Bir neçə gündür ki, facebook sosial şəbəkəsində gözəl bir aksiya keçirilir.
Aksiyanın məqsədi – indiyə kimi oxuduğumuz kitabların arasında ən çox sevə bildiyimiz, ruhumuzda və kitab rəfimizdə hər zaman dayanmağa qorunmağa layiq bildiyimiz kitab siyahısını bir-birimizə təqdim etmək oldu.
Hər kəs öz beyninin qidasını hamıyla bölüşməyə çox böyük həvəslə can atdı.
Siyahıda ancaq on əsər adı yazmaq olar deyə, beyin qidalarımızı saxladığımız gözəgörünməz arxivin qapılarını möhkəm-möhkəm bağlayıb sıxmağa məcbur etdik özümüzü.
Çünki bu onluğa düşmək üçün o arxivdən saysız-hesabsız kitablar dil açıb üstümüzə gəldilər.
Mənim siyahım bu idi:
1.Tolstoy. Əsərləri.
2. Feyxtvanger. "İspan balladası".
3. Aziz Nesin. Əsərləri.
4. Pamuk. "Mənim adım qırmızı".
5. F. Saqan. Əsərləri.
6. Templton. "Ümumdünya həyat qanunları"
7. İ. Yefremov. "Afinalı Tais".
8. C. Məmmədquluzadə. Əsərləri.
9. E. Elatlı. "Qan ləkəsi".
10. Mahabharat.
Həvəslə paylaşdım və bir-birini bu virtual aksiyaya dəvət edən dostların siyahılarını da maraqla izləməyə başladım – hər birinə sevinərək.
Burada hal-hazırda mətbuatımızda və ədəbiyyatımızda elə imzaları ilk onluqlarda olan ən müxtəlif imzalardan tutmuş, bu imzaları sevən və sevməyən diqqətli oxuculara qədər çox adamlar iştirak edirdi.
Oxuduğum əsərlərlə yanaşı, oxumadığım əsərlərin adlarını da görmüş oldum və özüm üçün qeyd etdim ki, bir gün mütləq əldə edim.
#bookchallenge-in dadı-duzu damağımızdan getməmiş isə facebooku başqa bir dalğa sarmağa başladı.
Bu, adəti üzrə, inamsızlar və narazılar kateqoriyası idi.
Müxtəlif statusları bu fakir bəzəyirdi : “Niyə bizim yazarlar bizim yazarları bəyənməyiblər və siyahıya salmayıblar, heç siyahıda yazdıqlarını da oxumayıblar, eləcə ağıllı görünmək istəyirlər, amma özləri heç nədir” və s. və i.a.
Bu cür çıxışları edənlər əslində özləri bizi oxumayanlardır.
Oxusalar da, ya facebookda keçidini paylaşdığımız hansısa köşə yazımıza göz gəzdirməklə, ya da elə həmin sosial şəbəkədəki status və fotolarımızla qalıb imzamız yaddaşlarının dumanlığında.
Və bu inamsızlar və narazılar kateqoriyasından olanlar #bookchallenge-in bütün mahiyyətini və ləzzətini bir-bir statuslarında yerə yıxıb sürüdülər, indiki dövrdə kitaba, mütaliəyə olan marağın, qiymətin bu ən ağrılı məqamında hal-hazırda beyin baqajını ortaya qoyub hamı ilə bölüşən yazarlarımızı bir daha ruhdan salmaqdan çəkinmədilər.
Halbuki, qaba olub üstlərinə getmək olardı: “Sən ancaq hansısa milli Məlikməmmədi oxumusan deyə, mən o boyda Feyxtvangeri görməzdən gəlməliyəm? Tək suçum – sənin onu tanımamağındır? Ya hələ ki belə bir beynin bizim ədəbiyyatda da olmaması, olanda da həmən qarğabeyinlər tərəfindən dimdiklənib məhv edilməsi?”
Amma üstlərinə getməzdən öncə susub, düşünməyə dəyər.
