Borçalıda aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib
12 aprel 2015 10:10 (UTC +04:00)

Borçalıda aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Bolnisinin Saraçlı kəndində aprelin 11-də Gürcüstan Aşıqlar Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli Borçalı aşığı Hüseyn Saraçlının xatirə günü keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə Bakıdan, Tiflisdən, Marneulidən, Rustavidən, Qardabanidən və Bolnisinin kəndlərindən gələn aşıqsevərlər, aşıqlar, ziyalılar, şair və jurnalistlər, kənd sakinləri iştirak ediblər. Tədbir başlamamışdan öncə, xatirə gününə toplaşan qonaqlar aşıq Hüseyn Saraçlının qəbrini ziyarət ediblər. Sonra ustad aşığın kəndin mərkəzindəki büstü önündə tədbir iştirakçıları çıxış ediblər. Tədbiri Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu açaraq  aşıq Hüseyn Saraçlının xatirə gününün hər il aprelin 11-də keçirildiyini bildirib: "Bu il artıq 28-ci dəfədir ki, aşıq Hüseyn Saraçlının xatirə gününü qeyd edirik. Bu mənalı xatirə günü hər il aşıqsevərlərin qəlbində ən şirin xatirələrtək özünə yer alır".  Sonra tədbirdə Azərbaycan dilində nəşr olunan "Gürcüstan" qəzetinin redaktoru İslam Əliyev, filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, tədqiqatçı-jurnalist Mirzə Məmmədoğlu, "Salam" Mədəni Xeyriyyə Mərkəzinin sədri Maya Rəcəbova, şairlərdən Nizami Saraçlı, Güllü Tomarova, folklorşünas Zahid Nəsibov və başqaları çıxış edərək  sənətkarın xatirəsini ehtiramla yad ediblər.   
 
 
Tədbirdə qeyd olunub ki, bu il ustadın anadan olduğu 99 ildönümüdür və görkəmli ustad aşıq Borçalı aşıq məktəbini yaradan azman sənətkarlarından biridir. Tədbirdə qeyd olunub ki, görkəmli aşıqın həyat və fəaliyyəti haqqında Gürcüstan televiziyası üçün film də çəkilib. O, Gürcüstanın Əməkdar Mədəniyyət işçisi adına layiq görülüb.
 
 
Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu Lent.az-a çıqlamasında gələn il aşıq Hüseyn Saraçlının 100 illik yubileyinin keçiriləcəyini bildirib. Onun sözlərinə görə, yubileyə hazırlıq üçün Azərbaycan Aşıqlar Birliyinin sədri və xalq şairi Zəlimxan Yaqubun rəhbərliyi ilə təşkilat komitəsi yaradılacaq və yubileyə qədər ustad sənətkar haqqında xatirə kitabı nəşr olunacaq.
 
 
Filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu  bildirib ki, aşıq Hüseyn Saraçlının gələn il keçiriləcək yubileyi öncə Marneuidə, Rustavidə, Tiflisdə və yekun yubileyi Bakıda qeyd olunacaq.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 276
avatar

Oxşar yazılar