə, dekabrın 16-17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.

 

Qeyd edək ki, Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. O, musiqiyə aktyorluqdan daha əvvəl başlayıb. Siqal 12 yaşında gitara çalmağı öyrənib və əsasən, blüz janrına üstünlük verib.

 

İllərlə öz üzərində işləyən Stiven Siqal məşhur blüz əfsanələri - Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarens “Qeytmaut” ilə birgə ifalar edib, blüza olan sevgisini onlarla bölüşüb.

 

Stivenin anası onun “musiqisini dünya eşitməlidir” deyəndən sonra Siqal ilk albomunu buraxıb. 2005-ci ildə işıq üzü görən “Kristal mağaradan mahnılar” (“Songs from the Crystal Cave”)  albomu Avropa bazarında ən çox satılan albomlardan olub və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirir.

 

2006-cı ildə daha bir musiqi albomu - “Mojo Priest” təqdim olunub. Tənqidçilər tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılan “Mojo Priest” təkcə Stivenin sərt gitara üslubunu deyil, həmçinin blüzun əsasını qoymuş Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor, Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi əfsanələrin musiqisini də özündə birləşdirir.

 

Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərək - “Stiven gitara çalmaqda mahir ustadır” - deyib. Stivenin blüzu ənənəvi və mənalı bir tərzdə çatdırmaq istedadı onun yazdığı və ifa etdiyi musiqidə aydın görünür.

 

Qeyd edək ki, Stiven Siqalın böyük gitara kolleksiyası da var. O, bunu 1960-cı illərdən toplamağa başlayıb. Kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların gitaraları daxildir.

 

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və artıq 1988-ci ildə ilk filmi “Qanundan yüksəkdə” ekran əsərində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor “Mühasirədə”, “Ölümcül təhlükə”, “Məhvetmə qərarı”, “Keçmişin kölgəsi”, “Günəşin altında” və s. filmlərdə rol alıb.

 

Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.

Bu il sentyabrın 21-də Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olan Stiven Siqal Mərkəzin Auditorium zalına heyran olmuş və burada konsert vermək arzusunu bildirmişdi.

 

Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 340
avatar

Oxşar yazılar