Müasir İncəsənət Muzeyində Nobel mükafatı laureatı, yazıçı Qabriel Qarsiya Markesin anım mərasimi keçirilib. APA-nın məlumatına görə, Kolumbiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan tədbirdə akkreditə olunmuş diplomatik korpusun və yerli Latın Amerikası icmasının nümayəndələri, ədəbiyyat xadimləri iştirak edib.
Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Əssəd Xose Xater bildirib ki, Azərbaycanda Qabriel Qarsiya Markesin oxucuları ilə görüşməkdən məmnundur: "Azərbaycanda Markesin bu qədər sevilməyi, oxunmağı əlbəttə, bizi çox sevindirir. Markesin əsərləri dünyanın 40 dilinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub. Bu gün tədbirdə Markesin dostu, kolumbiyalı fotoqraf Nereonun Qabriel Qarsiya Markesə həsr etdiyi fotosərgi ilə də tanış olacaqsınız və ümid edirəm, bu şəkillər sizdəMarkes haqqında daha dolğun təsəvvür yaradacaq".
Anım mərasimində kolumbiyalı yazıçı Oktavio Eskobar Q. Markesin həyat və yaradıcılığı, müasir Kolumbiya ədəbiyyatı haqqında çıxış edib.