Əbülfəs Qarayev 5 ölkənin kino xadimlərini qəbul edib
30 sentyabr 2013 14:42 (UTC +04:00)

Əbülfəs Qarayev 5 ölkənin kino xadimlərini qəbul edib

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 90 illik yubileyi ilə bağlı ölkəmizə gələn Ukrayna, Gürcüstan, Latviya, Çexiya, Özbəkistandan olan kino xadimlərini qəbul edib. Lent.az-ın məlumatına görə, Ə. Qarayev bildirib ki, kinostudiyanın 90 illik yubileyi  Azərbaycan kino tarixi üçün əlamətdar hadisədir. Nazir ölkəmizin kino sahəsində digər dövlətlərlə əməkdaşlığını yüksək qiymətləndirib: “Biz qarşılıqlı əməkdaşlıqdan məmnunuq. Kinostudiyanın 90 illiyini dövlət səviyyəsində qeyd edəcəyik. Azərbaycanda kinonun inkişafı üçün dövlət proqramı var və həmin proqramdan irəli gələn məsələlərin həlli üçün çalışırıq. Biz gənclər arasında kino müsabiqələri keçirir və müasir kinonun inkişafında onların potensialından istifadə edirik”.

 

Nazir əlavə edib ki, son illərdə çəkilən filmlər beynəlxalq kino festivallarına dəvət alır və bir sıra filmlər beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib: “Azərbaycanda yeni kinematoqrafçılar ittifaqı fəaliyyətə başlayıb. Bu ittifaq gənclərin çəkdiyi filmlərin nümayişini təşkil edir, kinonun inkişafı üçün bir sıra işlər görüb.

 Biz sənədli, bədii və tarixi filmlər çəkirik. Çalışacağıq ki, bu işləri daha da genişləndirək”.

 

Görüşdə “Özbəkfilm” kinostudiyasının direktoru Fayziraxmon Usmanov, Çexiyanın “Barrandov” studiyasının servis direktoru Petr Tichy və başqaları Əbülfəs Qarayevə, C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmova ölkələri adından kino diskləri və müxtəlif hədiyyələr təqdim ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar