Martın 1-də “Art club” restoran qalereyasında fotoqraf Mehriban Atakişiyevanın ilk fərdi sərgisi açılıb.
Lent.az -ın verdiyi xəbərə görə, portet janrında fotoların yer aldığı sərgidə tanınmış fotoqraflar, sənət adamları iştirak edib.
Tədbiri giriş sözü ilə müəllifin özü açaraq qonaqları salamlayıb və tədbir haqqında məlumat verib. “Bu sərgini bahar bayramı, qadınlar bayramı ərəfəsində gözəlliyindən ilham aldığım xanımlara həsr etdim”, – deyə o, sərginin ideyasını açıqlayıb.
“Bahar əhvalı” adlanan sərgi xanımlara həsr olunub. 45 fotodan ibarət fotolayihəyə müxtəlif peşələrdə çalışan doqquz qəhrəman seçilib. Onların arasında aktrisa Şükufə Yusupova, rəssam Yelena Haqverdiyeva, pedaqoq Rüxsarə Rəsulova, rəssam Liana Vəzirova həkim Yeganə Abbasova var. 50 yaşı adlamış qadınların gözəlliyini, özünə inamını və sevgi dolu olmasını vurğulamaq istəyən fotoqraf bu fotolayihəyə onlardan ilhamlanaraq başladığını söyləyib.
Fotosərgi mart ayının 4-dək davam edəcək.