“Əgər kitabımı oxuyacaqsınızsa, onda hədiyyə verirəm, oxumayacaqsızsa, vermirəm”
AYB-nin Lənkəran şöbəsinin sədri İltifat Salehin Lent.az-a müsahibəsi
İltifat Saleh imzasını orta məktəb illərindən xatırlayıram. O vaxtlar bizim ədəbiyyat müəllimimiz dünya, respublika yazarları ilə yanaşı, bizə yerli yazarlarımızı da sevə-sevə tanıtdırardı, hətta sinfimizdə yerli yazarlarımıza ayrılmış stend də var idi, Əlisa Nicatı, Şəkər Aslanı, eləcə də İltifat Salehi həmin stenddəki fotolarından və kitablarından tanımışdım.
Vikipediyda barəsində yazılan ilk cümlələr bunlardır:
İltifat Saleh 1935-ci il iyunun 10-da Azərbaycanın Lənkəran rayonunun Boladi kəndində kolxozçu ailəsində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1954). ADPİ-nin tarix-filologiya fakültəsində təhsil almışdır (1956-1961).
İltifat müəllim hal-hazırda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədridir.
Onunla görüşmək, söhbət etmək istədim...
***
Dəhlizdə şair Ağamir Cavadla qarşılaşdıq və o, məni İltifat müəllimin kabinetinə ötürdü.
- Xoş gəlmisiz, - əsl centlmen kimi ayağa qalxıb qarşıladı, sonra Ağamirdən “Bəs kamera?” soruşdu, ümumi qısa söhbətdən anladım ki, Cənub Televiziya Şirkətinin əməkdaşları da bu gün müsahibə almaq üçün gələcəklər, Lent.azdan gəldiyimi dedim, öz kürsüsündən qalxaraq, elə mənimlə üzbəüz oturdu, bir az qocalıqdan giley etdi, bir az soyuqdan...
- Mənə kitab gətirmisiz? – ilk sualı o verdi.
- Gələn dəfə gətirəcəyəm, indi təəssüf ki, yoxdur, - dedim və o, öz iki kitabını mənə hədiyyə etdi: “Fikrin işığı” adlı aforizmlər və “Poetik testlər” adlı şeir kitabı.
- Baxın, qocalıqdan danışırsız, amma gənc çağdaş yazarlarımızdan daha uğurlu kitab adı seçmisiz, “Poetik testlər”, hələ içində də sərbəst şeirlər, çox maraqlıdır.
- Poetik testlərdi, vermişəm orda, məsələn, Qisas testi, Şairlik testi, Sevgi testi...bilmirəm alınıb, alınmayıb, hər halda, oxuyanlar yaxşı da deyirlər. “Azərbaycan” jurnalı da bunu vermişdi. İyirmi doqquz testdi, mən sonradan hesabladım və otuzuncunu da yazdım, amma bu otuzuncunu kitaba daxil etmədim, dedim, o iyirmi doqquzu birlikdə anadan olublarsa, elə o cür də çap olunsunlar, otuzuncu artıq ögey olacaq onlara.
- Burada bir şeir gördüm, - kitabı vərəqləyib, ilk misraları oxudum, - Vaqif Səmədoğlunu gördüm Bakıda, fotoaparat aşırmışdı çiynindən... Vaqif Səmədoğlunu son dəfə haçan görmüsüz?
Susur...Mənsə şeirin yazıldığı tarixə baxıram: 29 sentyabr, 1998.
- Elə deyəsən 98-də görmüsüz Vaqif müəllimi?!
- Həə, 98-də görmüşdüm...amma ondan sonra da görmüşəm, sadəcə şeiri həmin gördüyüm vaxt yazmışdım.
- AYB Lənkəran şöbəsi haqqında danışmağınızı istərdim.
- Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsi 1978-ci ildə yaradılıb. O zaman Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi işləyən İsa Məmmədovun və bizim bölgənin sayılıb-seçilən yazıçılarından Məmmədhüseyn Əliyevin təşəbbüsü ilə Mərkəzi Komitə qarşısında, o vaxt da Mərkəzi Komitə gərək icazə verəydi Azərbaycan Yazıçılar İttifaqına, beləcə, onların köməkliyi ilə bu bölmə yarandı. 1978-ci ildən 1990-cı ilə kimi Məmədhüseyn müəllim burada sədr işləyib, sonra ikinci sədr olub Şəkər Aslan, Şəkər Aslan da 1995-ci ilə qədər işləyib, sonra dünyasını dəyişib, 95-ci ildən də mən bu günə qədər işləyirəm. Yaradılmaqda məqsəd ədəbi qüvvələri Yazıçılar İttifaqının ətrafına toplamaq, onların kitablarının çapı, ümumiyyətlə ədəbiyyatın təbliği bölgədə yazıb yaradanlar üçün şərait yaratmaq olub, beləcə də fəaliyyət göstərib. Biz də hazırda öz işimizi ədəbiyyatı təbliğ üzərində qurmuşuq, gənc şairlərin kitabları üçün təqdimatlar etmək, yubileyləri təşkil etmək də ədəbiyyatı təbliğdir. Ətrafımızda altı rayon var: Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, bir də Astara. Təzə yaradılanda əgər beş-altı nəfər Azərbaycan Yazıçılar İttifaqının üzvü vardısa, indi bütün bu altı rayon üzrə əlli nəfərə qədər Yazıçılar Birliyinin üzvü var.
- Kitab çapı ilə bağlı fikirləriniz maraqlı olar...
- Kitabların çapı planlı və dövlət hesabına olan Sovet dövründə növbələr, senzura, müəyyən narazılıqlar olurdu, amma müstəqillik qazandıqdan sonra bunlar aradan qalxıb, nəşriyyatlar var, hər kəs öz kitabını özü çap etdirə bilir, amma əlbəttə ki, gərək bunun üçün müəllif özü pul versin. Pul verməsən, kitab çap olunmaz, kitab çap olunandan sonra da onu satmaq problemi var, çünki indi Azərbaycanda demək olar ki, kitab mağazası yoxdur. Məsələn, Bakıda Akademkitab var, Sabir bağıyla üzbəüz olan, aparırsan kitabı verirsən, səndən alır iki manata, satər üç manata, o da əgər satılsa...kitablar orada bir-birinin üstünə tökülüb qalıb, bu da effekt vermir. Müəllif də öz kitabını çap eləyib, qapı-qapı düşüb sata bilmir, odur bu kitab çapı və satışı məsələsi bütün müəllifləri düşündürür.
- Və bu, müəllifləri yazmaqdan soyudur...
- Yazmaq yanğısı başqadır, məsələn, AYB Lənkəran şöbəsinin bir “Şəfəq” jurnalı var, biz bu jurnalı öz hesabımıza öz pulumuzla çap edirik, dövlət buna pul ayırmır,
- Həmişə belə olub?
- Bəli, həmişə, elə yaranandan bəri, hələ Sovet dövründən bu yana biz bu jurnalı öz hesabımıza çap edirdik, satırdıq, əldə olunan pula yeni nömrəni hazırlayırdıq. İndi fasilələrlə çıxır bu jurnal, çünki, necə deyərlər, sponsorumuz yoxdur, bu işdə bizi dəstəkləyənimiz yoxdur. Baxın, o kitab rəfində bağlamalarda yüz ədəd jurnalımız qalıb, sata da bilmirik.
- İl ərzində jurnalın neçə sayı çıxır? Məsələn, 2013-də neçə dəfə çap etdirə bildiniz?
- Pulumuz olsa, hər rübdə çıxmalıdır, 2013-də cəmi iki dəfə çıxıb jurnal, 2014-də də Allah kərimdir.
- Paytaxtda AYB-AYO çəkişmələrini, gənc və yeni nəsil yazarların qarşıdurmasını uzaqdan da olsa izləyirik, bəs bölgədə vəziyyət necədir?
- AYB Lənkəran şöbəsində şaxələnmələr, bir-birinə qarşı ziddiyyətlər yoxdur, yazarlar öz kitablarını çap etdirirlər, biz burda onların təqdimatlarını təşkil edirik, bundan əlavə, Ağamir Cavadın, şair Ziyafətin, Mirhaşım Talışlının yubileylərini keçirtmişik, sağ olsunlar, Heydər Əliyev mərkəzində, Lənkəran Dövlət Dram Teatrında bizim üçün şəraitlər yaradılıb.
- Kitabların satışı da təşkil olunurmu bu cür təqdimatlarda?
- Satış yox, ancaq hədiyyə! Mən, məsələn, indi Sizə iki kitabımı hədiyyə etdim, lap əvvəldən də öz kitabımı satmamışam, mən kitabımı onu oxuyanlara verirəm, hərdən zarafatla dostlara deyirəm, əgər kitabımı oxuyacaqsınızsa, onda hədiyyə verirəm, oxumayacaqsızsa, vermirəm.
- Əvvəllər Lənkəranda müxtəlif ədəbi məclislər var idi, indi onlardan qalan varmı?
