Xədicə Abbasova: “Qapı-pəncərə sexim var, onunla dolanıram”
O, ötən əsrin sonlarında həyat yoldaşı, mərhum bəstəkar Emin Sabitoğlu ilə Türkiyəyə köçmüşdü. Qardaş ölkədə bir müddət ingilis dili müəllimi kimi çalışmışdı. E. Sabitoğlunun vəfatından sonra bir müddət bizneslə məşğul olmağa başladı...
Deyəsən, çox uzatdıq. Söhbət bir zamanların tanınmış müğənnisi Xədicə Abbasovadan gedir. Lent.az-ın müxbiri Xədicə xanımla görüşüb, ondan müsahibə alıb.
- Gəlişimdən necə xəbər tutmağınız məni hələ də düşündürür. (Gülür) Mən həmişə Bakıya gizli gəlib, gizli getmişəm, mediadan gizlənməyə çalışmışam. Amma bu dəfə sizdən qaça bilmədim. Bakıya gəlişim xeyir işlə bağlıdır. Bacım qızı ailə həyatı qurur. Toya gəlmişəm, bu ayın 25-i Türkiyəyə qayıdıram. Çünki, Noyabrın 2-i Eminin doğum gününü qeyd edəcəyik, ona hazırlaşmalıyam.
- Xeyli müddətdir Bakıda yox idiniz. Bakı dəyişibmi?
- İnanın, hava limanından şəhərə gəldiyim zaman, türklər demişkən, “şaşırdım”, Bakını tanıya bilmədim. O qədər gözəl dəyişib ki...Şəhər inanılmaz qədər müasirləşib.
- Bakıda ilk əvvəl kimi görmək istədiniz?
- (Bir az düşünür) Yaxşı sual oldu. Kimi görmək istədim? Sözsüz ki Emin Sabitoğlunu görmək istəyərdim... Amma artıq bu dünyada deyil. Ondan yadigar qalan iki baldızımı, Gültəkin və Afət xanımı görmək istədim. Artıq bu gün Afətlə görüşdüm, Gültəkin isə evdə xəstə yatır. Onu da görməyə gedəcəm.
- Deyəsən Emin müəllimin itkisi ilə hələ də barışa bilmirsiz...
- Hə. Hələ də barışa bilmirəm. Onu unuda bilmirəm. O, bir xəyal idi. Şirin bir röya idi, məndən getdi. Həyatıma gəldi və getdi. Bəzən evdə özümlə baş-başa qaldığım anlarda Eminlə keçirdiyim xoş günləri xəyal edib, sevinirəm. O anları düşünmək belə məni xoşbəxt edir... Mahnılarını oxuyuram, amma ifamın ardını gətirə bilmirəm. Çünki, onsuz çətindir.
- İfadan söz düşmüşkən, niyə oxumursuz? Bəlkə Emin müəllimin ruhunu şad etmək üçün yenidən səhnədə görünəsiz?
- Bilirsiniz, bəzən istəyirəm ki, mahnılar ifa edəm, səhnəyə çıxam, tamaşaçılar məni alqışlasın. Amma bunu etmək üçün özümdə güc tapmamışam. Bəlkə mahnılar oxuyub, səhnəyə çıxsam, onun ruhu daha da rahat olar. Yenidən ifaçılığa qayıtmağım barədə nəsə deyə bilmərəm. Çünki, məni Emin kimi duyan bəstəkar olmalıdır. Hələ çoxdandır ifa etdiyim “Mən niyə baxıram yollara” mahnımı “youtube” kanalına yerləşdirə bilmirəm.
- Xədicə xanım, daha çox “Payız gəldi” mahnısı ilə tanındınız. Bu mahnıdan söz açardınız...
- Sözün düzü məni əksər insanlar o mahnı ilə tanısa da, “Payız gəldi” məhz mənim üçün yazılmamışdı. Lakin ifa etdim, mahnı zamanla sevildi. Amma “Mən sizə gələcəm” mahnım da az sevilmədi.
- İfaçılıq fəaliyyətini davam etdirə-etdirə Türkiyədə ingilis dili müəlliməsi kimi də fəaliyyət göstərirdiniz. Bildiyimiz qədər ilə artıq müəllimlik etmirsiz...
- Doğru qeyd etdiniz. Artıq öz biznesimi qurmuşam. Qapı-pəncərə hazırlanan sexim var. Qazanc yerim oradır. Nə qədər qəribə olsa da, sizin tanıdığınız Xədicə artıq nə müğənnilikdən, nə də müəlliməlikdən pul qazanmır.