Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mədəniyyət və Turizm Nazirliyinin “Bölgələrdən paytaxta” adlı layihəsi çərçivəsində Şəkinin qədim və müasir incəsənəti və mədəni irsi təqdim olunub. APA-nın məlumatına görə, tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Şəki rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə keçirilib. Tədbirdə Azərbaycan baş nazirinin müavini Abid Şərifov, Şəki rayon İH rəhbəri Elxan Usubov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri, mədəniyyət və ictimai xadimlər iştirak ediblər.
Məlumata görə, tədbir iştirakçıları bölgənin mətbəxi, yerli xalq sənətkarlarının əl işləri, rayonda fəaliyyət göstərən istehsal müəssisələrinin məhsulları, turizm imkanlarını əks etdirən stendlərlə tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, “Bölgələrdən paytaxta” layihəsinin məqsədi Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini, regionların sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini nümayiş etdirmək və bölgənin turizm imkanlarını təbliğ etməkdir. Vaqif Əliyev ölkənin mədəniyyət mərkəzlərindən biri olan Şəkinin “İpək Yolu” musiqi festivalı kimi beynəlxalq tədbirə ev sahibliyi etdiyini qeyd edib.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qədim və zəngin Şəkinin Azərbaycanın tarixinə və mədəniyyətinə verdiyi töhfələrdən danışıb, Şəkidə turizmin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.
Tədbirdə Şəkinin “Zirvə” xalq instrumental ansamblının müşayiəti konsert proqramı təqdim edilib.
Qeyd edək ki, “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində bu il Lənkəran, Gəncə, İsmayıllı, Şəmkir, Gədəbəy və Abşeron rayonlarının Bakı şəhərində bu tip tədbirləri təşkil ediləcək.