"Bismişah, Allah-Allah, Hüü..."
Bu sözləri çoxumuz ilk dəfə son illərin ən qalmaqallı ekran əsəri olan “Möhtəşəm yüz il” serialından eşitdik. Yayıma başladığı ilk gündən tarixçilərlə serialın ssenari müəllifləri arasında yaranmış fikir ayrılıqları serialın adından tutmuş, müxtəlif səhnələrə, hadisələrin işıqlandırılmasına qədər uzandı. Təqdim edilən səhnələrdə tarixin təhrif olunması, iştirakçıların geyimləri, ssenari müəlliflərinin etdiyi əlavələrin Osmanlı tarixinə və Sultan Süleymanın nüfuzuna zərbə vurulduğu qənaətindədirlər. Tarixçilərin üzərində inadla dayandıqları digər bir məqam isə filmdə Osmanlı şahzadələrinin qılınc qurşama mərasimi və orada şahzadənin səsləndirdiyi anddır.
Qılınc qurşama
Osmanlılarda qılınc qurşama mərasimi taxta çıxma mərasimləri arasında ən vacib məqamlardan biridir. Bəzi tarixçilər iddia edirlər ki, bu ənənənin kökü Osmanlı xanədanından daha əvvəlki dövrlərə qədər gedir. İslam dünyasında ilk olaraq Abbasilər dövründə siyasi nüfuzlarını itirib dini qüdrətlərini qoruyub saxlamağa çalışdıqları zamanlarda xəlifələr tərəfindən müsəlman ölkələrinin hökmdarlarına, onların hakimiyyətlərini təsdiq etmək mənasında bəzəkli, işləməli qılınclar göndərilərdi. Xüsusi bir mərasimlə xilafət məqamından gələn bu qılıncı qurşanan hökmdarlar İslam aləmində qanuni status qazanırdı. Səlcuqlarda da izinə rast gəlinən bu adət tədricən Osmanoğullarına keçib. Belə ki, Osman Qazi bizanslı yerli hakimlərlə vuruşmalarda ard-arda qazandığı qələbələrdən sonra Anadolu Səlcuqlu Sultanından xeyli qiymətli hədiyyələr də almışdı ki, bu hədiyyələrin arasında qılınc da vardı. Bununla belə, Osmanlı tarixində qılınc qurşanan ilk sultanın İldırım Bəyazid olması haqqında məlumatlar var.
1396-cı ildə xaçlılarla qalibiyyətli döyüşdən sonra İldırım Bəyazid Qahirədəki Abbasi xəlifəsinə qiymətli hədiyyələr yollamış, xəlifə əl-Mütəvəkkil isə bunun qarşılığında Bəyazidi “Rum diyarının sultanı” adlandırmış və ona hökmranlığını simvolizə edən qılınc da göndərmişdi. İldırım Bəyazid də bu qılıncı kürəkəni və nüfuzlu din xadimi olan Əmir Sultanın əlindən qurşamışdı. İldırım Bəyazidin nəvəsi olan II Murad da Əmir Sultanın əlindən 18 yaşında qılınc qurşanaraq taxta çıxıb. Amma Osmanlıda digər başqa sahələrdə olduğu kimi, qılınc qurşama mərasiminin də qaydalarını Fateh Sultan
Mehmet müəyyən edib. İstanbul fatehi Sultan II Mehmet fəthdən əvvəl ustadı Ağşəmsəddinin əlindən qılınc qurşanıb. Osmanlı sultanları bu mərasimin İstanbulda Əyyub Sultan camesində həyata kecirirdilər. II Əhməd, II Mustafa, III Əhməd Ədirnədə taxta çıxdıqları üçün II Muradın əmri ilə burada inşa olunan Əski camedə qılınc qurşamışlar. Bu sultanlardan II Mustafa Ədirnədən sonra İstanbulda da ikinci dəfə qılınc
