Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin diplomatik korpusun nümayəndələri sərgi ilə tanış olublar.
"Magnum" fotoagentliyinin direktoru Klement Sakomani tədbirdə çıxışı zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib: "O cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyevaya minnətdarlığımı bildirirəm. Mən, eyni zamanda, Heydər Əliyev Fondunun icraçı direktoru və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova təşəkkürümü bildirmək istəyirəm. Biz görürük ki, belə bir möhtəşəm memarlıq əsərində müxtəlif mədəniyyətlər bir-biri ilə qovuşur. Anri Kartye-Bressonun "Paris" sərgisini sizinlə birgə burada seyr etməkdən böyük şərəf və iftixar hissi duyuruq. Bu məkanda, xüsusən də Bakı şəhərində böyük fotoqrafın əsərlərini sizinlə birgə seyr edəcəyik".
O, qeyd edib ki, A.Kartye-Bressonun "Paris" sərgisində iştirak etmək, seyr etmək sanki Paris şəhərinin 70 illik tarixinə varmaq, həmin şəhərdə baş vermiş dəyişiklikləri, onun memarlıq üslubunu, gözəl yerlərini, bizim hamımıza məlum olan məkanlarını öyrənmək deməkdir: "Əminəm ki, bu gün belə gözəl sərginin keçirilməsi Fransa ilə Azərbaycan arasında qısa məsafənin rəmzidir. Bu, eyni zamanda, xalqlarımız arasında yaxınlaşmanın, münasibətlərin, görüşün və dözümlülüyün nümayiş etdirilməsi üçün gözəl fürsətdir. Sizin xalqınızla görüşməyə tələsən, sizin tarixinizi öyrənməyə, sizin adət-ənənələrinizlə tanış olmağa çalışan Anri Kartye-Bresson sizin şəhərinizə, sizin ölkənizə 40 il öncə səfər etmişdi".
Fotoagentliyin direktoru bildirib ki, A.Kartye-Bresson küçələrlə addımladıqca, seyr etdikcə, danışdıqca həlledici anları öz məşhur leykofotoaparatı ilə yaddaşda saxlayırdı: "Anri Kartye-Bressonun bir kəlamı var idi: "Fotoşəkil çəkmək sanki insanın beynində olan fikirləri, gözü ilə gördüyü mənzərələri və qəlbində duyduğu anları eyni xəttə gətirməkdir". Anri Kartye-Bresson Parisdə həm aktyor, həm bizim həyatımıza şahidlik edən, həm seyr edən, həm jurnalist, həm də adi bir vətəndaş kimi çıxış ediridi".
K.Sakomani vurğulayıb ki, Anri Kartye-Bresson Corc Rocer, Devid Kim Seymur, Robert Kapa ilə birgə nüfuzlu "Magnum" fotoagentliyinin təsisçilərindən biri olub: "Bizim Azərbaycanda olmağımız, fotoşəkil, təhsil və mədəniyyət sahələrində layihələr həyata keçirmək arzumuz, istəyimiz məhz agentliyimizin təsisçilərindən olan Anri Kartye-Bressonun ifadə etdiyi iradənin davamlı olmasından irəli gəlir. Bu yay təhsil proqramı çərçivəsində "YARAT" heyəti ilə, gənc fotoqraflar nəsli ilə birgə işləmək niyyətindəyik. Həmçinin, Bakıda 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarının, gələcəyə doğru inamla addımlayan, zəngin tarix və ənənələrə malik olan bu şəhərin simasını dəyişdirəcək belə bir mühüm idman tədbirinin keçirilməsi üçün hazırlıq işlərini vizual və fotoşəkil baxımından işıqlandırmağı arzulayırıq. Biz və şəxsən mən çox məmnunuq ki, öz gücü və hər bir fotoşəkildə və kompozisiyada hiss olunan dəqiqliyi ilə seçilən və bu keyfiyyətlərə görə "XX əsrin gözü" adlandırılan ən məşhur fransız fotoqrafın ilk sərgisini belə gözəl, belə möhtəşəm məkanda - Bakının Heydər Əliyev Mərkəzində keçiririk".
Sərgidə müəllifin müxtəlif illərdə və fərqli mövzularda lentə aldığı 80-dən çox əsəri nümayiş olunur. Sərgi iyulun 27-dək davam edəcək.
A.Kartye-Bresson 1908-ci ildə Fransanın Şantelup şəhərində doğulub. Onu "fotojurnalistikanın sütunu" adlandırırlar. A.Kartye-Bresson rəssamlıqla da məşğul olub. O, fotoqrafiyada zamanın və "həlledici an"ın roluna böyük əhəmiyyət verib.
"Magnum photos" fotoagentliyinin yaradıcılarından olan A.Kartye-Bresson sadə insanlarla yanaşı, XX əsrin ən mühüm hadisələrini və bir çox məşhurların - İren və Frederik Jolio-Kürilər, Anri Matiss, Alber Kamyu, Pol Valeri, Vilyam Folkner, Trimen Kapote, Xoan Miro, Merilin Manro, Koko Şanel, Jan Pol Sartr və digərlərinin fotolarını lentə alıb.
A.Kartye-Bresson 2004-cü ildə vəfat edib. Hazırda onun əsərləri dünyanın bir çox muzeylərinin kolleksiyalarında saxlanılır.