“Portretlərin melodiyası”
16 may 2013 18:00 (UTC +04:00)

“Portretlərin melodiyası”

Qəbələ yaz çiskinində akvarellə çəkilmiş əsəri xatırladır. Yaşıl duman kimi dağları örtən yaz yuxusu səmanın maviliyinə qarışaraq, sulu boyanın ağ vərəq üzərində yaratdığı obrazlara bənzəyir. Maşının islanmış şüşələrindən yağışın sehirli musiqisini dinləmək və bu qədim torpağın mənzərələrini seyr etmək xoşdur. Dünyanın elə nöqtələri var ki, orda keşmişlə gələcək görüşür. Bu görüş, yer üzündə yaşayan insanlara həyatın nə qədər sirli olduğunu, zamanın nə qədər kəsişən nöqtələrdən keçib- getdiyini anladır. Onu da anladır ki, qədim mədəniyyətlər gələcəyin insanına ünvanlanmış bir düşüncə toplusudur. Artıq üçüncü dəfədir ki, SEBA (Seul- Bakı) Azərbaycan - Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Azərbaycan Mədəniyyəti  fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən beynəlxalq incəsənət sərgisi bu ali həqiqəti bir daha insanların yadına salır. Dünyanın 23 ölkəsindən gələn rəssamlar qədim Albaniyanın paytaxtına müasir dünyanın nəfəsini gətirmişdilər. Bu sərginin maraqlı bir adı var: “ Portretlərin melodiyası”.

 

Hər bir insanın simasında zamanın portretini görmək, musiqisini eşitmək olar. Elə insanlar var ki, onlar zamanın simasına çevrilirlər. Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan bu sərgi məhz belə adlanır. Sərgi ilə bağlı albomun ilk səhifəsində də ulu öndərin bir fikri yer alıb: “Görkəmli şəxsiyyətlər xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirirlər”.

 

Bu gözəl may günlərinin sirli- sehirli Qəbələ torpağına gətirdiyi poetik ovqat, müxtəlif ölkələrdən gələn və fərqli düşüncələrin yaratdığı əsərlərin xoş ab- havasına qarışmışdı. Təsvirin melodiyası dillərin, düşüncələrin hüdudlarını aşıb keçmişdi. Əgər insanlar bir- biri ilə tərcüməçinin köməyi ilə danışırdılarsa, əsərlərlə böyük sənətin dili ilə ünsiyyət qururdular. Yəqin ki, sərgiyə tamaşa edənlər də elə bu cür düşünürdü. Sərginin açılış mərasimində YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri, Azərbaycan Mədəniyyəti  Fondunun Prezidenti Mehriban xanım Əliyevanın tədbir iştirakçılarına ünvanlanmış məktubu da elə bu düşüncələrdən söz açırdı: “Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan da tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərir. Elə SEBA (Seul- Bakı) Azərbaycan- Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz xanım Heydərova da öz çıxışında mədəniyyətlərin dialoquna rəvac verən bu sərginin əhəmiyyətindən danışdı: “ Ümid edirəm ki, sərgi iştirakçıları öz əlvanlığı ilə diqqəti cəlb edən və geniş diapazona malik əsərləri ilə mənsub olduqları xalqların mənəvi dünyası, onların malik olduğu fərqli mədəniyyəti bizlərə tanıdacaqlar”.

 

Dünyanı tanımaq üçün bəzən çərçivələrin mücərrəd hüdudlarından kənara çıxamaq istəyən rənglərə baxmaq kifayətdir. Görmək ani bir məqamı yaddaşda qoruyub saxlamaqdır. Tanımaq isə onun dərinlyini və incəliyini müşahidə etməkdir. Duymaq, qavramaq, görmək ilə bilmək arasındakı məsafəyə sığır. Sərgidə nümayiş olunan Tinatin Sanikidzenin “Tita” əsəri, elə bil, bu məqamı daha qabarıq üzə çıxarır. Balaca, məsum bir qız ətrafındakılara əli ilə toxunaraq, ona maraqlı olan dünyanın reallığını hiss edir. Rəssam deyir ki, bu əsəri yaratmağa məni balaca qızım, hər rəsmə toxunmaq istəyi- yəni gerçəklik ilə ünsiyyət bu ən sadə yola ruhlandırdı. Tanımaq, melodiyanın cizgilərini görmək, bunu həyat, əbədiyyət, kainat ilə əlaqələndirmək istedadlı adam üçün universal qanunları yenidən kəşf etməkdir. İtaliyan rəssam Rafaello Losapionun “Kosmik saksafon simfoniyası” əsərindəki varlığı tanıdan musiqini yəqin elə uşaq qəlbinin təmizliyi ilə eşitmək olar. Bəlkə bu düşüncələrimi diqqətimi çəkən daha bir əsərin dili ilə ifadə edim. Koreyalı rəssam Vu Hyun Limin “İndi XI”  adlı əsərindəki qızcığazın portreti adamı, sanki ovsunlayır. Qız gülləri kəpənəklərin əlindən qoparıb gizlətmək istəyir. Əslində, bu zərif qız da, güllər də, kəpənəklər də bir- birindən seçilmir. Varlığın əzəli sirri və melodiyasını bu məsum qızcığazın üz- gözündəki hər cizgidən oxumaq olur. Düşünürsən ki, elə bil may günü Qəbələnin gözəl təbiəti qoynunda koreyalı qızcığaza oxşayan bir qız da var. O, hardasa çiçəklərlə, kəpənəklərlə bu kosmik ahəngin bir parçasına çevrilib. Uzaq Koreyada da, Azərbaycanda da bu işıqlı və parlaq məqamlar eyniyyət təşkil edir.

