Dinozavrları məhv edən asteroidlə bağlı yeni sirr açıldı
27 iyul 2026 07:45 (UTC +04:00)

Dinozavrları məhv edən asteroidlə bağlı yeni sirr açıldı

0

Beynəlxalq alimlər qrupu 66 milyon il əvvəl dinozavrların kütləvi məhvinə səbəb olan asteroidin indiyədək hesab edildiyindən daha nadir mənşəyə malik olduğunu müəyyən edib.

Lent.az Gazeta.ru-ya istinadən xəbər verir ki, tədqiqatın nəticələri "Science Advances" jurnalında dərc olunub.

Brüssel Azad Universitetinin alimi Filip Klenin rəhbərlik etdiyi tədqiqatçılar dünyanın müxtəlif qitələrində yerləşən beş təbaşir-paleogen (K-Pg) sərhəd geoloji kəsiyindən götürülmüş nümunələrdə nikel izotoplarının tərkibini təhlil ediblər. Araşdırma göstərib ki, sözügedən asteroid nadir rast gəlinən CO tipli karbonlu xondritlərə aid olub. Bu tip meteoritlər Yerə düşən bütün meteoritlərin beş faizindən də azını təşkil edir.

Alimlərin sözlərinə görə, nikel izotoplarının "barmaq izi" məhz Günəş sisteminin xarici hissələrində yüksək temperatur şəraitində formalaşan və kükürd tərkibi olduqca aşağı olan CO tipli xondritlərə uyğun gəlib.

Əldə olunan nəticələr dinozavrların məhvinin səbəbləri ilə bağlı əvvəlki nəzəriyyələrin yenidən qiymətləndirilməsinə imkan yaradır. İndiyədək hesab edilirdi ki, asteroid zərbəsi nəticəsində atmosferə böyük həcmdə kükürd atılıb və bunun yaratdığı turşulu yağışlar kütləvi məhvin əsas səbəblərindən biri olub. Lakin asteroidin kükürd baxımından kasıb olması bu ssenarinin həlledici rol oynamadığını göstərir.

Tədqiqat müəlliflərinin fikrincə, əsas dağıdıcı amil zərbə nəticəsində yaranan xırda toz hissəcikləri olub. Buxarlanan asteroid və Yer qabığından qopan süxurların tozu atmosferə yayılaraq aylarla, hətta illərlə Günəş işığını bloklayıb. Nəticədə isə kəskin soyuma baş verib və təbaşir dövrünün sonundakı "nüvə qışı" effekti yaranıb.

Araşdırma həmçinin göstərib ki, dinozavrların məhvinə səbəb olan səma cismi Günəş sisteminin soyuq xarici bölgələrində formalaşıb, üzvi maddələr və uçucu birləşmələrlə zəngin olub. Alimlərin fikrincə, belə bir cismin Yer ilə toqquşma trayektoriyasına düşməsi son dərəcə nadir hadisə hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar