Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq elmi üzrə fəlsəfə doktoru Aşıq Samirə yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən saz ifaçısı deyib ki, "Kərəm gözəlləməsi" adlı saz havasına klip çəkdirib: "Təvazökarlıqdan uzaq səslənməsin, mən əminəm ki, ərsəyə gətirdiyimiz layihə sözün yaxşı mənasında səs-küysüz ötüşməyəcək. Bu instrumental saz havası Etibar Qasımbəyli tərəfindən aranjeman olunub. Klipi rejissor Ülviyyə Könül və onun komandasına həvalə etdim. Çünki Ülviyyə xanımdan yaxşı heç kim bu klipi ekranlaşdıra bilməzdi. Xoreoqraf Nailə Məmmədzadə saz havasına uyğun rəqs qurdu və mən oğlan rəqqaslarla birlikdə kameralar qarşısına keçib rəqs etdim. Bunu bacarmağımın özü də bir yenilikdir. Klipdəki saç düzümüm və vizajımı Anar Məmmədov etdi. Geyimlərin ideya müəllifi və stilistikası mənə məxsudur. Bu imici Aybəniz Əhmədova ilə birgə tamamladıq. Sonda çəkilişdə yaratdıqları şəraitə görə Mədəniyyət və Turizm nazirliyinə, Dövlət Xalça Muzeyinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".
Qeyd edək ki, operatoru Elmir Süleymanov, montajı Ramiz Hüseynov olan vizual məhsul Dövlət Xalça Muzeyində, Heydər Əliyev mərkəzinin, "Qoşa qala" qapılarının, eləcədə "Qız qalası"nın qarşısında çəkilib. Fotolar Ramil Bakirova məxsusdur.