Akademik Musiqili Teatrda bolqar yazıçısı Stanislav Stratiyevin “Avtobus” pyesi əsasında “Çarəsiz sərnişinlər” adlı tamaşa üzərində son məşqlər gedir.
Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin Lent.az-a verdiyi məlumata görə, tamaşa alleqorik, eksentrik və ya təxəyyül komediyası janrındadır.
Bu səhnə əsəri “Nuri-didə Ceyhun” tamaşasından sonra rejissorun Musiqili Teatrda ikinci işi olacaq.
“Yolçuluq”, “Sərxoş gecə”, “Çıxış yolu” adlanan üç hissədən ibarət olan tamaşada hadisələr avtobusun içərisində cərəyan edir. Məcburiyyət qarşısında bir araya toplaşan sərnişinlər birdən duyuq düşürlər ki, taleləri naməlum istiqamətə gedən avtobusu idarə edən sərxoş bir sürücüdən asılı qalıb. Bəlli olmayan ünvana, məqsədi və məramı aydın olmayan sürücü ilə eyni avtobusda, eyni taleyi yaşamağa məhkum olan sərnişinlər çarəsiz halda həyatın bu sürprizinə “sağ qalmaq” naminə sonadək müqavimət göstərirlər.
“Çarəsiz sərnişinlər” musiqili tamaşadır. Burada səsləndiriləcək musiqilər kənardan müşayiət formasında deyil. Musiqiçilər həm də obraz olaraq səhnədə qrup şəklində iştirak edəcəklər. Tamaşanın mərkəzində zamanın ritmindən çıxan, bir növ kənara düşən iştirakçı məhz, musiqi pauzasında özünü təqdim edir.
Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər Əzizağa Əzizov, Ələkbər Əliyev, Şövqi Hüseynov, Əkbər Əlizadə, aktyorlar Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Aydan Həsənova və Nicat Həbibov ifa edəcək. Tamaşanın musiqi tərtibçisi və quruluşçu dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.