Niyə Feyxtvangerin ölkəsində bizim yazarlarımızın adını çəkən yoxdur görəsən?
Niyə Markes Azərbaycan ədəbiyyatının dadına baxmamış öldü getdi yer üzündən?
Niyə burnumuzu yuxarı qaldırıb bəyənmədən göz süzdüyümüz, az qala manıs yazıçı saydığımız Koelyo bizim yazdığımız romanların təsirindən katarsisə uğramır, qələmini qırıb atmır?
Axı “filankəs acından öldü” xəbərinə gülüb “varıydı ki yemədi?” lağlağısını qoşan bizik, o biz ki, öz beynimizi Hüqo ilə qidalandırıb, öz oxucumuza Hüqonun suyunun suyunu belə təqdim etməmişik, etmirik, oxucumuz da inanır ki, etməyəcəyik.
Bu, kababı yeyib, sümüyü itə atmağa bənzəyir, kobud misal olsa da.
Və həmin o inamsızlar və narazılar kateqoriyasından fərqli olaraq, mən inanıram bizim yazarlarımızın məhz oxuduqları əsərlərin adlarını o siyahıda təqdim etmələrinə, yalandan özlərini ağıllı göstərmək xatirinə bu aksiyada olmadıqlarına.
Elə inandığım üçün də inamsız və narazılar kateqoriyasına məğlub oluram…
***
Bir neçə ilin söhbətidir.
Yerli nəşriyyatlardan biri gözəl bir ideya düşünmüşdü məktəb yaşlı uşaqlar üçün.
Dünya ədəbiyyatı seriyasından şedevrləri ixtisarla eyni bir seriyanın içində çap edirdi və mən də həmin seriyadan demək olar ki doxsan faiz kitabı əldə edib uşaqlarıma bağışlamışdım.
Bir dəfə həmin kitabları aldığım mağazada evimizdə olmayan və oxumadığımız bir kitab görmədim deyə, uşaqların yanına əliboş dönməmək üçün eləcə Azərbaycan çağdaş yazıçılarından birinin uşaqlar üçün yazdığı hekayələr kitabını aldım.
Evdə məni elə bir coşquyla qarşıladılar ki!
Amma…
Elə həmin günün axşamı mən üzümə dikilən üç cüt inamsız və narazı baxış gördüm.
Səbəbini soruşdum.
Aldığım kitabı qarşıma qoydular:
“Bir də bizə Azərbaycan yazıçısının yazdığı kitabı alma, sən heç bilirsən orda necə axmaq hekayələr yazıb? Adam iki cümlə oxuyub kitabı həyətə atmaq istəyir!”
Kitabı vərəqləyib ordan-burdan oxudum, sonra bütöv bir hekayə oxudum.
Və beynim bulandı.
Uşaqlarımı anladım.
Dünya şedevrlərinin dadını sevmiş beyinlər bu cılız məhəlli beynin ifraz etdiyi makulatura ədəbiyyatını qəbul edə bilməzdi, sevməzdi.
Və bu cılız hekayələrin fonunda əlbəttə ki, bütün azərbaycanlı yazıçıların imzaları qara siyahıya düşmüşdü mənim övladlarım üçün.
Mən onları sonradan öz ədəbiyyatımızın keçmişdə olan uğurlu səhifələri ilə əlbəttə ki tanış etdim, indi də yaşlarına görə oxuduqları mətnə dəyər vermək bacarıqlarına sevinirəm.
Amma onlar böyüyürlər və sabah onların yaşıdları mənim yaşıdlarımın potünsial oxucuları olacaq.
Biz bu cür beyinlərin qarşısına indi yazdıqlarımızla çıxmalı olacağıq.
Və…
Və onların, o yeni nəslin #bookchallenge onluğunda kimlərin adları olacaq, artıq özümüzdən asılıdır.
Özümüzdən asılı olan hər şeyə görə isə özümüzdən küsməliyik deyəsən…