Səudiyyə Ərəbistanının Ciddə şəhərində inşa olunan Jeddah Tower layihəsi tamamlandıqdan sonra dünyanın ən hündür binası olacaq. Hündürlüyünün 1 kilometri keçəcəyi gözlənilən bina bu göstəriciyə çatan ilk göydələn kimi tarixə düşəcək.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda dünyanın ən hündür binası Dubaydakı Burj Khalifadır. Onun hündürlüyü 828 metrdir. Lakin Ciddədə tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır. Məlumata görə, Jeddah Tower artıq planlaşdırılan 160 mərtəbədən 106-sına çatıb və tikilinin hündürlüyü 426 metri ötüb.
Mütəxəssislər hesab edirlər ki, yaxın aylarda bina 500 metr həddini də keçəcək. Göydələn "şaquli şəhər" konsepsiyası əsasında layihələndirilib. Burada mənzillər, ofislər, hotellər, ticarət və xidmət sahələri fəaliyyət göstərəcək. Binada ümumilikdə 59 lift quraşdırılacaq və istifadəyə yararlı sahənin 530 min kvadratmetr olacağı bildirilir.
Layihənin ən diqqətçəkən xüsusiyyətlərindən biri isə 640 metrdən yüksəkdə yerləşəcək müşahidə meydançasıdır. Bu, tamamlandıqdan sonra dünyada ən yüksək nöqtədə yerləşən müşahidə platforması olacaq və ziyarətçilərə Qırmızı dənizə panoramik mənzərə təqdim edəcək. Layihənin memarları Adrian Smith + Gordon Gill Architecture studiyasıdır. Maraqlıdır ki, memar Adrian Smith hazırda dünyanın ən hündür binası olan Burj Khalifa layihəsinin də müəllifidir.
Jeddah Towerın tikintisinə 2013-cü ildə başlanılıb. Layihə müxtəlif səbəblərdən bir neçə dəfə dayandırılsa da, 2025-ci ildən etibarən tikinti işləri fasiləsiz davam etdirilir. Bu nəhəng göydələn Səudiyyə Ərəbistanının "Saudi Vision 2030" proqramının əsas layihələrindən biri hesab olunur.
Layihənin məqsədi turizmi inkişaf etdirmək, iqtisadiyyatı neftdən asılılıqdan qurtarmaq və ölkənin beynəlxalq nüfuzunu artırmaqdır.