Almaniyanın Frankfurt-Mayn şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti gecəsi keçirilib.
Heydər Əliyev Fondundan Lent.az-a verilən xəbərə görə, açılış mərasimində çıxış edən Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov bu mədəniyyət gecəsinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən silsilə tədbirlər çərçivəsində təşkil edildiyini bildirib. Səfir ölkəmizin Şərqlə Qərbin qovşağında yerləşməsinin onun mədəniyyət və musiqisində təcəssümü, ölkəmizin dünya musiqisinə verdiyi töhfələr və Azərbaycan xalqının musiqi beşiyi olan Qarabağın qonşu Ermənistanın işğalı altında olması barədə məlumat verib. Pərviz Şahbazov Azərbaycanın ümumi inkişafı, Azərbaycan-Almaniya əlaqələri və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə danışıb.
Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ilin əvvəlində Almaniyaya həyata keçirdiyi iki işgüzar səfərindən söhbət açan səfir bu səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Azərbaycanla Frankfurt-Mayn şəhəri arasında olan əlaqələr haqda məlumat verən səfir yerli sakinləri qarşıda gələn Birinci Avropa Oyunlarını yerində izləmək üçün Bakıya dəvət edib.
Tədbirin aparıcısı Azərbaycan və Almaniya arasındakı tarixi əlaqələr, Azərbaycanda mövcud olan alman irsi, Heydər Əliyev Fondunun ölkə daxilində və digər ölkələrdə mədəni irsin qorunub-saxlanılması, sosial, elm və təhsil sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.
Daha sonra caz musiqi ustaları Elçin Şirinov, Deyv Hamblet və Andrea di Biase ifasında möhtəşəm konsert proqramı təqdim edilib.
Tədbir çərçivəsində, həmçinin “Azərbaycanda alman izləri” adlı fotosərgi nümayiş etdirilib.
Qeyd edək ki, Almaniyada təşkil olunan Azərbaycan mədəniyyət gecəsində 500-dən artıq qonaq iştirak edib. Tədbir iştirakçıları sırasında Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Hessen federal torpağının hökumət və parlament nümayəndələri, Frankfurt-Mayn şəhər bələdiyyəsinin üzvləri, Almaniyada akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri, Almaniyanın ictimai-siyasi, mədəni, elmi dairələri və mətbuat təmsilçiləri olub.