qurşayıb. Yavuz Sultan Səlim dövründə və ondan sonra xilafətin və müqəddəs əmanətlərin İstanbula gətirilməsi nəticəsində bu ənənə daha da sistemli hal aldı. XVII əsrin əvvəlində I Əhmədin hakimiyyəti dövründə “səltənət haqqının bir əlaməti” kimi
rəsmi protokola daxil edildi. Bu vaxta qədər qılınc qurşama mərasimində padşahlar dəniz yolu ilə Əyyub Sultan məscidinə gedib, quru yolu ilə Topqapı sarayına dönürdülər. Geri dönərkən də Yavuz Sultan Səlim, Fateh Sultan Mehmet, Qanuni Sultan Süleyman və II Bəyazidin türbələrini ziyarət etmələri adət idi. I Əhməddən sonra isə padşahlar ancaq Fateh Sultan Mehmetin məzarını ziyarət edib saraya dönüblər. Qeyd etdiyimiz kimi,
padşahların qılınc qurşamağa gedərkən dəniz yolu, qayıdarkən isə xalqa, dost-düşmənə ehtişamını nümayiş etdirmək üçün quru yolu seçməsi adət idi. Padşahlar əsasən ilk cümə namazlarına çıxmadan əvvəl qılınc qurşayırdılar. Mərasim üçün hökmdar Topqapı sarayından çıxaraq sahildəki Sinan Paşa sarayına gəlir, oradan da saray əyanlarının müşaiyəti ilə qayıqla Əyyub Sultan məscidinə doğru istiqamət götürərdi. Sultana kimin qılınc qurşayacağı da müxtəlif vaxtlarda fərqlənirdi. Bu şəxs şeyxülislam, padşahın ustadı, hökmdarın mənsub olduğu təriqətin şeyxi olardı. Padşahlar bəzən biri dünyəvi, digəri dini hakimiyyəti təmsil edən iki qılınc qurşayırdılar. Bu zaman dini dəyəri olan qılınc üləmadan, siyasi iqtidarı təmsil edən qılınc isə əsgərlərdən (yeniçəri başçısı) bir vəzifəli şəxs tərəfindən qurşanırdı. Dini gücü simvolizə edən qılınc əsasən Məhəmməd peyğəmbərin (s.) və ya səhabələrdən Həzrət Ömər (r.a), Həzrət Əbubəkr (r.a) və Xalid bin Vəlidin (r.a) qılıncları, dünyəvi güc üçün isə daha çox Osman Qazi, Fateh Sultan Mehmet, Yavuz Sultan Səlim, Qanuni Sultan Süleymanın qılıncları qurşanırdı. Padşahların qılınc qurşama mərasimlərində müəyyən maraqlı məqamlar da ortaya çıxırdı. Bu mərasimlə bəzən padşahlar ətrafa müəyyən mesajlar da verirdilər. Məsələn IV Murad mərasim zamanı Məhəmməd peyğəmbərlə (s) yanaşı Yavuz Sultan Səlimin də qılıncını qurşamışdı. Əgər qılınc hansısa bir təriqətin böyüyünün əlindən qurşanılarsa o təriqətin paytaxtda və bütün Osmanlıdakı gücünü və nüfuzunu göstərirdi. Osmanlı hökmdarlarının əksəriyyəti mövləvi olsalar da, bəzi dönəmlərdə müxtəlif təriqətlərin önə
çıxdığı görülməkdədir. Məsələn, IV Murad qılınc qurşama mərasimi zamanı qılıncı “Celvetiyye” təriqətinin şeyxi üsküdarlı Əziz Mahmud Xudai, son padşah Vahiddədinə isə “Sənusi” təqriqətinin şeyxi Əhməd Sənusi Həzrət Ömərin qılıncını qurşamışdı.
Bismişah...
Qılınc qurşama mərasiminin qısa tarixçəsinə nəzər saldıqda görünür ki, bu ənənə ilə bağlı tarixçilərin söylədikləri iradlar haqlıdır. Belə ki, heç bir mənbədə şahzadələrin sancağa (vilayətə) vali təyin olunarkən qılınc qurşamaları haqqında məlumat yoxdur. Qılınc qurşama mərasimi ancaq hökmdarların taxta çıxışı zamanı həyata keçirilib. Bu mərasim ancaq hökmdarlara məxsusdur və yalnız Əyyub Sultan camesində icra edilib. Tarixçilərin üzərində inadla dayandıqları digər bir məqam isə filmdə Osmanlı şahzadələrinin qılınc qurşama mərasimi zamanı səsləndirdikləri anddır. Bəzi fikirlərə görə bu and Sultan Səlim dövrünə qədər olub, sonralar ləğv edilib. Əgər bu fikir doğrudursa bu, Osmanlı dövlətində Bektaşi təriqətinin yüksək nüfuza malik olduğunu göstərir. Lakin şahzadə, yeniçəri və hökmdarın birlikdə söylədikləri bu and mənbələrdə “Türkmən andı” kimi qeyd olunsa da, onun qılınc qurşama mərasimində səsləndirilməsinə dair heç bir fakt, məlumat yoxdur. Tarixçi alimlər isə iddia edirlər ki, belə bir andın səslənməsi tamamilə ssenari müəlliflərinin təxəyyülünün məhsuludur və Osmanlı dövlətinin dini əsaslarına ziddir. Belə ki, bu andda Həzrət Məhəmmədin (s.) katibi və qaynı Müaviyəyə açıq-açığına həqarət olunur. Osmanlı dövləti əhli-sünnə etiqadına əsaslanan dövlət olduğu üçün Müaviyə bəlli ehtiramla anılır, onun adı, “Yezidin atası” mənasına gələn “Ebayazid”- sonradan “Bəyazid” adı da şahzadələrə verilib. Bu mənada Müaviyəyə xitabən:
...Ey Muaviyə ummeti, ey düşman-ı Muhammedi,
Siz küfrani, biz şükrani, Siz bitaraf, biz bitaraf...
müraciətinin o dövrdə səsləndirilməsi mümkün deyil.
Çünki Sultan Süleyman dönəmində Bektaşi təkkələrində əhli-sünnə əleyhinə fikirlər formalaşmamışdı və belə bir mövqe də yox idi. “Bismişah”la başlayan Gülbankın (and) sözləri, andın mənası və dini əhəmiyyəti xüsusi bir araşdırma mövzusu olsa da, qısa olaraq deyək ki, bu andda ələvilər Əli ibn Əbutalibin (ə) yüksək məqamını vurğulayır, dualarına Həzrət Əlinin (ə) adıyla başlayırlar. Sufi, bektaşi və ələvi düşüncəsində “b” hərfi müqəddəs məna kəsb edir. Həzrət Əli (ə): “Quranda nə varsa “Fatihə”-də, “Fatihə”də nə varsa “bəsmələ”də, “bəsmələ”də nə varsa “b” hərfində, “b” hərfində nə varsa altındakı nöqtdədir”,-deyir. Təsəvvüfçülər də “b”-nin Məhəmməd peyğəmbər (s),
altındakı nöqtənin də Həzrət Əli (ə) olduğu fəlsəfəsinə söykənirlər. Bu fikir o zamankı Azərbaycan ədəbiyyatında, dini düşüncəsində və fəlsəfi baxışlarında da özünü göstərir. Qüdrətli hökmdar Şah İsmayıl Xətainin:
“Bismişah” dedim başladım işimə,
Həm şahımsan, həm dərgahımsan, ya Əli...
misraları buna əyani sübutdur. Bununla belə, filmin ssenari müəlliflərinin tarixçi alimlərlə
məsləhətləşmələr aparmadan, arxiv materiallarından istifadə etmədən belə ciddi tarixi təhriflərə yol vermələri, dövlətin tarixinə, keçmişinə, nüfuzuna böyük zərbə kimi qiymətləndirilə bilər. Müəlliflərin bu mövqeyi, məqsədi, filmin böyük təbliğat vasitəsi olduğunu və Osmanlı tarixi haqqında bu filmdən az-çox məlumat almaq istəyənlərin necə yanlış istiqamətləndirildiyinin fərqində olub-olmamaları sual olaraq qalmaqdadır...