- Ən çox “Fövcül Füsəha” məclisi fəaliyyət göstərdi, Mirhaşım Talışlının rəhbərliyi ilə, amma on il olar ki, o məclis də yoxdur. Amma hal-hazırda bizdə “Ədəbi birlik” deyilən bir qurum var, hər həftənin şənbə günü, saat on birdə, yazıçılarımız, şairlərimiz burada yığışırlar, yeni yazılarını təqdim və müzakirə edirlər. Bütün bölgələrə xəbər etmişik, kim istəyirsə, altıncı günlər gəlsin, qatılsın.
- Paytaxtla əlaqələriniz necədi ?
- Paytaxtla əlaqə belədir ki, məsələn, hansısa tədbir keçirəndə, biz oradakı katiblərə zəng edirik, dəvət edirik, gələ biləndə gəlirlər, bəzən yol uzaq olduğu üçün alınmır. Amma idarəetmə AYB səlahiyyətindədir və bizə olunan tövsiyələrə əməl edirik, o qədər.
- Bir neçə il bundan qabaq bir məqalə yazmışdım və həmin məqaləyə görə Ağamir Cavad möhkəm incimişdi, həmin məqalədə qeyd etmişdim ki, əyalətdə yaşayan yazarın interneti yoxdursa onun nəinki dünyada, heç ölkə miqyasında tanınmağı mümkünsüzdü. AYB Lənkəran şöbəsinin isə kompüteri belə yoxdur. İndi, baxın, üstündən illər keçib, hələ də burada kompüter və internet imkanının olmadığını görürəm.
- Maliyyə imkanlarımız yoxdur, kompüter üçün maliyyə imkanı olmalıdır.
- Bəs istəmirsiz Bakıdan, tələb etmirsiz bunu?
- Bizi yerli maliyyə idarəsi maliyyələşdirir, onlar da son vaxtlar bizə ancaq aylıq əmək haqqı verirlər. Onlar da deyirlər ki, imkanlarımız məhduddur, bizsə öz növbəmizdə əlaqədar təşkilatlara məktublar yazmışıq, hələ ki, gözləyirik. İndi heç olmasa mühasibat hesabatlarını aparmaq üçün də olsa, hər idarənin öz kompüteri olmalıdır, görək də, bəlkə bizim də bəxtimiz üzümüzə güldü, bizə kompüter verdilər.
- İltifat müəllim, bu müsahibə internet saytı üçündür, hətta bunu oxumaq üçün də Sizə kompüter lazım olacaq, elə AYB-nin mətbu orqanlarını özündə cəm edən bir internet saytı da var, onları da izləmək imkanı üçün kompüterə ehtiyacınız var.
- Bəli, buna çox böyük ehtiyacımız var.
- Lənkəranda uzun illərdən sonra kitab mağazası açılıb, eşitdiyimə görə yarmarka da etmək istəyirlər, həmin gənclərlə əlaqə yaratmaq, birgə çalışmaq olar bəlkə.
- Eşitmişəm, çox da şadam, amma hələ ki, onlarda da yerli müəlliflərlə birgə işləmək formatı məsələsi hələ öz həllini tam olaraq tapmayıb, zamanla yəqin ki, bunlar da yoluna qoyulacaq. Ona qədər isə mən Cənub Televiziya Şirkətindən dəstək istərdim, ayda heç olmasa bir dəfə vaxt ayırsaydılar bizə, altı rayona deyirəm, bu, çox gözəl olardı, xalqla, oxucu ilə üz-üzə dayanmaq imkanımız yaranardı. Mən inanıram ki, ədəbiyyata maraq göstərən, ədəbiyyata aid verilişləri izləmək istəyən ziyalılarımız var, amma bu ədəbiyyatı onlara təqdim etmək lazımdır, heç olmasa, xəbərləri olsun ki, belə bir qurum var və bu yazarlar burada yazıb-yaradırlar...
***
Elə söhbətimizin bu yerində CTV əməkdaşları içəri daxil oldular, daha sonra yan otaqda olan şairlər də gəldilər: Ağamir Cavad, Xaqani, Tərlan.
Bir qədər birgə söhbətdən sonra şəkillər çəkdim, İltifat müəllimin mənə hədiyyə etdiyi iki kitabı, “Şəfəq”in iki sayını və bir də işığın sönə biləcəyi əyalət gecələrində şeir yaza bilmək üçün ən gözəl vasitə ola biləcək fənərli qələmi uşaq sevinci ilə alıb, onları tərk etdim.
Tez-tez qayıtmaq, görüşmək diləyilə!