Bir neçə gündür ki, xəstəxanaya yerləşdirilən xalq artisti Şəfiqə Axundova Lent. az-a səhhətindən danışıb: "Yaxşıyam. Narahat olmayın, mən həmişəki kimi sağlamam, özümə baxıram, arxayın olun".
Xalq artisti söhbət əsnasında klinikanın həkimlərinə də təşəkkürünü çatdırmağı unutmadı:
"Əla baxırlar burda mənə. Çox razıyam kollektivdən. Həkimlərdən olduqca razıyam" .
Xalq artistinin bacısı Rəfiqə Axundova deyir ki, Şəfiqə xanımın səhhəti əvvəlki günlərə nisbətən indi yaxşılaşıb. Bəstəkarın palataya nə zaman köçürüləcəyinin vaxtı isə hələ dəqiqləşməyib.
Qeyd edək ki, Şəfiqə Axundova iyulun 11-də Şəkidə olarkən qəflətən halı pisləşib. Xroniki qan dövranı çatışmazlığı, hipertoniya xəstəliyi, şəkərli diabet diaqnozu ilə Şəki Mərkəzi rayon Xəstəxanasının xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirillən xalq artisti daha sonra Bakıya Klinik Mərkəzə gətirilib.
Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub. 1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib. Ömürünün 90-cı yayını yaşayan Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb.