Məşhur rejissor dünyasını dəyişdi
Bu gün səhər teatr və kino rejissoru Rövşən Almuradlı dünyasını dəyişib. Lent.az-ın məlumatına görə rejissorun səhər saatlarında yaşadığı Sumqayıt şəhərində dayanacaqda vəziyyəti ağırlaşıb. Onu Təcili yardımla xəstəxanaya apararkən, yolda dünyasını dəyişib.
Qeyd edək ki, Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olub. 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. Aktyor kimi Tədris Teatrında fəaliyyətə başlayıb. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirib və Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçib.
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaradıb.
O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olub.
1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinə quruluş verib.
O, həmçinin kino rejissorudur. "Debüt" studiyasında "Hücum" adlı qısametrajlı bədii filmini çəkib. "Bəri bax" müstəqil kinostudiyasında tammetrajlı "Yük" bədii filminin quruluşçu rejissoru olub.
1994-cü ildə "Doğma" kino-povesti əsasında çəkilmiş "Ümud" bədii filminin müəllifidir. Son illər “Cavad xan” bədii filmini və “Əsgərlər unudulanda ölürlər” sənədli filmlərinin altından rejissor imzası atıb. “İsmayıl Şıxlı” sənədli filmi üzərində işləyirdi.
Allah rəhmət eləsin.
1267