 

Azərbaycanlı rəssam Ədalət Qaranın “Azərbaycan təranələri” adlı əsərində bir cüt gözəl xanımın sakit və işıqlı baxışları da məgər elə onun koreyalı həmkarının fikrini tamamlamır? O, bu əsərində melodiyanın insanlara bəxş etdiyi xoşbəxtlik duyğusunu ecazkar boyalarla təsvir edir. Bu metafora dərin bir düşüncənin zaman boyu səyahət etməyinə işarədir. Bu əsərə baxanda məşhur bir fikri xatırladım: gözə görünməyən rəng daima hərəkətdədir.

 

Sərgidə mükafata layiq görülən yaponiyalı rəssam İvasaki Nagi ilə həmsöhbət oluruq. Onun “Sado gəmisi. Bütün insanlar üçün “Guggenheym” əsəri çox maraqla qarşılanır. O, belə bir mötəbər tədbirdə mükafat aldığı üçün çox sevinir. Deyir ki, yaratdığı əsərin əsas ideyası incəsənətin bütün xalqları birləşdirə biləcəyinə bir ümiddir. “ Elə bu ümid məni Qəbələyə gətirib çıxarıb. Bu cür gözəl torpağı və onun insanlarını tanımışam. Üstəlik də, Öz ideyamın mükafatla qarşlandığından məmnunam. Heydər Əliyev kimi “dünyanı mədəniyyət xilas edəcək” ideyasına dərindən ümid bəsləyən görkəmli bir siyasətçinin yubileyinə həsr olunmuş sərgidə mükafata layiq görülməyim mənə ikiqat sevinc gətirir. Mən Qəbələni tanıdım və Azərbaycanı sevdim”.

 

Bu gənc rəssamın bir az çılğın, bir az da lirik duyğularına görkəmli fırça ustası Tahir Salahovun müdrik və təmkinli səsi qatılır: “ artıq Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi tanınan Qəbələdə belə sərgilərin silsilə şəklində keçirilməsi çox sevindiricidir. Əminəm ki, müxtəlif ölkələrdən vətənimizə təşrif buyuran rəssamlarla azərbaycanlı rəssamlar arasındakı mədəniyyət mübadiləsi daha da inkişaf edəcək və Qəbələnin gözəl təbiəti, tarixi yerləri rəssamları möhtəşəm əsərlər yaratmağa ruhlandıracaq”. Doğrudan da, Tahir müəllimin bu sözləri məndə bir fikir yaratdı: bəzən insanlar təbiətin poetik vəsfinə elə alışırlar ki, artıq ona heyrətlənməyi sanki sənətkarların öhdəsinə buraxırlar. Görünür, elə belə də olmalıdır. Çünki yaşadığımız həyatın da, təbiətin də gözəlliyini zaman- zaman böyük sənətkarlar tərənnüm edib.

 

Qəbələdə olduğumuz bir neçə gündə diqqətimi çəkən məqamlar çox oldu. İyirmi üç ölkənin nümayəndələri ilə tarix- diyarşünaslıq muzeyində, bu qədim torpağın, tarixin sirli səhifələrinə həkk olunmuş böyük bir mədəniyyətin nişanələrinə tamaşa etdikcə, anlamaq istədim ki, bunları ilk dəfə görən insanlar hansı hissləri keçirir. Bəşər özünü və mədəniyyətini qorumağı bacarmalıdır. O, keçmişini gələcəyinə xatir olaraq yaşatmağı düşünməlidir. Bu rəssamların hər birisi üçün qədim Albaniyanın madidi- mədəniyyət nümunələrinə göz yetirmək, burada yaşayan insanların mənəvi ucalığını dərk etməyidir. Bu danışan keçmişlə yanaşı müasir Qəbələnin modern tikililəri fonunda bir möhtəşəm konsert də baş tutdu. Tanınmış sənətçilər- Fidan və Xuraman Qasımova bacılarının, Afaq Məlikovanın rəhbərliyi altında Dövlət Rəqs Ansamblının çıxışları daha böyük alqışlarla qarşılandı. Sonra “Portretlərin melodiyası”nə “Beltmann” piano fabrikində müxtəlif dillərdə səslənən musiqi ilə yeni bir çalar əlavə olundu.

 

Qəbələ dünya sənətçilərinə bir yaz sevinci bağışladı. Bu yamyaşıl dağların, bu masmavi səmanın rəngindən, gözəlliyindən hərənin qəlbinə bir ovuc işıq hopacaq. Sonra, kim bilir, bu işıq dünyanın hansı ölkəsində, hansı rəssamın kətanında parıldayacaq və Azərbaycan melodiyasının portretinə çevriləcək.                 

 

  Nigar Mənsimli

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377
avatar

Oxşar yazılar