Aprelin 2-dən 8-dək Bakıda gənc ifaçıların “World harmony” beynəlxalq klassik və folklor musiqi müsabiqəsi keçiriləcək.
Müsabiqə MDB iştirakçı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə maliyyə və təşkilati dəstəyilə reallaşacaq.
Baş İdarədən Lent.aza verilən məlumata görə, müsabiqə instrumental solo (fortepiano, simli alətlər, nəfəs və zərb alətləri, xalq çalğı alətləri), vokal (akademik, milli, estrada), rəqs və instrumental ansambllar (klassik və milli), vokal ansambllar (akademik, milli və estrada), xor və rəqs kollektivləri nominasiyaları üzrə təşkil ediləcək. Yarışmada müxtəlif yaş qrupları üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən (Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna) təxminən 300 nəfərə yaxın ifaçı və onlarca kollektivin iştirakı gözlənilir.
Müsabiqənin münsiflər heyəti ölkəmizlə yanaşı, Belarus, Fransa, Gürcüstan, İsrail, Qazaxıstan, Litva, Macarıstan, Rusiya, Ukrayna kimi ölkələrdən dəvət olunmuş görkəmli mütəxəssislərdən ibarətdir. Müsabiqə ərəfəsində dünya şöhrətli peşəkar musiqiçilər tərəfindən fortepiano, vokal, simli, nəfəs alətləri ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.
Aprelin 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Sankt-Peterburq musiqi liseyinin ümumrusiya və beynəlxalq müsabiqə laureatları olan müəllim və şagirdlərinin iştirakı ilə konsert və aprelin 7-də müsabiqə qaliblərinin möhtəşəm qala-konserti, mükafatlandırma mərasimi keçiriləcək. Seçilmiş iştirakçılara hədiyyələr və pul mükafatları təqdim olunacaq.