Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Fikir şənbəsi" klubunun növbəti toplantısı bu dəfə Azərbaycan Xalçası Muzeyində təşkil edilib. “Fikir şənbəsi”nin üzvləri və qonaqları muzeydə Azərbaycan xalçaçılıq məktəbləri ilə tanış olub, onlar haqqında ətraflı məlumat toplayıblar.
Müasir dizaynı, zəngin eksponatları ilə diqqət çəkən muzeydə yalnız UNESCO-nun qeyri-maddi mədəni irsinə daxil edilmiş xalçaçılıq sənətimizlə deyil, bu sənəti əlləri ilə yaradan insanlarla da tanış olmaq olur. Klubun üzvləri muzeydə Azərbaycan mədəniyyətinin nümunələri – milli geyim, zinət və məişət əşyaları, rəsm əsərləri, digər qiymətli eksponatlara da maraqla tamaşa ediblər. Bələdçinin verdiyi tarixi məlumatlar "Fikir şənbəsi"ni daha da maraqlı edib. Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, müxtəlif universitetlərdə təhsil alan könüllülər, məktəblilər bu səpgili maarifləndirici tədbirlərin tez-tez keçirilməsinə görə Bilik Fonduna təşəkkürlərini bildiriblər.