“Ailəmizdə məhəbbət olduğu üçün hər şeyin öhdəsindən gəlmişik. Öz ailəmizdə gördüyüm xoşbəxtliyi övladlarıma və hər kəsə arzu edirəm”. Bu sözləri APA Tv-nin efirində yayımlanan “Kimsən sən” verilişində oğlu Babəkin suallarını cavablandıran aşıq Zülfiyyə deyib:
“Əgər dünya malında gözü olan kimsə varsa, o insan istənilən addımı ata bilər. Pula həris olan qadınlar var ki, həyatda heç nəyə nail ola bilməyiblər. Bu günün 5-10 manatına aldanıb, bütün ömürlərini bada verirlər. Atamın bir sözü var idi, o deyərdi ki, "bu günün bir silləsindən qorxma, bil ki, sabah o vurulmayan bir sillə min silləyə bədəl olar". Əvvəllər bu sözün mənasını anlamırdım. Sonradan aydın oldu ki, sillədən qorxub, günahlarını boynuna yazsan, sabah həyatın bütünlüklə yalandan ibarət olar. Belə həyat kimə lazımdır ki?”
Zülfiyyə xanım ilk dəfə səhnəyə çıxdığı zamandan da söz açıb:
“ İlk dəfə səhnəyə 1986-cı ildə çıxmışam. Müsabiqədə aşıq mahnısı ifa edib, qalib olmuşdum. O zaman bütün qonşular bizə yığılmışdı. Hamı bilirdi ki, mən oxuyacağam. Mən isə utandığımdan qaçmaq istəyirdim. Maraqlı anlar idi, indi də yadıma düşəndə xoş hisslər keçirirəm. Özü də mənim ilk çıxışım Respublika sarayında olub. İndiki Heydər Əliyev adına sarayda. Oğlumun da ilk dərsə getməsi, ilk səhnəyə çıxması yadımdadır. Onun hər bir uğuru məni sevincdən kövrəldib”.