Heydər Əliyev Fondundan Lent.az-a verilən məlumata görə, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak edib. Təqdimatdan əvvəl Leyla Əliyeva filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub. Təqdimat mərasimində çıxış edən İqor Bışnyov bildirib ki, “Quşlar cənnəti - Ağgöl Milli Parkı” “Azərbaycanın 9 möcüzəsi” layihəsi çərçivəsində lentə alınan sayca ikinci filmdir.
IDEA-nın “Azərbaycanın 9 möcüzəsi” layihəsi Azərbaycanın 9 milli parkında geniş sənədli filmin hazırlanmasını nəzərdə tutur. Layihə çərçivəsində ötən il “Şirvan Milli Parkı” adlı ilk sənədli film ictimaiyyətə təqdim olunub. Film Azərbaycanın yerli telekanallarında, habelə beynəlxalq film festivallarında, “Rossiya-Kultura” telekanalında nümayiş olunub.
Növbəti illərdə Göygöl, Şahdağ, Hirkan, Altıağac, Zəngəzur, Abşeron və Samur Yalama Milli parklarından bəhs edən filmlərin çəkilişi planlaşdırılır. IDEA İctimai Birliyi “Quşlar cənnəti - Ağgöl Milli Parkı” filmini ali təhsil müəssisələrində və IDEA-nın resurs mərkəzlərində nümayiş etdirməyi nəzərdə tutur. Layihənin məqsədi Azərbaycanın əsrarəngiz təbii gözəlliklərini təbliğ etmək və onların mühafizəsinin vacibliyini diqqətə çatdırmaqdır. Təqdimat mərasimində, həmçinin hazırda çəkilişləri aparılan “Göygöl Milli Parkı” filmindən kadrlar da nümayiş etdirilib.
Sonra “Quşlar cənnəti - Ağgöl Milli Parkı” sənədli filmi nümayiş olunub. Bir saata yaxın davam edən filmdə Ağgöl Milli Parkında məskən salan quşlar, habelə digər heyvan növləri, buranın təbii şəraiti hərtərəfli əksini tapıb. Filmdə, həmçinin Heydər Əliyev Fondu, IDEA İctimai Birliyi və Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsinə dair kadrlar da yer alıb.